İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir

posted in: Xəbər | 0

Tam maddi məsuliyyət müqaviləSon illərdə ölkədə şəffaflaşma üçün yaradılan fiskal stimullar nəticəsində əmək müqavilələrinin sayı xeyli artıb. Qeyri-neft özəl sektorda bu artımlar daha çox nəzərə çarpır: bu sektor üzrə əmək müqavilələrinin sayı cəmi əmək müqavilələrinin sayında 45,9 faiz təşkil edir. Mövzu ilə bağlı sualları insan resurslarının idarə olunması üzrə mütəxəssis Nihad Əliyev cavablandırıb.

– Nihad müəllim, əmək müqaviləsi nədir və işçiyə nə verir?

– Əmək münasibətləri əmək müqaviləsi əsasında yaranır. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən, əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Əmək müqaviləsi olmadıqda işçi və işəgötürən arasında əmək münasibətləri yaranmır. Nəticədə işçi qanunvericiliyə əsasən sahib olduğu əmək hüquqlarından faydalana bilmir. Bununla yanaşı, əmək müqaviləsi imzalamayan işçi hüquqlarından istifadə edə bilmədikdə və ya hüquqları məhdudlaşdırıldıqda müvafiq qurumlara müraciət edib hüquqlarını bərpa edə bilmir.

– Bəzən iş yerlərində əmək müqaviləsinin elektron formada bağlandığını bəhanə edərək onun surətini işçiyə vermirlər. Bu, nə dərəcədə doğrudur? İşçi bu halda necə davranmalıdır?

– Əmək Məcəlləsinin 49-cu maddəsinə əsasən, əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi əmək müqaviləsi bildirişinin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra baş verir. Bununla belə, nəzərə alınmalıdır ki, əmək müqaviləsi işçi ilə işəgötürən arasında yazılı formada bağlanır və iki nüsxədən az olmayaraq tərtib olunur. Həmin nüsxələrdən biri işçidə, digəri isə işəgötürəndə saxlanılır. Təcrübədə bəzən nüsxələrdən biri işçiyə verilmir ki, bu da işəgötürən tərəfindən yol verilən qanun pozuntusudur. İşçi mütləq əmək müqaviləsinin bir nüsxəsini işəgötürəndən tələb etməlidir.

Əgər hər hansı fiziki şəxsin yazılı formada bağlanmış əmək müqaviləsi olmadan elektron informasiya sistemində adına müqavilə olarsa, o, dərhal müvafiq qurumlara bununla bağlı şikayətini bildirə bilər

– Əmək müqaviləsini bağlamaqdan imtina edən işəgötürənləri hansı cəza gözləyir?

– Əmək müqaviləsi olmadan işçiləri işə cəlb etmək çox ciddi qanun pozuntusudur. Mütləq şəkildə işçi və işəgötürən arasında əmək müqaviləsi əsasında əmək münasibətləri yaranmalıdır. Əks təqdirdə, İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsinə əsasən, əmək müqaviləsi olmadan və ya hüquqi qüvvəyə minmədən fiziki şəxsləri işə cəlb etdikdə müəyyən məbləğdə cərimələr tətbiq olunur. Bununla yanaşı, Cinayət və Vergi Məcəllələrində də işçi ilə əmək müqaviləsi bağlamayan işəgötürənlərə müəyyən cərimələr nəzərdə tutulub. Cinayət Məcəlləsinə əsasən, xeyli sayda işçiləri əmək müqaviləsi olmadan işə cəlb etdikdə işəgötürənə azadlıqdan məhrumetmə cəzası da tətbiq oluna bilər.

– Son dövrlərdə elektron sistemdə adına müqavilə olan, lakin heç yerdə işləməyən şəxslərin şikayətləri artıb. Buna səbəb nədir? Bunun qarşısını necə almaq olar?

– Əsasən pandemiya dövründə müəyyən məhdudiyyətlərdən yayınmaq üçün yazılı formada əmək müqaviləsi olmadan və ya hər hansı işin görülüb-görülməməsindən asılı olmayaraq fiziki şəxslər elektron sistemdə qeydiyyata alınıblar. Bu, qanunun pozulmasıdır. Çünki işçi və işəgötürən arasında əmək müqaviləsi yazılı formada bağlanmamış elektron sistemdə qeydiyyata alına bilməz. Əgər hər hansı fiziki şəxsin yazılı formada bağlanmış əmək müqaviləsi olmadan elektron informasiya sistemində adına müqavilə olarsa, o, dərhal müvafiq qurumlara bununla bağlı şikayətini bildirə bilər. Bu kimi hallar müvafiq qurumlar tərəfindən araşdırıldıqdan sonra öz təsdiqini taparsa, həmin işəgötürənlərə qanunvericiliyə əsasən ciddi cəzalar tətbiq oluna bilər.

Mənbə: vergiler.az


Vergi uçotu və vergi qanunvericiliyinin tətbiqi üzrə nəzəri və praktiki təlim


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *