Əvəzçilik qaydasında əmək müqaviləsi

posted in: Xəbər | 0

Əvəzçilik qaydasında əmək müqaviləsi, əmək müqaviləsi, xidməti müqavilələrin bağlanması, müddətli əmək müqaviləsi,İşçinin bir neçə iş yerində çalışması üçün qanunvericiliklə müəyyənləşdirilmiş hüquqi şərtlərə əməl etmək tələb olunur. Mövzunu insan resurslarının idarə olunması mütəxəssisi Nihad Əliyev şərh edir.

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əmək müqaviləsinin şərtləri imkan verdiyi hallarda işçi əsas iş yeri üzrə müəyyən olunmuş iş vaxtından sonra həm əsas iş yerində, həm də əvəzçilik qaydasında əmək müqaviləsi bağlayaraq başqa iş yerlərində əmək fəaliyyəti ilə məşğul ola bilər.

Bu zaman işçinin əmək kitabçası saxlanılan iş yeri əsas iş yeri, əvəzçilik üzrə əmək müqaviləsi bağlanan iş yeri isə əlavə iş yeri sayılır.

Əvəzçilik üzrə əmək müqaviləsi əmək kitabçası təqdim edilmədən bağlanılır, iş vaxtının müddəti isə tərəflərin razılığı ilə Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla müəyyən edilir. İş vaxtından sonra əvəzçilik üzrə əlavə iş yerlərində işləməyə əsas iş yeri üzrə işəgötürənin razılığı tələb edilmir. İş vaxtı ərzində əvəzçilik üzrə işləməyə isə əsas iş yeri üzrə işəgötürənin razılığı ilə yol verilir. Əvəzçilik üzrə əmək şəraitinin şərtlərini, əmək funksiyasının həcmini işəgötürən ilə işçi müəyyən edir. Əlavə iş yerində işçilərə, Əmək Məcəlləsinin 89-cu maddəsinin 5-ci və 6-cı hissələrində göstərilən hallar istisna olunmaqla, heç bir məhdudiyyət qoyulmadan əmək qanunvericiliyi ilə müəyyən edilmiş bütün normalar, qaydalar və müddəalar şamil edilir.

İşçi əsas iş yerində zərərli, təhlükəli və insan sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, onun eyni əmək şəraitli əlavə iş yerində çalışması yolverilməzdir. Yaşı 18-dən az olan işçilərin əvəzçilik qaydasında əlavə iş yerində çalışmalarına yalnız onların həm əsas, həm də əlavə iş yerində gündəlik iş vaxtının cəmi Əmək Məcəlləsinin 91-ci maddəsində onlar üçün nəzərdə tutulmuş qısaldılmış iş vaxtından çox olmadıqda yol verilə bilər. Bilavasitə qanunvericilikdə nəzərdə tutulmuş hallarda dövlət hakimiyyəti orqanlarının müvafiq vəzifəli şəxslərinə bu maddədə nəzərdə tutulan əvəzçilik üzrə əmək müqaviləsi bağlayaraq əlavə iş yerində işləmək hüququ şamil olunmur.

Biznes hesabi

Əmək müqaviləsindəki şərtlərdən biri də işçinin əsas və əlavə iş yerində çalışması ilə bağlıdır. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi bir əsas iş yerində çalışmaqla yanaşı, bir və ya bir neçə əlavə iş yerində də çalışa bilər. Lakin təcrübədə bəzi suallar yaranır ki, onlara aydınlıq gətirməyi zəruri hesab edirəm.


İşçinin iş həcminin artırılması üçün əlavə ödənişlər


Əlavə iş yerində iş vaxtının müddəti əsas iş yerindəki iş vaxtından asılıdırmı?

Əlavə iş yerində gündəlik və həftəlik iş vaxtının müddəti əsas iş yerindən asılı deyil. Yəni işçi əsas iş yerində gündəlik 1, 4 və ya 8 saat çalışsa belə, əlavə iş yerində iş vaxtının müddəti gündəlik 4, həftəlik 20 saatdan çox ola bilməz. Çünki Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əvəzçilik üzrə iş vaxtının müddəti Əmək Məcəlləsinin 89-cu maddəsi ilə müəyyən edilmiş normanın yarısından çox olmamaqla tərəflərin razılığı ilə müəyyən edilir. Məcəllənin 89-cu maddəsində nəzərdə tutulan norma isə gündəlik 8, həftəlik 40 saatdır. Həmin normaların yarısı gündəlik 4, həftəlik 20 saat edir.

Əlavə iş yerində çalışmaq üçün işçi əsas iş yerindən razılıq almalıdırmı?

İşçi əsas iş yerində çalışmaqla yanaşı, əlavə iş yerində çalışmaq istəyirsə və əlavə iş yerinin iş vaxtı əsas iş yerininki ilə üst-üstə düşürsə, bu zaman əsas iş yerindən razılıq alınmalıdır. İşçi əlavə iş yerində əsas iş yerində müəyyən olunmuş iş vaxtından sonra işləyəcəyi halda isə əsas iş yerindən razılıq alınmasına ehtiyac yoxdur.

İşçi eyni iş yerində həm əsas, həm də əlavə iş yeri olaraq çalışa bilərmi?

