Əməyin Təminatı üzrə Ölkə Proqramının tətbiqinə başlanılır

posted in: Xəbər | 0
birbank biznes

Əməyin Təminatı«Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»nın tətbiqinə başlanılır

Azərbaycanın vergi sistemi, əmək bazarı və məşğulluq sektoru ciddi dəyişikliklər astanasındadır. Vergi Məcəlləsində nəzərdə tutulan dəyişikliklər, yeni qəbul olunmuş «İşsizlikdən sığorta haqqında», «Məşğulluq haqqında» qanunlar, habelə dövlət başçısının sərəncamı ilə təsdiq edilmiş  «2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası» ölkədə sahibkarlıq mühitinin saflaşdırılması, əhalinin məşğulluğunun və layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabət qabiliyyətliliyinin artırılması, «kölgə iqtisadiyyatı»nın aradan qaldırılması üçün geniş imkanlar yaradır.

Bax: Pul vəsaitlərinin uçotdan gizlədilməsinə görə maliyyə sanksiyaları 2 dəfə artırılır

Bir-biri ilə sıx əlaqəli olan bu addımlar bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına, eləcə də işçilərin sosial müdafiəsinin gücləndirilməsinə və gizli məşğulluğun aradan qaldırılmasına hədəflənib. Strateji hədəflər sırasında əmək bazarının sağlamlaşdırılması, xüsusilə özəl sektorda elektron qeydiyyat mexanizminin təkmilləşdirilməsi, işçilərin siyahısının vahid reyestrə daxil edilməsi vergidən yayınmaya qarşı mübarizə tədbiri kimi də xüsusi önəm daşıyır. 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasında ilk dəfə olaraq «layiqli əməyin dəstəklənməsi» termini işlədilir.

«Layiqli əmək» dedikdə, nə nəzərdə tutulur?

Azərbaycan vətəndaşlarının sosial hüquqlarının qorunmasını müəyyən edən beynəlxalq proqram və konvensiyalardan biri məhz layiqli əməyin dəstəklənməsi ilə bağlıdır. 2007-ci ilin noyabrında İsveçrənin paytaxtı Cenevrədə Azərbaycan təmsilçiləri  Beynəlxalq Əmək Təşkilatı ilə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün «Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»nı imzalamışdılar. Proqramda ictimai səviyyədə inzibati idarəetmənin təkmilləşdirilməsi, xüsusilə regionlarda gəlir əldə olunması imkanlarının yaxşılaşdırılması, iqtisadi inkişafın və ölkədə makroiqtisadi sabitliyin təmin edilməsi, səhiyyə və təhsil xidmətlərindən bərabər səviyyədə yararlanmaq imkanlarının yaradılması, qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həlli nəzərdə tutulurdu.

Bax: İşsizlər və qeyri-rəsmi işçiləri necə xilas etməli?
Layiqli əməyin əsas şərtləri

Əmək hüquqları üzrə ekspert Sahib Məmmədov deyir ki, layiqli əmək işçinin iş şəraiti ilə onun aldığı əməkhaqqının bir-birinə uyğun olmasını nəzərdə tutur. Məsələn, ixtisasca müəllim olan şəxs fəhlə işləməyə məcburdursa, o, adi xidmətçi kimi yox, tərbiyəçi səviyyəsində əməkhaqqı almalıdır: «Yəni iş yerinin ixtisas tələbi ilə işçi qüvvəsinin ixtisas tələbi bir-birinə uyğun olmalıdır. Başqa sözlə, işçi qüvvəsinin özünün peşə ixtisasına, qabiliyyətinə, əməyinin keyfiyyətinə, peşəsinə uyğun, onun öz ürəyincə olan iş layiqli əmək sayılır. Burada işçinin həm də rahat iş yeri, zəruri həcmdə xidmət və məhsullarla, davamlı əməkhaqqı ilə təmin olunması kimi vacib şərtlər nəzərdə tutulur ki, bunların hamısına kompleks şəkildə yanaşılmalıdır».

