Konsalidə edilmiş maliyyə hesabatları

posted in: Xəbər | 0

Konsolidasiya nədir?

Konsolidasiya dedikdə müəssisələr qrupunun müəyyən əlamətlər üzrə bir sıra elementlərinin birləşdirməsi nəzərdə tutulur. Müəssisələr qrupunun belə birləşdirilməsi onlar arasında iqtisadi uyğunluğun olması ilə əlaqəlidir. Yəni, bəzi sahibkarlar üçün iri korporasiya yerinə, hüquqi baxımdan müstəqil, amma iqtisadi baxımdan qarşılıqlı əlaqədə olan bir neçə kommersiya qurumunun yaradılması üstünlük hesab edilir.

Konsolidə edilmiş hesabatların əsasən aşağıdakı 2 xüsusiyyətini qeyd etmək olar:

  • Konsolidə olunmuş hesabatların hazırlanmasında başlıca məqsəd vergiyə cəlb olunan mənfəətin müəyyənləşdirilməsi deyil, müəssisələrin fəaliyyəti barədə ümumi təsəvvürlərin əldə etdilməsidir. 10 №-li “Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları” MHBS-ə (IFRS 10) əsasən konsolidə edilmənin zəruriliyini göstərən faktor ana müəssisə, yəni, əsas müəssisənin bir yaxud birdən çox başqa törəmə müəssisəyə nəzarət etməsidir.
  • Konsolidasiya heç də qrupun tabelçiliyində olan təşkilatların maliyyə hesabatlarının eyniadlı maddələrinin cəmlənməsi deyildir. Korporativ ailənin üzvləri arasındakı sövdələşmələr konsolidə edilmiş hesabatlara daxil edilmir. Burada yalnız öhdəliklər, aktivlər, habelə üçüncü şəxslərlə əməliyyatlardan alınan gəlir, xərclər göstərilir.

Müəssisələr, beynəlxalq praktikaya əsasən filialların, nümayəndəlilərin, digər bölmələrin fəaliyyət göstəricilərini özlərinin maliyyə hesabatlarına daxil etməlidir. Müəssisələr qrupunun konsolidə edilmiş hesabatları tərtib etməsi praktikası ölkəmizdə yenilik hesab edilmir, xeyli müddətdir mövcuddur. Buna baxmayaraq, bazar iqtisadiyyatı şəraitində qeyd olunan hesabatların hazırlanması, təsdiq və təqdim edilməsilə bağlı bəzi ciddi problemlər hələ də mövcuddur.

Konsolidə edilmiş hesabatların hazırlanma məqsədi

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında başlıca məqsədlər bunlardır:

Biznes hesabi
  • qrupun maliyyə vəziyyətinin tam şəkildə əks etdirilməsi;
  • əsas müəssisənin investisiya üzrə gəlirlərinin göstərilməsi;
  • əsas müəssisədə olan səhmdarların mənafelərinin qorunmasını təmin etmək;
  • birləşmiş müəssisələr (qrup) barədə vahid iqtisadi subyekt kimi təsəvvür formalaşdırmaq;
  • idarəetməni həyata keçirən ana müəssisə rəhbərlərinə yardım göstərilməsi.

Aşağıdakı şərtlərin hamısına cavab verən ana (əsas) müəssisənin konsolidə edilmiş M.H.-nı təqdim etməsinə ehtiyac yoxdur:

  • əsas müəssisə, bütövlükdə törəmə müəssisədir yaxud başqa müəssisənin qismən mülkiyyətində olan törəmə müəssisəsidir, qalan mülkiyyətçiləri, o cümlədən, səsvermə hüququna malik olmayanlar, konsolidə edilmiş maliyyə hesabatlarının təqdim etməməsi barədə əsas müəssisə tərəfindən məlumatlandırılmış, buna etiraz etməmişdir;
  • onun borc yaxud səhm alətləri açıq bazarda (daxili yaxud xarici birjada və ya birjadankənar bazarda, o cümlədən yerli və regional bazarlarda) satılmır;
  • o, açıq bazarda hər hansı bir alət sinfinin buraxılması məqsədilə maliyyə hesabatlarını qiymətli kağızlar komissiyasına və ya digər tənzimləyici təşkilata təqdim etməmişdir, ola bilər ki, təqdim edilmə prosesində də deyildir.
  • müəssisənin tabe olduğu ana müəssisə MHBS-ya əsasən hazırlamış olduğu hesabatlarını ictimaiyyətin rahat şəkildə istifadəsi üçün dərc etdikdə.

