ƏDV-nin hesablanmasında yaranan problemlər və həlli yolları

posted in: Xəbər | 0

01 yanvar 2022-ci ildən Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən 164.1.7-ci maddə yeni redaksiyada verilmişdir. Belə ki, yeni dəyişikliyə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən kütləvi informasiya vasitələri məhsullarının və kitabların (elektron kitablar istisna olmaqla), habelə dərslik komplektlərinin idxalı və satışı, həmin malların (məhsulların) istehsalı (nəşri) ilə bağlı rulon və ya vərəqə şəklində kağızın idxalı və satışı ƏDV-dən azad edilmişdir.

Lakin qeyd edilən maddənin tətbiqi zamanı bir sıra məqamlara aydınlıq gətirmək zərurəti yaranır. Belə ki, idxal olunan rulon və ya vərəqə şəklində kağızın satışı ƏDV-dən azad olan məhsullar üçün istifadə edilib-edilməməsi və bu zaman ƏDV-nin necə hesablanması sual doğurur. Eləcə də, kitabların istehsalı üçün rulon şəklində kağızın satışı üzrə 2021-ci ildə ƏDV ilə alınmış avans məbləğlərinə görə 2022-ci ildə rulon şəklində həmin kağız satıldıqda ƏDV necə hesablanmalıdır?

Qeyd etmək lazımdır ki, idxal zamanı gömrük rəsmiləşdirilməsi zamanı kitab istehsalı üçün nəzərdə tutulan kağızın dəyərinə ƏDV hesablanmışdırsa və əvəzləşdirilmişdirsə, VM-nin 175.4-cü maddəsinə əsasən alışı və satışı ƏDV-dən azad olan əməliyyatların uçotu ayrıca aparıldığı təqdirdə 2022-ci ildə əməliyyatın xarakteri dəyişdiyindən təqdimetmə zamanı VM-nin 163-cü maddəsinə əsasən həmin əməliyyatlar üzrə ƏDV-nin əvəzləşdirilməsi bərpa edilərək büdcəyə hesablanmalıdır. Kitab istehsal edildikdə isə siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş və satışı ƏDV-dən azad edilən məhsulların ümumi istehsal edilən kitab məhsullarının satış dövriyyəsinə nisbətdə xüsusi çəkisinə görə ƏDV hesablanacaqdır. Aşağıdakı nümunəyə nəzərə yetirək:

A MMC 2021-ci ildə kitab istehsalı üçün kağız satışı üzrə əvvəlcədən ƏDV ilə birlikdə (ƏDV depozit hesaba ödənilməklə) 23600 manat avans almışdır. 2022-ci ilin yanvar ayında isə həmin məbləğ üzrə kağız satışını həyata keçirmişdir. Bu zaman ƏDV necə hesablanmalı və bəyannamədə necə əks etdirilməlidir?

Vergi Məcəlləsinin 166.6-cı maddəsinə əsasən ödəmə malların (işlərin, xidmətlərin) təqdim edilməsinədək həyata keçirildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Bu səbəbdən də avans məbləği A MMC-nin hesabına daxil olduqda ƏDV hesablanmalıdır. Lakin 2022-ci ildən əməliyyatın xarakteri dəyişmişdir. Belə olduğu təqdirdə, e-qaimə ƏDV-dən azad olan əməliyyat olaraq təqdim edilir və VM-nin 163-cü maddəsinə əsasən hesablanmış ƏDV məbləğinə bəyannamənin 319-cu sətrində düzəliş verilməklə ƏDV müştəriyə geri qaytarılkır,kağızın dəyəri isə həm əlavə 5-də, həm də bəyannamənin 303-cü sətrində əks olunaraq, həmin hesabat ayı üçün əvəzləşdirilən ƏDV məbləği VM-nin 175.4-cü maddəsinə əsasən azaldılacaqdır. Lakin bu halda debitor borclar sətrində ƏDV-dən azad olan əməliyyatlar üzrə məbləğ formalaşmalıdır və əks halda  həmin məbləğin göstərilməməsinə görə uyğunsuzluq yaranacaqdır.

Digər tərəfdən, VM-nin 159.8 maddəsinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən şəxslərin ƏDV tətbiq etməklə aparılan əməliyyatları, habelə ƏDV-dən azad edilən və ya sıfır (0) dərəcə ilə ƏDV-yə cəlb edilən, lakin ƏDV tətbiq etməklə aparılan əməliyyatları vergitutma obyektidir. Bu halda isə əməliyyatın xarakterinin dəyişməsinə baxmayaraq, A MMC ƏDV-nin müştəriyə geri qaytarılmadığı hallarında e-qaiməni ƏDV-yə cəlb edilən əməliyyatlar üzrə təqdim edərək yanvar ayında heç bir vergi hesablamayacaqdır. Eləcə də, xüsusi çəki üzrə əvzəlşdirilən məbləğə də bəyannamədə azalma verilməyəcəkdir. Debitor borclar sətrində isə məbləğin göstərilməməsinə görə uyğunsuzluq yaranmayacaqdır. Kağızın dəyərini ödəyən kitab istehsalı ilə məşğul olan şəxs isə ƏDV-yə cəlb edilən əməliyyatları da olduqda ödədiyi ƏDV-ni VM-nin 175.4-cü maddəsinə əsasən xüsusi çəkiyə görə əvəzləşdirə  bilər.

Müəllif: Azər Qənbərov


Bax: Fiziki şəxslərin əmlak vergisi


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *