Məzuniyyət hüququ verən əmək stajı

posted in: Xəbər | 1

Məzuniyyətin müddəti və əmək stajı

İşəgötürənlə bağlanmış əmək müqaviləsi əsasında müəyyən müddət işlədikdən sonra işçinin məzuniyyət hüququ yaranır. Məzuniyyət günlərinin sayını hesablamaq üçün məzuniyyət hüququ verən əmək stajını bilmək lazımdır.

İllik ödənişli məzuniyyət işçinin bir iş ili ərzində almaq hüququ olan bütün ödənişli məzuniyyət növlərini əhatə edən ümumi anlayışdır. Məzuniyyətin müddəti əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmindən ibarətdir.

Məzuniyyətin müddətini müəyyən edərkən iş və təqvim ilini qarışdırmayın. Təqvim ili hər ilin yanvarın 1-dən dekabrın 31-dək müəyyən edilir və dəyişmir. İş ili hər bir işçi üçün fərdidir, bir işəgötürəndə 12 ay fasiləsiz işləməyi nəzərdə tutur. Beləliklə, ilk iş ili işəgötürəndə işə başlanmış gündən başlayır. Bütün sonrakı iş illəri əvvəlki iş ilinin sonundan sonrakı gün başlayacaq. İşçi bir müəssisədən digərinə iş yerini dəyişdikdə məzuniyyət hüququ verən əmək stajı saxlanılmır. Məzuniyyət almaq üçün iş stajı bir işəgötürəndə davamlı olmalıdır.

Nümunə 1: Tutaq ki, işçi 14 fevral 2021-ci ildən 20 iyun 2022-ci ilə qədər A şirkətində işləyib. 21 iyun 2022-ci il tarixdə B şirkətinə işə qəbul olunub. B şirkətində birinci iş ili hansı tarixdən hesablanır? 21 iyun 2022-ci il tarixindən başlanacaq, 20 iyun 2022-ci il tarixinə qədər davam edəcək.

Yadda saxlayaq ki, əvvəlki işəgötürənlə əmək təcrübəsi yeni iş yerində məzuniyyətin müddəti müəyyən edilərkən nəzərə alınmır. İşdən çıxan zaman istifadə edilməmiş məzuniyyətə görə kompensasiya da daxil olmaqla, bütün hesablamalar işçi ilə aparılır.

Məzuniyyət hüququ verən əmək stajının hesablanması

İşçinin əmək məzuniyyəti hüququnun reallaşması üçün əsas verən əmək stajının hesablanması Əmək Məcəlləsinin 132-ci maddəsinə uyğun müəyyənləşir.

Ödənişli əsas məzuniyyətin verilməsi üçün nəzərə alınan staj müddətinə daxil edilən dövrlər aşağıdakılardır:

  1. İşçinin  faktiki işlədiyi vaxt – işçinin müqavilə üzrə tələb olunan vəzifələrin yerinə yetirildiyi dövrü əhatə edir. Həmçinin, bu müddətə əsas iş yerindən kənarda icra edilən vəzifələr də, məsələn işçinin ezamiyyətdə olduğu dövr, daxildir.
  2. İşçinin işlədiyi yerin, maaşının saxlanması şərti ilə işdən uzaqlaşdığı dövrlər (əməkhaqqının saxlanması halları Məcəllənin 179-cu  maddəsinə uyğun tənzimlənir);
  3. Heç bir əsası olmadan, qanunsuz şəkildə işdən çıxartmaq, yaxud başqa işə keçirtməklə bağlı işə bərpa edilən işçilərin məcburi işburaxma dövrü;

    İşçi işəgötürən tərəfindən əsassız şəkildə işdən kənarlaşdırıldıqda, ya da başqa vəzifəyə keçirildikdə müvafiq orqanların qərarına əsasən öz əvvəlki vəzifəsinə bərpa edilə bilər. Bu zaman məcburi iş buraxma dövrü işçinin iş stajına aid edilir və məzuniyyətin müddəti müəyyən edilərkən nəzərə alınır.

  4. Əmək qabiliyyəti müvəqqəti itirildikdə işdə olunmayan dövrlər;

    Əmək qabilliyyətinin müvəqqəti itirilməsi qanunvericiliyə uyğun qaydada tibb müəssisələri tərəfindən verilmiş xəstəlik vərəqəsinə əsasən təyin edilir. Bu halda işçilərin işlədiyi yer, onların vəzifəsi saxlandığı üçün həmin müddət də staja daxil edilən dövr hesab olunur.

  5. Məcburi işburaxma – işçilərin  işdən azad edilməsi, yaxud kənarlaşdırılması təhqiqat, ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının qanunsuz, əsassız qərarları nəticəsində baş verə bilər. Lakin işçinin müvafiq qaydada tam bəraət alaraq öz vəzifəsinə bərpası mümkündür.  Bu halda onun məcburi iş buraxma,  ya da həbsdə olduğu dövr də stajın hesablanması zamanı nəzərə alınan dövrlərə aid edilir.

Əmək Məcəlləsinin 127-ci maddəsinə əsasən üç yaşına qədər uşaqlara qulluq etmək məqsədilə verilən qismən ödənişli sosial məzuniyyətdən istifadə edən şəxslərin işdə olmadığı müddət məzuniyyətin müddəti müəyyən edilən zaman staja daxil edilmir (ƏM, maddə 132.2).

Staja görə əlavə məzuniyyət hüququ

Əlavə məzuniyyət hüququ verən stajın hesablanma xüsusiyyətləri fərqlidir. İşçilərin əlavə məzuniyyətdən istifadə hüququ ƏM-də 113-cü maddə üzrə tənzimlənir. Əlavə məzuniyyətlər işçinin bütövlükdə malik olduğu staja əsasən təyin olunur. 116-cı maddəyə uyğun olaraq isə əmək stajı üzrə əlavə məzuniyyətlərin təsnifləşdirilməsi aşağıdakı şəkildə aparılır:

  • 5 – 10 il arası –  2 təqvim günü;
  • 10 – 15 il arası – 4 təqvim günü;
  • 15 ildən yuxarı    6 təqvim günü.

Əlavə məzuniyyətin müddəti tənzimlənərkən uyğun tələblər haqqında buradan ətraflı tanış olmaq olar. 


Print Friendly, PDF & Email

  1. Yaşar
    |

    Bu qanun qüvvədədirmi?