“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi hazırlanıb

posted in: Xəbər | 0
birbank biznes

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya, İqtisadi siyasət, sənaye və sahibkarlıq,  Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi müzakirə olunub.

Vitse-spiker, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov prezident İlham Əliyevin imzası ilə parlamentə daxil olmuş qanun layihəsi barədə ətraflı məlumat verib.

Bildirilib ki, bu sənəd “Bakı şəhəri Qaradağ rayonunun Ələt qəsəbəsində yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər haqqında” prezident sərəncamına əsasən hazırlanıb. “Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsini “Azad iqtisadi zonalar yaradılması işinin sürətləndirilməsi haqqında” 31 may 2017-ci il tarixli prezident sərəncamına əsasən təşkil edilmiş işçi qrup hazırlayıb.

İşçi qrupun rəhbəri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov bildirib ki, sənədi hazırlayan mütəxəssislər, hüquqşünas və ekspertlər dünyada gedən proseslərə ciddi diqqət yetiriblər. Azad iqtisadi zonalara dair beynəlxalq qanunvericilik dərindən öyrənilib və ən uğurlu nəticələr verən, investorlar üçün əlverişli şərait yaradan  müddəalar əsas götürülüb.

Daha sonra qanun layihəsi müzakirə edilib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, sənəddə dövlət maraqları ilə investorların maraqları uzlaşdırılıb. Onun sözlərinə görə, layihə azad iqtisadi zonaların fəaliyyəti üçün müvafiq hüquqi təminat yaradacaq.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə son illər Azərbaycanın logistika və nəqliyyat mərkəzi kimi mövqeyinin gücləndirilməsi, həmçinin ölkəmizdə çoxşaxəli nəqliyyat infrastrukturunun yaradılması istiqamətində görülmüş işlərdən bəhs edib. O, hazırkı şəraitdə belə bir qanunun qəbulunun vacibliyini vurğulayıb.

Gənclər və idman komitəsinin sədri Fuad Muradov azad iqtisadi zonaların səmərəli fəaliyyəti üçün qeyri-standart yanaşmanın vacib olduğunu söyləyib.

Geniş müzakirələrdə qanun layihəsi barədə rəy və təkliflərini bildirən deputatlar belə zonalarda sahibkarların gömrük və vergi rüsumlarından azad olunması vacibliyini qeyd ediblər. Bildirilib ki, azad zonaların fəaliyyəti iqtisadiyyatın davamlı inkişafına və rəqabət qabiliyyətinin artmasına təkan verəcək, Azərbaycanın ixrac potensialını gücləndirəcək: “Son 20 ildə transmilli enerji infrastrukturunun, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Şimal-Cənub nəqliyyat dəhlizi və sair kimi  beynəlxalq layihələrin reallaşdırılması investorların ölkəmizə marağını xeyli artırıb. Azad iqtisadi zonaların fəaliyyəti əhalinin məşğulluğuna da böyük töhfə verə bilər”.

“Ələt azad iqtisadi zonası haqqında” qanun layihəsi yekdilliklə Milli Məclisin müzakirəsinə tövsiyə olunub.

Mənbə: apa.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email