Ekspert bildirir ki, «Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»nın və buna uyğun olaraq Azərbaycan hökumətinin hazırladığı «Əhalinin iş yerləri ilə təmin olunmasına dair Məşğulluq Strategiyası»nın əsas hədəflərdən biri məhz insanların layiqli iş yeri və əməkhaqqı ilə təmin olunmasını nəzərdə tutur. Ancaq Məşğulluq Strategiyasından fərqli olaraq, «Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı» işçinin əməklə bağlı bütün sosial hüquqlarının təminatçısı rolunda çıxış edir: «Yəni qeyd olunan proqramın tələblərinə görə, həkim ali məktəbi bitirdikdən sonra əmək bazarında öz peşəsinə uyğun olmayan iş yeri tapırsa, hətta kifayət qədər yüksək əməkhaqqı alırsa belə, bu, layiqli əmək hesab olunmur. Çünki həmin insanın öz işçi qüvvəsinin tələbi ilə çalışdığı iş yerinin tələbləri bir-birinə ziddir».

S.Məmmədov bildirir ki, əslində, Məşğulluq Strategiyası da işləmək istəyən hər kəsin öz peşəsinə və ixtisasına uyğun iş yerinə təminat verən istinad nöqtəsi olmalıdır. Bu baxımdan, 2019-2030-cu illəri əhatə edən Məşğulluq Strategiyasının əsas hədəfləri «Layiqli Əməyin Təminatı üzrə Ölkə Proqramı»nın tələblərinə uyğunlaşdırılmalı və hər kəsə öz peşəsi üzrə işlə təmin olunmaq imkanı yaradılmalıdır: «Yeni Məşğulluq Strategiyasında əks olunan «layiqli əmək» anlayışı üçün üç şərt mütləqdir. Bunlardan birincisi insanın peşəsinə və ixtisasına uyğun iş yeri ilə təmin edilməsi, ikincisi işçinin zəruri həcmdə özünü və ailəsini təmin edə biləcək səviyyədə maddi-mənəvi xidmətlərdən, məhsullardan yararlanmaq imkanlarına malik olması, üçüncüsü isə iş yerinin davamlılığıdır».

Bax: Sadələşdirilmiş vergiyə hansı dəyişikliklər olacaq?
Əmək bazarının saflaşdırılması vergidən yayınmanın qarşısını alacaq

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev layiqli əmək sisteminin qurulmasının minimim əməkhaqqının və orta işçilərin məvaciblərinin də artırılmasında önəmli rol oynayacağını düşünür. Deputat hesab edir ki, bu proqramın icrası işçilərin rifahının yaxşılaşdırılması ilə yanaşı, aktiv əmək bazarının əhatə dairəsini də genişləndirəcək: «Sosial yönümlü bazar iqtisadiyyatının qurulması istiqamətində görülmüş işlər, infrastruktur layihələrinin uğurla icra olunması, yeni müəssisələrin və iş yerlərinin yaradılması layiqli əmək prinsiplərinin tətbiqi üçün zəmin hazırlayır.

Dövlət başçısının 9 oktyabr 2017-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı»nda ölkədə məşğulluğun leqallaşdırılması və vergi yükünün azaldılması nəzərdə tutulur. Bu məqsədlə 2019-cu il  yanvarın 1-dən 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdla işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 min manatadək olduqda onların  gəlir vergisindən azad edilməsi, gəlir 8 min manatdan çox olduqda isə vergi dərəcəsinin 25 faizdən 14 faizədək endirilməsi və beləliklə də vergi daxil­olmalarının azaldılması nəzərdə tutulub».

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Millət vəkili hesab edir ki, əmək bazarının saflaşdırılması həm də «kölgə iqtisadiyyatı»nın aradan qaldırılmasına, özəl sektorda maliyyə intizamının möhkəmləndirilməsinə, vergi mədəniyyətinin yüksəldilməsinə, şəffaflığın artırılmasına və işçilərin sosial müdafiəsinin gücləndirilməsinə müsbət təsir göstərəcək: «Gələn ilin dövlət büdcəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  bir sıra proqramların reallaşdırılmasına müvafiq məbləğlərdə maliyyə vəsaitinin yönəldilməsi nəzərdə tutulub. «2019-2022-ci illər üzrə Dövlət İnvestisiya Proqramı»nda yer alan investisiya layihələrinin qarşıdakı il üzrə həcmi 6,8 milyard manat proqnozlaşdırılıb. Bu vəsaitin 72,7 faizi bilavasitə infrastruktur layihələrinə yönəldiləcək ki, bu da məşğulluğun artırılması, əlavə gəlir mənbələrinin yaradılması baxımından xüsusi əhəmiyyət daşıyır».

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email