Əmək məzuniyyəti necə verilir?
AR Əmək Məcəlləsinə uyğun olaraq, işəgötürən işçilərə iş yerini (vəzifəsini) və əməkhaqqını saxlamaq şərtilə illik məzuniyyətlər verməyə borcludur. İşçinin ilk iş ili üçün məzuniyyətdən istifadə hüququ bu müəssisədə altı ay fasiləsiz işlədikdən sonra yaranır. Lakin bəzi hallarda işçiyə tərəflərin razılığı ilə altı aydan əvvəl ödənişli məzuniyyətin verilməsi mümkündür (ƏM, maddə 131). Növbəti iş dövrləri üçün məzuniyyət ilin istənilən vaxtında məzuniyyət cədvəlinə uyğun olaraq verilə bilər və əsas məzuniyyətin müddəti 21 təqvim günündən az olmamalıdır. Məzuniyyət müddətinə düşən qeyri-iş günləri məzuniyyətin təqvim günlərinin sayına daxil edilmir və ödənilmir. Əmək məzuniyyəti işçinin arzusu və işəgötürənin razılığı ilə hissələrə bölünərək də verilə bilər, bu şərtlə ki, məzuniyyətin bölünmüş hissələrindən birinin müddəti 14 təqvim günündən az olmasın. Məzuniyyətin verilməsi qaydası aşağıdakı ardıcıllıqla aparılır:
- təqvim ili üçün məzuniyyət cədvəli yaradılır;
- işçilərə qarşıdan gələn məzuniyyət barədə məlumat verilir;
- işçinin ərizəsi qəbul edilir, bəzi hallarda isə əlavə sənədlər tələb olunur;
- əmək məzuniyyəti əmri verilir;
- müvafiq mühasibat sənədləri hazırlanır.
Məzuniyyət cədvəli hər təqvim ili üçün yanvar ayının sonuna qədər tərtib olunur. Müəssisənin rəhbəri və həmkarlar ittifaqı komitəsi tərəfindən təsdiq edildikdən sonra cədvəl bütün işçilərin nəzərinə çatdırılmalıdır. İşəgötürən qrafik üzrə məzuniyyətin başlamasına ən azı on gün qalmış işçini xəbərdar etməli və məzuniyyət üçün ərizə yazmağı ona təklif etməlidir. Ərizə əsasında işçiyə əmək qanunvericiliyinə uyğun əmək məzuniyyətinin verilməsi üçün əmr hazırlanır.
Əmək məzuniyyəti əmri işçinin məzuniyyətə başlaması üçün əsas sənəddir. Məzuniyyət növünün əhəmiyyəti yoxdur: illik əsas məzuniyyət, əlavə məzuniyyət, təhsil, analıq məzuniyyəti, öz hesabına, fərq etməz, istənilən halda məzuniyyət əmri işçinin istirahətə başlaması üçün əsasdır.
Məzuniyyət üçün ərizə formasını yüklə
Məzuniyyət əmrinə hansı məlumatlar daxil edilir?
Əmək məzuniyyəti əmri (sərəncam, qərar) məzuniyyətin başlamasına azı 5 gün qalmış verilir və işçi onunla tanış edilir. Buradan da aydın olur ki, işçi ərizəni ən azı 5 gün əvvəldən yazıb təqdim etməlidir. İşçiyə məzuniyyət vaхtı üçün orta əməkhaqqının verilməsi qanunvericiliklə müəyyən olunmuş təminatlardan biridir və o, məzuniyyətin başlamasına ən geci 3 gün qalmış ödənilir.
Əmrdə (sərəncamda, qərarda):
- təşkilatın adı;
- əmrin nömrəsi və onun hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- verilən məzuniyyətin növü, müddəti;
- müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
- məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
- işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
- işçinin imzası göstərilməlidir.
Əmək məzuniyyəti əmri işçilərə qanuna, əmək və kollektiv müqaviləyə, təşkilatın yerli normativ hüquqi aktlarına uyğun olaraq verilən məzuniyyətlərin qeydiyyatı və uçotu üçün əsas hesab olunur. Əmrin forması kadrlar şöbəsinin əməkdaşı və ya səlahiyyətli şəxs tərəfindən tərtib edilir, müəssisənin rəhbəri və ya onun səlahiyyətli şəxsi tərəfindən imzalanır. Təsdiq edilmiş sənədin surəti mühasibatlığa göndərilir və işçiyə məzuniyyət haqqı hesablanaraq ödənilir. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır.
İllik ödənişli əmək məzuniyyəti əmri hazırlamaq üçün əlavə sənədlər tələb olunmur. Adətən əlavə sənədlər aşağıdakı hallarda zəruridir:
- hamiləlik və doğuma görə məzuniyyət – tibb müəssisəsi tərəfindən verilən xəstəlik haqqında arayış;
- qismən ödənişli məzuniyyət – uşağın doğum haqqında şəhadətnaməsi və ikinci valideynin belə məzuniyyətdə olmadığını təsdiq edən arayış.
Məzuniyyət əmri rəhbər yaxud digər səlahiyyətli şəxs tərəfindən imzalanır. Məsələn, bu insan resursları şöbəsinin rəhbəri də ola bilər. Bundan sonra işçinin özü məzuniyyət əmri ilə tanış olmalı və imzalamalıdır.
Əmək məzuniyyət əmri üçün formanı yüklə
Məzuniyyət hüququ yaranan iş ili necə müəyyən edilir?
Məzuniyyətin verilməsi əmrində “iş ili üçün” sütununda həmişə işçinin fərdi iş ili göstərilir. İşçinin hər iş ili üçün məzuniyyət hüququ vardır (AR Əmək Məcəlləsi, 113.3-ci maddəsi). Əmək məzuniyyəti əmrində işçinin bu hüquqdan istifadə etdiyi iş ili göstərilir. Bu, cari iş ili və ya işçinin istifadə olunmamış məzuniyyətlərini topladığı təqdirdə, əvvəlki dövrlər ola bilər.
İş ili, bir qayda olaraq, təqvim ili ilə üst-üstə düşmür. Onun başlanğıcı işçinin işə qəbul edildiyi andan sayılır. Məsələn, bir işçi 1 dekabr 2021-ci ildə işə düzəlibsə, onun ilk iş ili 1 dekabr 2021-ci ildən 30 noyabr 2022-cü il tarixinədək olan dövrdür. İkinci iş ili 2022-cü il dekabrın 1-dən 2023-cu il noyabrın 30-dək və s. olacaq.
Bir neçə iş ili üçün əmək məzuniyyəti necə rəsmiləşdirilir?
Əgər əmək məzuniyyəti iki iş ili üçün verilirsə, hər iki dövr əmək məzuniyyəti əmrində əks etdirilir. Bu, istifadə olunan məzuniyyət günlərinin uçotunu düzgün aparmağa, ən əsası Dövlət Əmək Müfəttişliyi Xidmətinin iddialarından qaçmağa kömək edəcək. Əmək məzuniyyəti əmrinin hazırlanması zamanı iş ilinin göstərilməsi üçün üç variantdan istifadə edilə bilər:
- Birinci variantda “iş ili üçün” sətrində birinci iş ilinin başlama tarixini və ikinci ilin bitmə tarixini yaza bilərsiniz, məsələn, “13/06/2020-cı il tarixdən 13/06/2022-cı il tarixədək iş ili üçün”. Əgər iş illərinin qalaqlarının uçotu üçün ayrı-ayrı cədvəllərdən yaxud hansısa başqa üsuldan istifadə edilirsə, bu seçim əlverişlidir.
- İkinci variantda əmr formasına ikinci iş ilini daxil etmək üçün daha bir sətir əlavə etmək olar.
- Üçüncü variantda müxtəlif iş ili üçün məzuniyyətə görə iki ayrı əmr vermək olar. Adətən şirkətlər kadr uçotunun aparılması üçün tətbiq etdikləri kompüter proqramını yenidən konfiqurasiya edə bilmədikdə ayrıca məzuniyyət əmri hazırlanması variantından istifadə edirlər.
İkinci və üçüncü üsullar istifadə edilmiş əmək məzuniyyəti günlərinin dəqiq uçotunu aparmağa, bu barədə məlumatları işçinin şəxsi uçot kartına daxil etməyə imkan verir.
İşçi illik məzuniyyətin yalnız bir hissəsindən istifadə etsə belə, əmək məzuniyyəti əmrinə həmişə tam iş ilini daxil etmək lazımdır.

