ƏDV qeydiyyatı keçmiş tarixlə aparıldıqda bəyannamə necə təqdim edilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

ƏDV qeydiyyatı, ƏDV bəyannamələri,Suala vergi mütəxəssisi Xəyal Feyzullayev aydınlıq gətirir.

Vergi Məcəlləsinin 177.5-ci maddəsində göstərilir ki, qeydiyyat Məcəllənin 157.3.3-cü maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, vergi ödəyicisi qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən vergiyə cəlb edilən əməliyyatlar üzrə ƏDV ödəməlidir və müəyyən edilmiş qaydada vergi məbləğlərini əvəzləşdirmək hüququna malikdir. Müvafiq əməliyyatlar vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməlidir. Bu əməliyyatlar bəyannamənin verildiyi ay ərzində aparılmış əməliyyatlar sayılır.

Lakin qeydiyyat Vergi Məcəlləsinin 157.3.1-ci maddəsinə uyğun olaraq keçmiş tarixlə aparıldıqda, həmin dövrlər üzrə müvafiq əməliyyatların vergi ödəyicisi tərəfindən verilən birinci bəyannamədə əks etdirilməsi halı Məcəllənin 177.5-ci maddəsində nəzərdə tutulmadığından vergi ödəyicisi qeydiyyat qüvvəyə mindiyi tarixdən etibarən ƏDV bəyannamələrini hər ay üzrə ayrı-ayrılıqda təqdim edilməlidir.

Belə ki, Vergi Məcəlləsinin 177.5-ci maddəsi 157.3.1-ci maddəyə deyil, bilavasitə 157.3.3-cü maddəyə əsaslandığı üçün müvafiq əməiyyatların vergi ödəyicisi tərəfindən birinci bəyannamədə əks etdirilməsini bildirir.

Misal 1: Sadələşdirilmiş vergi ödəyicisi olan “A” MMC 1 avqust 2022-ci ildə vergi orqanına könüllü olaraq ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verərək ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixin 1 yanvar 2020-ci il olduğunu qeyd edib. Vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən “A” MMC ƏDV qeydiyyatına alınıb. Qeydiyyatın qüvvəyə mindiyi tarix 1 yanvar 2020-cu il qəbul edilib. Bu halda “A” MMC 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövr üzrə vergi tutulan əməliyyatlarını və həmin dövr üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada əvəzləşdirilən ƏDV məbləğlərini birinci bəyannamədə, yəni 2022-ci ilin avqust ayının ƏDV bəyannaməsində göstərməlidir.

Misal 2: Sadələşdirilmiş vergi ödəyicisi olan “B” MMC əvvəlki hesabat dövrlərində ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı və qanunvericiliyə əsasən məcburi olaraq 1 yanvar 2020-ci il tarixdən qeydiyyatın qüvvəyə minməli olduğu halda, vergi orqanına ərizə təqdim etməyib. Qeyd olunan kənarlaşma vergi orqanı tərəfindən 2022-ci ilin avqust ayında aşkar edilib və MMC məcburi qaydada ƏDV qeydiyyatına alınıb. Bu halda, MMC 1 yanvar 2020-ci il tarixdən 31 avqust 2022-ci il tarixədək olan dövr üzrə hər ay üzrə ayrı-ayrılıqda ƏDV bəyannamələri təqdim etməlidir. Bundan əlavə, “B” MMC Vergi Məcəlləsinin 57-ci və 58-ci maddələrinə əsasən məsuliyyətə cəlb oluna bilər.

Mənbə: vergiler.az


Borcun tələb edilməsinin bilinməyən, lakin faydalı üsulu – icra qeydi


Print Friendly, PDF & Email