2026-cı ildən Əmək Məcəlləsində edilmiş maraqlı dəyişikliklərdən biri də işçilərə verilən əsas və əlavə məzuniyyətlərin cəmlənməsi ilə bağlıdır.
Yeniliyi sərbəst auditor Altay Cəfərov şərh edir.
Bu il məzuniyyətlərin cəmlənməsi ilə bağlı Əmək Məcəlləsinin 136-cı maddəsində dəyişiklik edildi. Əvvəlki variantda həmin maddə bu cür verilib:
Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası
1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələri ilə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda onun əsas məzuniyyətinə daha çox müddətli bir əlavə məzuniyyət birləşdirilir.
Maddənin 1-ci bəndindən aydın olur ki, işçinin əsas məzuniyyəti təmin edildikdə ona hökmən 115-ci maddədə olan əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətləri və 116-cı maddədə olan əmək stajına görə əlavə məzuniyyətlərlə cəmlənərək verilməlidir. Maddənin 2-ci bəndində isə əsas məzuniyyət ilə birlikdə verilən əlavə məzuniyyətlərin birləşdirilməsində məhdudiyyətlər var. Yəni işçinin həm 115-ci, həm 116-cı, həm də daha çox əlavə məzuniyyət hüququ olduqda müddətcə ən çox böyük olanı birləşdirilərək verilir. 2-ci bənddə olan ifadəyə bir daha nəzər yetirək: “Məcəllənin 115 və 116-cı maddələrində nəzərdə tutulmuş iki və daha çox əlavə məzuniyyətə hüququ olduqda…”. Bu ifadə ilə belə aydın olur ki, Əmək Məcəlləsinin 115-ci və 116-cı maddələrində işçilər üçün digər əlavə məzuniyyətlər müəyyənləşdirilib ki, onların da müddətləri fərqlidir. Həmçinin 115-ci və 116-cı maddələrdən əlavə də Əmək Məcəlləsində əlavə məzuniyyətlər vardır ki, onlar da əsas məzuniyyətə birləşdirilə bilər. Daha doğrusu, müddətcə daha böyük olanı birləşdirilir.
Əmək Məcəlləsinə baxdıqda həm əvvəlki versiyada, həm də dəyişiklikdən sonra işçilər üçün ancaq 4 maddə üzrə əlavə məzuniyyət təyin edilib.
Maddə 115. Əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyətlərin müddətləri;
Maddə 116. Əmək stajına görə əlavə məzuniyyətlərin müddətləri və verilmə qaydası;
Maddə 117. Uşaqlı qadınların əlavə məzuniyyətləri;
Maddə 118-1. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti.
Bundan əlavə, Məcəllənin 113-cü maddəsinin 2-ci bəndində göstərilib ki, əmək məzuniyyəti müvafiq peşə (vəzifə) üzrə əmək funksiyasını yerinə yetirən işçilərə verilən illik əsas məzuniyyətdən və istehsalın, əməyin xarakterinə və əmək stajına görə, habelə uşaqlı qadınlara verilən əlavə məzuniyyətdən ibarət olub istər birlikdə, istərsə də ayrılıqda verilə bilər.
Məcəllənin 113-cü maddəsinə nəzər yetirdikdə 3 növ əlavə məzuniyyətin olmasının şahidi oluruq. Amma faktiki olaraq Məcəllədə 4 növ əlavə məzuniyyət vardır ki, bunun özü də bir uyğunsuzluq deməkdir.
Göründüyü kimi, Əmək Məcəlləsində 4 növ əlavə məzuniyyət vardır. Lakin Məcəllənin 136-cı maddəsində əsas məzuniyyətə birləşdirilməklə ancaq 115-ci və 116-cı maddələrdə olan əlavə məzuniyyətlərin verilməsi bildirilir. Həmçinin, 2-ci bənddə ancaq 1 maddə üzrə daha çox müddət olan əlavənin birləşdirilməsi qeyd olunur.
