Elektron çıxarışların üstünlükləri

posted in: Xəbər | 0
birbank biznes

Artıq elektron çıxarışa sahib olan vətəndaşlar öz sənədlərinin həqiqiliyini onlayn yoxlaya bilirlər. Bunun üçün isə istifadəçilərdən heç bir ödəniş tələb olunmur. Vətəndaşlar «Elektron hökumət» portalına daxil olaraq çıxarışın qeydiyyat və reyestr nömrələrini qeyd etməklə sənədin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.

Əmlak Məsələləri Dövlət Komitəsindən verilən məlumata görə, yeni xidmətin təqdim olunmasında  məqsəd daşınmaz əmlakın qeydiyyatı prosesində vətəndaş-məmur təmasını minimuma endirmək, əlçatanlığı artırmaq, məmnunluğu yüksəltmək, operativliyi təmin etməkdir. Bununla mülkiyyətçilərin evlərinə kommunal xidmətlər qoşulanda tələb olunan çıxarışı müvafiq idarəyə əlbəəl təqdim etməsinə ehtiyac qalmır. Həmin qurum elektron çıxarışın yoxlanması sistemindən istifadə etməklə mülkiyyəti təsdiq edən sənədlə tanış ola bilir.

Vətəndaş kimisə öz şəxsi mənzilinə qeydiyyata aldırmaq istədikdə, bu elektron xidmətdən istifadə edə bilir. Əvvəllər mülkiyyətçi bu işi həyata keçirmək üçün əmlaklarına dair çıxarışını kağız formasında notariusa təqdim edirdilər. Ancaq indi notarius bu xidmətdən istifadə etməklə çıxarışın həmin şəxsə mənsub olub-olmadığını yoxlaya bilir. Yeni xidmət alğı-satqı prosesində də vətəndaşlar üçün olduqca faydalıdır. Belə ki, alıcı əmlakı almaq istədikdə çıxarışın sahibini rahatlıqla dəqiqləşdirərək, mülkiyyət sənədinin kimin adına olduğuna əmin olur. Bununla da alğı-satqı prosesində dələduzluq hallarının qarşısı alınır.

Qeyd edək ki, daşınmaz əmlakın dövlət reyestrindən kağız formada təqdim olunan çıxarışda göstərilən bütün məlumatlar elektron çıxarışda da əks olunur. Elektron qaydada əmlaka dair çıxarış əldə etmiş şəxs öz elektron çıxarışını bütün dövlət orqanlarında istifadə edə bilər. Bundan əlavə, elektron çıxarış sistemi kağız çıxarışın itirilməsi, yararsız hala düşməsi ilə bağlı problemlərin aradan qalxmasına rəvac verir, kağız çıxarışın başqa insanlar tərəfindən saxtalaşdırılması və qanunsuz istifadə olunması halı tamamilə istisna edilir.

Mənbə: vergiler.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email