Əvəzçilik üzrə işləyənlərin məzuniyyət növləri
İstənilən işçinin əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra digər sahələrdə də əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. Bu zaman işçi həm əsas, həm də əlavə iş yerlərində işəgötürənlə əvəzçilik qaydasında əmək müqaviləsi bağlamalıdır. Qanunvericiliyə əsasən əvəzçiliklə işləyən işçilər tam iş vaxtı şəraitində işləyən işçilərlə eyni məzuniyyət hüququna malikdirlər. AR Əmək Məcəlləsinin 131-cü maddəsinə əsasən həmin işçilərin əmək məzuniyyəti əmək müqaviləsinin bağlandığı vaxt nəzərə alınmadan onların istədiyi vaxtda təyin edilməlidir. Əvəzçilik üzrə işləyən işçi təhsil məzuniyyəti istisna olmaqla, illik ödənişli, əlavə və analıq məzuniyyəti hüququna malikdir. İllik ödənişli məzuniyyət onlara əsas iş yerindəki məzuniyyətlə eyni vaxtda verilməlidir. Təhsil məzuniyyəti işçiyə yalnız əsas iş yerində verilir və bu halda işçi əlavə iş yerində ödənişsiz məzuniyyətlə təmin edilə bilər.
Məzuniyyətin verilməsi qaydası
Əvəzçilik üzrə işləyən işçilərə məzuniyyətin verilməsi qaydası aşağıdakı ardıcıllıqla aparılır:
- işəgötürən işçidən illik ödənişli əmək məzuniyyətin verilməsi barədə ərizəni qəbul edir və qeydiyyata alır;
- işçidən daxil olmuş ərizə əsasında məzuniyyətin başlama və bitmə tarixini göstərməklə məzuniyyətin verilməsi haqqında əmr verilir və işçi bu əmrlə tanış edilir;
- lazım gələrsə, məzuniyyət cədvəlinə müvafiq dəyişikliklər edilir.
Məzuniyyətin hesablanması
Əvəzçiliklə işləyən işçinin məzuniyyət vaxtı üçün orta əməkhaqqının hesablanması bütün mükafatlar, müavinətlər və əmsallar nəzərə alınmaqla əsas işçilər üçün müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir. Əsas iş yeri üzrə məzuniyyət əlavə iş yerindəki məzuniyyətdən çox olarsa, aradakı fərq ona ərizə əsasında ödənişsiz məzuniyyət verilməklə ödənilməlidir. Həmçinin, əgər işçi işdən çıxan zaman istifadə olunmamış əmək məzuniyyət günləri varsa, işəgötürən onlara görə kompensasiya verməyə borcludur (ƏM maddə 144). Kompensasiyanın məbləği hər iki iş yerində ayrı-ayrılıqda orta əmək haqqına əsasən hesablanır. Əvəzçilik üzrə işləyən işçi məzuniyyətin verildiyi iş ilinin sonuna qədər işdən çıxarılarsa, əvvəlcədən alınan məzuniyyət haqqının məbləği yekun hesablama zamanı onun əmək haqqından tutulur.
İşəgötürən işçinin əmək hüquqlarını pozaraq ona ərizədə göstərilən məzuniyyət günlərini verməkdən imtina edərsə, işçinin məhkəməyə və ya dövlət əmək müfəttişliyinə müraciət etmək hüququ vardır. Əmək qanunvericiliyinin pozulması halında işəgötürən inzibati məsuliyyətə cəlb edilə bilər.
Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə forması
Əvəzçilik üzrə işləyən işçi üçün məzuniyyət ərizə forması qanuni olaraq təsdiqlənməmişdir, o əsas iş yeri üçün əmək məzuniyyəti ərizəsi ilə demək olar ki, eynidir. Ərizə ümumi qaydada tərtib edilərək işçinin tam adı, vəzifəsi, məzuniyyət növü və s. qeyd edilir. Ərizədə göstərilən məzuniyyət vaxtı əsas iş yeri üzrə əmək məzuniyyəti ilə üst-üstə düşməlidir.
Beləliklə, əizədə aşağıdakı məlumatlar:
- ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı və vəzifəsi);
- ərizəni yazan şəxs (işçinin tam adı və vəzifəsi);
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- məzuniyyətin növü, müddəti;
- müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
- əsas iş yerində məzuniyyətin başlama tarixi və müddəti;
- işçinin tam adı və imzası;
- ərizənin tarixi qeyd ediir.
Əvəzçilik üzrə işləyənlərin məzuniyyət üçün ərizə formasını yüklə
Əvəzçilik üzrə işləyən işçinin məzuniyyət ərizəsinə müvafiq təsdiqedici sənədlər də əlavə edilir. Təsdiqedici sənəd kimi əsasən aşağıdakılardan istifadə olunur:
- əsas iş yerindən məzuniyyət arayışı;
- əsas iş yeri üzrə məzuniyyət cədvəlinin təsdiq edilmiş surəti;
- əsas iş yeri üzrə məzuniyyət əmrinin təsdiq edilmiş surəti.
Əvəzçilik üzrə işləyənlərin əmək məzuniyyəti üçün əmr forması
İşçinin ərizəsinə əsasən məzuniyyət əmri hazırlanır. Əmr verilən məzuniyyətin qeydiyyatı və uçotu üçün əsas hesab olunur və məzuniyyətin başlamasına azı 5 gün qalmış rəsmiləşdirilir.
Əmrdə (sərəncamda, qərarda):
- təşkilatın adı;
- əmrin nömrəsi və onun hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- əvəzçilik üzrə işləyən işçiyə verilən məzuniyyətin növü, müddəti;
- müvafiq iş ili, məzuniyyətin başlanğıc və bitmə tarixi;
- əmək məzuniyyətinin müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu tarix;
- işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
- işçinin imzası göstərilməlidir.
Əmr müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir. Əvəzçilik üzrə işləyənlərin məzuniyyəti əsas iş yerində əmək məzuniyyətinin rəsmiləşdirilməsi ilə analijidir.