İşçi eyni iş verində həm əsas, həm də əlavə iş yeri olaraq çalışa bilər. Məsələn, işçi “AAA” MMC-də saat 09:00-dan 18:00-dək əsas iş yeri olaraq mühasib vəzifəsində, 18.00-dan 21.00-dək əlavə iş yeri olaraq insan resursları üzrə mütəxəssis vəzifəsində çalışa bilər. Və ya işçi 09:00-dan 13:00-dək əsas iş yerində mühasib, 14:00-dan 18:00-dək əlavə iş yeri olaraq insan resursları üzrə mütəxəssis vəzifəsində çalışa bilər.

Əlavə iş yeri üçün müəyyən olunmuş gündəlik 4 saat, həftəlik 20 saat iş vaxtı müddəti bir əlavə iş yeri, yoxsa bir neçə əlavə iş yeri üçün müəyyən olunur?

Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, əlavə iş yeri üzrə müəyyən olunmuş gündəlik 4, həftəlik 20 saat iş vaxtı müddəti tək bir iş yerinə deyil, bir neçə iş yerinə də aiddir.

Məsələn, tutaq ki, bir işçi, dörd müəssisədə əvəzçilik qaydasında çalışır. İşçinin həmin dörd əlavə iş yerində çalışdığı iş vaxtının ümumi müddəti gündəlik 4, həftəlik 20 saatdan çox ola bilməz.

Əlavə iş yerində çalışan işçi əsas iş yerində çalışan işçiyə münasibətdə Əmək Məcəlləsi üzrə qeyd olunan butun hüquqlara malikdirmi?

İşçinin əsas iş yerində əmək qanunvericiliyi ilə hansı hüquqları varsa, əlavə iş yerində də eyni hüquqları vardır.

Məsələn, tutaq ki, işçi əsas iş yerində insan resursları üzrə mütəxəssis vəzifəsində çalışır və Əmək Məcəlləsinin 114-cü maddəsinə əsasən, ona 30 təqvim günü məzuniyyət müəyyən olunmuşdur. Həmin işçinin məzuniyyət müddəti əsas iş yerində olduğu kimi əlavə iş yerində də 30 təqvim günü müəyyən olunacaqdır.

Əlavə iş yerində çalışan işçinin əmək kitabçasında əlavə iş yeri ilə bağlı qeydlər aparılmalıdırmı?

Əlavə iş yerində çalışan işçinin əmək kitabçasında əlavə iş yeri ilə bağlı qeydlər işçinin öz razılığı ilə qeyd oluna bilər. Bəzən təcrübədə sual yaranır: əmək kitabçası əsas iş yerində saxlanılırsa, işçi əlavə iş yerində işdən azad olunduqda bu, əmək kitabçasında necə qeyd ediləcək? Bu halda yaxşı olardı ki, işçi əmək kitabçasını əsas iş yerindən götürmək üçün əsas iş yerinə yazılı müraciət etsin, əlavə iş yerində əmək kitabçasına müvafiq qeyd aparılandan sonra isə əmək kitabçasını yenidən əsas iş yerinə qaytarsın.

Əlavə iş yerində çalışmaqla bağlı aşağıda qeyd olunan məhdudiyyətləri nəzərə almaq lazımdır.

1. Əmək Məcəlləsinin 91-ci maddəsinə əsasən, yaşı 18-dən aşağı olan şəxslər üçün qısaldılmış iş vaxtı tətbiq edilir. Belə ki, yaşı 18-dən aşağı olan şəxşlərin Məcəllənin 58-ci maddəyə əsasən, əsas və əlavə iş yerlərində iş vaxtının müddətləri 24 və 36 saatdan çox ola bilməz. Məsələn, 20 yaşlı işçinin əsas iş yerində həftəlik iş vaxtının müddəti 40, əlavə iş yer(lər)ində 20 saat – ümumilikdə həftəlik 60 saat olduğu halda, yaşı 18-dən aşağı olan şəxslərin əsas və əlavə iş yerlərində həftəlik iş vaxtlarının ümumi müddəti 24 və ya 36 saatdan çox ola bilməz. İşçilərin yaşlarına uyğun həftəlik iş saatlarının norması bu cədvəldəki kimidir:

İşçinin yaşı Əsas iş yerində həftəlik iş saatları Əlavə iş yerində həftəlik iş saatları İki iş yerində iş saatlarının cəmi
15 yaş 20 4 24
17 yaş 25 11 36
25 yaş 40 20 60

2. Əmək Məcəlləsinin 58-ci maddəsinə əsasən, işçi əsas iş yerində zərərli, təhlükəli və insanın sağlamlığına mənfi təsir göstərən amillər olan əmək şəraitində işləyirsə, əlavə iş yerində zərərli, insan sağlamlığına mənfi təsiri olan əmək şəraitində çalışa bilməz. Bununla belə, həmin işçi insan sağlamlığı üçün təhlükəli olmayan digər vəzifədə əlavə iş yeri kimi çalışa bilər.

Mənbə: “Əmək qanunvericiliyinin tətbiqi və əməkhaqqı hesablanması zamanı yaranan aktual məsələlərin tam praktiki izahı” kitabı.

Mənbə: vergiler.az


Səyahət sığortasından ƏDV tutulurmu?