Odur ki, əvvəlki variantda iki və daha çox əlavə məzuniyyət ifadəsi 136-cı maddənin 1-ci bəndi ilə uyğunsuzluq yaradırdı. Belə ki, 115-ci maddə üzrə 6 gün və 116-cı maddə üzrə stajdan asılı olaraq 2, 4 və ya 6 gün əlavə məzuniyyət verilməlidir. İşçi məzuniyyətə çıxan zaman bu müddətlərdən hansı çox olarsa, həmin günlər də əsas məzuniyyətə əlavə edilməlidir.
Əmək Məcəlləsinin 117-ci maddəsi üzrə olan əlavə məzuniyyət isə ya ayrılıqda verilməlidir, ya da 115-ci, 116-cı, 188-1-ci maddələrdə olan əlavə məzuniyyətlə birlikdə verilməlidir. Bu istinad Məcəllənin 113-cü maddəsinə əsaslanır.
Bu məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 17 iyun 2003-cü il tarixli qərarında da açıqlamalar verilib. Sadəcə, əvvəldə qeyd etdiyimiz kimi, iki və daha çox məzuniyyətlər ifadəsi maddənin özünün birinci və ikinci bəndlərinin uyğunsuz olmasına gətirib çıxarırdı.
Artıq Əmək Məcəlləsində edilmiş son dəyişikliyə görə, 136-cı maddə aşağıdakı formatdadır:
Maddə 136. Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənmə qaydası
1. Bu Məcəllənin 114-cü maddəsində nəzərdə tutulmuş əsas məzuniyyət yalnız 115 və 116-cı maddələrlə müəyyən edilmiş əlavə məzuniyyətlərlə cəmlənərək birlikdə verilməlidir.
2. İşçinin eyni vaxtda bu Məcəllənin 115-ci və 116-cı maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyət hüququ olduqda, hər iki maddənin hər biri üzrə əldə etdiyi əlavə məzuniyyət onun əsas məzuniyyətinə birləşdirilir.
Məcəllənin 136-cı maddəsinin 1-ci bəndi əvvəlki versiyadadır, dəyişiklik olunmayıb. Ancaq ən vacib və köklü dəyişiklik 2-cı bənddədir. Dəyişiklikdən tam aydın olur ki, yuxarıda qeyd etdiyimiz bütün uyğunsuzluqlar aradan qaldırılıb. Hətta 115-ci və 116-cı maddələr üzrə əlavə məzuniyyətlərin hər ikisi əsas məzuniyyət ilə birləşdirilib verilməlidir. Amma 117-ci maddə üzrə uşaqlı qadınların əlavə məzuniyyəti ayrılıqda təmin edilməlidir. Həmçinin, 118-1-ci maddə üzrə də Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti – 5 gün məzuniyyət də ayrılıqda verilməlidir. Çünki 136-cı maddədə məsələ konkretləşdirilib – ancaq 115-ci və 116-cı maddələrdə olan əlavələr ilə birlikdə əmək məzuniyyəti təmin edilməlidir.
Misal: Tutaq ki, “AA” MMC-nin işçisinin 30 gün əsas məzuniyyəti, həmçinin Əmək Məcəlləsinin 115-ci maddəsinə görə 6 gün, 116-cı maddəyə görə 4 gün, 117-ci maddəyə görə 2 gün və 118-1-ci maddəyə görə də 5 gün əlavə məzuniyyət hüquqi vardır. İşçi iş ilinə görə əmək məzuniyyətinin yarısından istifadə etmək istəyir. Bu zaman əmək və digər məzuniyyətlərin təmin edilməsi aşağıdakı kimi olacaq:
Əsas məzuniyyət – 30 gün;
115-ci maddəyə görə əlavə məzuniyyət – 6 gün;
116-cı maddəyə görə əlavə məzuniyyət – 4 gün;
CƏMİ – 40 gün.
30+ 6 + 4 = 40 gün.
İşçi əmək məzuniyyətinin yarısını istifadə etmək istədiyindən, ona 20 gün əmək məzuniyyəti veriləcək:
40 : 2 = 20 gün.
Həmçinin, işçi daha sonra 117-ci maddəyə görə 2 gün və 118-1-ci maddəyə görə 5 gün əlavə məzuniyyəti, Əmək Məcəlləsinin 113-2-ci maddəsinə əsasən, ayrı-ayrılıqda və ya birlikdə istifadə edə bilər.
Mənbə: vergiler.az
