Sual: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 15-2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir. Sığortaolunan – sağlamlığı icbari və ya könüllü qaydada sığortalanmış fiziki şəxslərdir. Aşağıdakıları təsdiq etməyinizi xahiş edirəm – Qanunun 15-2.1-ci maddəsindən irəli gələrək, Azərbaycan Respublikasının ərasizində əmək fəaliyyəti ilə məşğul olan (əmək haqqı alan) əcnəbi vətəndaşlar sığortaolunan hesab olunmadığından onların əmək haqların icbari tibbi sığorta haqqı tutulmamalı və onlara hesablanan əməyin ödənişi fondundan da işəgötürən tərəfindən icbari tibbi sığorta ödənilməməlidir.
Cavab: Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, Azərbaycan Respublikasında qaçqın statusu almış və BMT-nin Qaçqınlar üzrə Ali komissarının Azərbaycan Respublikasındakı nümayəndəliyi tərəfindən himayəyə götürülmüş əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sığortaolunan hesab edilir.
Qanunun 15-2.2.1-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə (o cümlədən, digər əsaslara muzdlu işə cəlb olunan şəxslər) münasibətdə sığortalı qismində işəgötürənlər (işə cəlb edən şəxslər) çıxış edir.
Həmçinin, Qanunun 15-2.3-cü maddəsinə əsasən bu Qanun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçulara, həbs edilmiş şəxslərə, müəyyən müddətə azadlıqdan məhrumetmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə (məntəqə tipli cəzaçəkmə müəssisələri istisna olmaqla), habelə bu Qanunun 15-2.1-ci, 15-2.2.1-ci, 15-2.2.2-ci, 15-2.2.3-cü maddələrində göstərilən şəxslərə aid olunduğu hallar istisna olmaqla, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən Azərbaycan Respublikasında müvəqqəti olan, müvəqqəti və ya daimi yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə şamil edilmir.
Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq bağlanmış və hüquqi qüvvəyə minmiş əmək müqaviləsinə əsasən işləyən şəxslərə ödənilən əmək haqları icbari tibbi sığorta üzrə sığorta haqlarına cəlb olunur.
Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.
Mənbə: taxes.gov.az