Konsolidə edilmiş maliyyə hesabatların təqdim edilməsi Nazirlər Kabinetinin müvafiq qaydaları əsasında tənzimlənir.

Konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanma mərhələləri

Ümumi olaraq konsolidə edilmiş maliyyə hesabatlarının hazırlanmasında aşağıdakı 3 addım izlənməlidir:

  • əsas (ana) müəssisə ilə törəmə müəssisələr maliyyə hesabatlarının aktiv, kapital, öhdəlik, gəlir, xərc maddələrini birləşdirməlidirlər;
  • hər törəmə müəssisəsi üzrə investisiya dəyərləri investisiya hesabının balans dəyərindən çıxılmalıdır. eyni zamanda, əsas (ana) müəssisənin bütün törəmə müəssisələrdəki kapital qoyuluşları kapital hesabının balans dəyərindən çıxılmalıdır.
  • törəmə müəssisələr hesabat dövrü ərzindəki mənfəət və zərərdəki NEİP (nəzarət edilməyən iştirak payı) hissəsini ana müəssisənin təsisçilərinin paylarından ayırmaqla ayrı formada qiymətləndirməli, həmin hissəni NEİP hesabına əlavə etməlidir.

Konsolidə edilmiş (birləşdirilmiş) maliyyə hesabatları hazırlanarkən onunla paralel şəkildə digər törəmə müəssisələrin hesabatları da hazırlanmalıdır. Bu proseslər eyni tarixdə həyata keçirilməlidir ki, həmin məlumatlardan istifadə edilməklə konsolidə edilmiş hesabatların hazırlanması qısa zamanda ərzində mümkün olsun. Əgər ana (əsas) müəssisənin hesabat tarixilə törəmə müəssisənin hesabat tarixi arasında fərq yaranarsa, törəmə müəssisə konsalidasiya məqsədləri üçün ana müəssisənin hesabat tarixinə uyğun gələn əlavə maliyyə hesabatlarını hazırlamalıdır. Əgər tarixlər arasında fərq yaranarsa, həmin tarixə ana müəssisənin hesabatlarında baş vermiş əhəmiyyətli əməliyyatlarla əlaqədar düzəlişlər edilməlidir.

Ana (əsas) müəssisənin hesabat tarixilə törəmə müəssisənin hesabat tarixi arasındakı fərq 3(üç) aydan çox olmamalıdır.

Törəmə və asılı müəssisələr

Törəmə müəssisə dedikdə, nəzarət hüququ ana müəssisədə olduğu qurum başa düşülür. Ana müəssisə tərəfindən nəzarət deyiləndə nə nəzərdə tutulur? Yəni, əsas müəssisə törəmə müəssisənin fəaliyyətindən mənfəət əldə etməkdən ötrü maliyyə, əməliyyat siyasətini idarə edəcək gücə sahib olur. Bunu təmin etmək üçün əsas müəssisə digər müəssisənin yarıdan çox səsvermə hüququna malik olmalıdır. Amma səslər yarıdan az faiz təşkil etdikdə belə, aşağıda qeyd olunmuş şərtlər ödənilərsə, nəzarət funksiyası həyata keçirilə bilər:

  • investorlarla razılığa gələrək qalan müsəssisələrdə əsas səsvermə hüququnun yarısından çoxunun üzərində sərəncam hüququna malik olması;
  • nizamnaməyə yaxud razılaşmaya əsasən digər müəssisənin maliyyə, əməliyyat siyasətini idarə etmə səlahiyyətinə malik olması.

Asılı müəssisədə investor əhəmiyyətli təsirə malik olur. Əhəmiyyətli təsir dedikdə, maliyyə, əməliyyat siyasətilə əlaqədar qərarların verilməsində iştirak etməyə imkan yaratmaq nəzərdə tutulur. Ancaq sözügedən siyasət üzərində nəzarəti təmin etmir. İnvestorun əhəmiyyətli təsirə malik olması birbaşa yaxud dolayı formada (nümunə: törəmə müəssisələri vasitəsilə), səsvermə hüququ verən səhmlərinin 20 faizinə, eyni zamanda faiz olaraq daha çoxuna sahib olmasıdır.

Asılı müəssisəyə investisiya qoyuluşu aşağıda qeyd olunmuş 3 metoddan biri seçilməklə uçota alına bilər:

  • ədalətli dəyər metodu;
  • ilkin dəyər metodu;
  • iştirak payı metodu;

Asılı və törəmə müəssisələr üzrə nümunə və müxabirləşmələr üçün buraya keçid edə bilərsiniz.

Əlilliyi olan şəxsə qulluq edən ailə üzvlərinin vergi güzəştləri