Sahibkarlar əvvəlki ilin zərərini necə kompensasiya edə bilər?

posted in: Xəbər | 0

əməkhaqqı, əməkhaqqının hesablanması,Artıq 2021-ci il sona çatıb və kiçik sahibkarlar illik mənfəət vergisi bəyannaməsini hazırlayırlar. Onları maraqlandıran məsələlərdən biri illik mənfəət vergisi bəyannaməsini təqdim etdikdə əvvəlki ilin zərərinin necə nəzərə alınmasıdır. Mövzuya sərbəst auditor Altay Cəfərov konkret misal üzərindən aydınlıq gətirir.

Misal: “AA” MMC 2020-ci ildən mikro sahibkarlıq subyektidir. Şirkət 2020-ci ili 4.000 manat zərərlə başa vurub, 2021-ci ildə isə özünün hesabladığı göstəricilərə görə, mənfəəti 20.000 manat olub. 2021-ci il üçün şirkət nə qədər mənfəət vergisi ödəməlidir?

Vergi Məcəlləsinin 106.1.20-ci maddəsinə əsasən, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi vergidən azaddır.

Məcəllənin 121.1-ci maddəsində isə göstərilib ki, müəssisənin gəlirlərdən çıxılmasına yol verilən xərclərinin gəlirdən artıq olan hissəsi beş ilədək davam edən sonrakı dövrə keçirilir və illər üzrə məhdudiyyət qoyulmadan həmin illərin mənfəəti hesabına kompensasiya edilir.

Məcəllənin istinad etdiyimiz maddələrinə nəzər yetirdikdə iki yanaşmanın mümkün olduğu görünür:

– birinci, əvvəl 106.1.20-ci maddəni, sonra 121-ci maddəni tətbiq etmək;

– ikinci, əvvəl 121-ci maddəni, daha sonra isə 106.1.20.-ci maddəni tətbiq etmək.


Fondlara ödəniş edən vergi ödəyicilərinə güzəşt olunur


Hər iki hal üçün ödənilməli olan vergi məbləğini hesablayaq.

Birinci halda şirkətin 2021-ci ildə mənfəət vergisi belə hesablanacaq:

Mənfəət vergisindən azad edilmiş məbləğ – 20.000 x 75% = 15.000 manat

Vergi tutulmalı olan mənfəət – 20.000-15.000 = 5.000 manat

2020-ci ilin zərəri növbəti 5 ilin mənfəəti ilə kompensasiya edildiyindən hesablama belə olacaq:

5.000–4.000 (zərər) = 1.000 manat

1.000 x 20% = 200 manat.

Bu halda 2021-ci il üçün 200 manat mənfəət vergisi ödənilməlidir.

İkinci yanaşmaya əsasən, şirkətin 2021-ci ildə mənfəət vergisi belə hesablanacaq:

2021-ci ilin mənfəətindən 2020-ci ilin zərəri çıxılır və vergi tutulan mənfəət formalaşır: 20.000–4.000 = 16.000 manat

16.000 x 75% = 12.000 manat.

16.000-12.000 = 4.000 manat.

Bu halda 2021-ci il üçün mənfəət vergisi 4.000 x 20% = 800 manat olacaqdır.

Göründüyü kimi, məsələyə fərqli yanaşmalarda mənfəət vergisinin məbləğində də fərq yaranır. Sual ortaya çıxır: bu yanaşmaların hansı düzgündür?

Vergi Məcəlləsinin 106.1.20.-ci maddəsinə diqqətlə nəzər yetirsək, görərik ki, vergi güzəşti sahibkarlıq fəaliyyətindən cari ildə əldə edilmiş mənfəətinə tətbiq edilir. Yəni 2021-ci ildə yaranan mənfəətin 75 faizini vergidən azad olunur, növbəti azadolma və ya güzəşt isə qalan mənfəətə tədbiq edilir.

Məcəllənin 121.1-ci maddəsinin tətbiqi üçün ilkin olaraq 2021-ci ilin vergi tutulan mənfəəti formalaşmalıdır ki, bundan sonra zərər kompensasiya edilsin.

2021-ci ilin vergi tutulan mənfəəti 75 faizlik güzəşt çıxıldıqdan sonra yaranır. Yəni 20.000 manat ümumi mənfəətdən 75 faiz çıxılır. Deməli, vergi tutulan mənfəətin məbləği 5.000 manatdır. Artıq və bundan sonra 121.1-ci maddə tətbiq edilə, yəni zərər azaldıla bilər.

Beləliklə, nəzərdən keçirdiyimiz birinci yanaşmaya əsaslanan hesablama düzgündür.

Mənbə: vergiler.az


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *