Əmlak vergisindən azadolmalar və güzəştlər

posted in: Xəbər | 0

Əmlak vergisi, güzəştlər, azadolmalarVergi Məcəlləsində əmlak vergisi üzrə güzəşt və azadolmalar nəzərdə tutulub (maddə 199).  Gəlin onların bir qismi ilə nümunələr əsasında tanış olaq.

Əmlak vergisindən azad edilən dövlət qurumları və ictimai təşkilatlar

Vergi azadolması tətbiq edilən ilk  qrupa aşağıdakı qurumlar aiddir:

  • dövlət hakimiyyəti orqanları;
  • büdcədən maliyyələşən təşkilatlar, bələdiyyələr;
  • Mərkəzi Bank, onun struktur vahidləri;
  • publik hüquqi şəxslər (dövlət adından yaradılanlar), bir şərtlə ki, əmlak vergisinə cəlb edilən vəsaitlər sahibkarlıq fəaliyyətində istifadədə olmasın;
  • dövlət fondları, əlilliyi olan şəxslərə aid QHT-lər

Nümunə 1: Dövlət adından yaradılmış PHŞ-nin əsas vəsaitlərin orta illik qalıq dəyəri 12000 manatdır və  sahibkarlıq fəaliyyətində istifadədə deyil. Maddəyə əsasən həmin emlaka görə vergi ödənilmir. Həmin vəsaitlər (yaxud onların bir hissəsi) sahibkarlıq fəaliyyətində istifadə edildikdə, əsas vəsaitlər (yaxud sahibkarlıq fəaliyyətində istifadə olunan hissəsi) əmlak vergisinə cəlb ediləcək.  

Güzəşt və azadolmaların tətbiq edildiyi fiziki şəxslər

Azadolmaların tətbiq edildiyi digər böyük qrup müəyyən kateqoriya fiziki şəxslərdir. VM-nin 199.3-cü maddəsi qrupun tərkibini aşağıdakı kimi müəyyən edir:

  • VM, 102.2-ci maddənin tələblərinə uyğun gələn şəxslər;
  • pensiyaçılar;
  • müddətli hərbi xidmətdə olan hərbi qulluqçular, onların ailə üzvləri(müddətli hərbi xidmətin davam etdiyi dövrdə).

Həmin şəxslərə məxsus binalar üzrə hesablanan emlak vergisindən 30 manat çıxılır. Lakin, bunun üçün həmin binalar:

  • icarə yaxud kirayə obyekti olmamalı;
  • sahibkarlıq, həmçinin kommersiya fəaliyyətində istifadə edilməməlidir.

Nümunə 2: Fiziki şəxs Naxçıvan şəhərində yaşayır, oğlu orduda sıralarında xidmət edir. Onun mülkiyyətində sahəsı sahəsi 370 kv.m. olan mənzil var. Bu əmlaka görə vergi hesablanmasına baxaq. 

Nümunədə verilən yaşayış sahəsinin 30 kv.m.-ə emlak vergisi hesablanmır (VM, maddə 198.1.1).  30 kv.m-dən artıq hissəsinin hər kvadrat metrindən 0.2 manat olmaqla (370 – 30) × 0.2 = 68manat əmlak vergisi hesablanmalıdır.

Şəxsin övladı müddətli hərbi xidmətdə olduğuna görə hesablanmış emlak vergisi daha 30 manat azaldılmalıdır. Belə olduğu təqdirdə, əmlaka görə 68 – 30 = 38 manat ödəyəcək.

Əgər fiziki şəxs özünə məxsus minik avtomobilini sahibkarlıq fəaliyyətində istifadə etmirsə, avtomobilə əmlak vergisi hesablanmır (maddə199.4.3)

Nümunə 3: Fiziki şəxs pərakəndə ticarətlə məşğul olur. Ona məxsus avtomobilinin 25000 manatdır. Bu avtomobildən o, öz sahibkarlıq fəaliyyətində istifadə etmir. Odur ki, həmin avtomobil üçün əmlak vergisi hesablamayacaqdır.

Qeyri-sənaye və kənd təsarrüfatı sahəsində tətbiq edilən bəzi güzəştlıər və azadolmalar

Mədəniyyət,təhsil,idman,tibb sektorunda çalışan vergi ödəyiciləri tərəfindən yalnız fəaliyyət sahələri üzrə istifadə olunan əsas vəsaitlərə görə əmlak vergisi ödənilmir (maddə199.4.4)

Nümunə 4: Təhsil müəssisəsinin əsas vəsaitlərinin ilin əvvəlində qalıq dəyəri 185000 (o cümlədən, təhsil sahəsində istifadədə olan binası 146000, kommersiya sahəsində istifadədə olan binası 39000) manat, ilin sonunda isə 155000 (o cümlədən, təhsil sahəsində istifadədə olan binası 130000, kommersiya sahəsində istifadədə olan binası 25000) manatdır. Müəssisənin əsas vəsaitlərinə görə belə hesablanır:

(39000 + 25000) : 2 = 32000 × 1% = 320 manat

01.01.2014 – 31.12.2024-cü illəri əhatə edən müddətdə kənd təsərrüfatı məhsulları istehsalçılarının , həmin fəaliyyətlərində istifadə olunan əmlakından vergi tələb olunmur. Bu azadolma kənd təsərrüfatı məhsullarını sənaye üsulu ilə istehsal edən şəxslərə də aiddir (maddə 199.4.9).

Nümunə 5: Kənd təsərrüfatı fəaliyyət ilə məşğul olan “A” MMC 2018-ci ildə dəyəri 45000 manat olan şum traktoru almışdır. Artıq 4 ildir ki, bu traktordan kənd təsərrüfatı fəaliyyətində, əkin sahələrinin şumlanması zamanı istifadə olunur. Şum traktoru üçün əmlak vergisi hesablanmır.

Azadolma və güzəştlərlə bağlı digər nümunələr

Hüquqi və fiziki şəxslərin əmlak vergisindən azadolmaların digər nümunələrinə baxaq.

Nümunə 6: Sahibkar fiziki şəxs emalatxanasında misgərliklə məşğul olur. Onun fəaliyyət göstərdiyi emalatxana vergidən azaddır.  

Yuxarıdakı nümunə ilə əlaqədar qeyd etmək lazımdır ki, həmin fəaliyyət növü ilə hüquqi şəxs məşğul olsaydı, emalatxanaya görə vergiyə hesablanacaqdır.

Nümunə 7: İlin əvvəlinə müəssisənin əsas vəsaitlərinin qalıq dəyəri 680000 (o cümlədən, binalar 400000, yanğından mühafizə 90000, mülki müdafiə məqsədi ilə istifadədə olan əsas vəsaitlər 105000 manat, ekologiya avadanlığı 85000) manat, ilin sonunda isə 490000 (o cümlədən, binalar 300000, yanğından mühafizə 70000, mülki müdafiə məqsədi ilə istifadə edilən əsas vəsaitlər 101000, ekologiya avadanlığı 19000) manatdır. Müəssisə aşağıdakı qaydada hesablanan əmlak vergisi ödəməlidir:

(400000 + 300000) : 2 = 350000

350000 × 1% = 3500 manat

Nümunədən göründüyü kimi, müəssisənin emlak vergisi hesablanarkən ekologiya, mülki müdafiə, yanğından mühafizə üçün  istifadə edilən əsas vəsaitlər vergidən azad olduğundan, müəssisənin əsas vəsaitlərinin orta illik qalıq dəyəri müəyyən olunarkən onların dəyəri həcmində azaldılır.

Nümunə 8: Mikro sahibkarlıq subyektinin ilin əvvəlinə mülkiyyətində olan əsas vəsaitlər üzrə qalıq dəyəri 1000000 manatdır. Həmin şəxs  əmlak vergisindən azaddır. Əgər qalıq dəyəri bu məbləğdən çox olsaydı, vergi ödənməli idi.  

Nümunələr hazırlanarkən Vergi Məcəlləsinin 199.2, 199.4.1, 199.14 maddələri əsas götürülüb.


Print Friendly, PDF & Email