Excel-də tarix və saatla işləmək üçün bir çox faydalı funksiya mövcuddur. Bu yazımızda aşağıdakı funksiyalar haqqında məlumat verməyə çalışacağıq:
- TODAY və NOW funksiyaları;
- HOUR, MINUTE, SECOND funksiyaları;
- YEAR, MONTH, DAY funksiyaları.
- DATE funksiyası.
TODAY və NOW funksiyaları
TODAY funksiyası faylın açıldığı hər bir tarixdə o günə olan tarixi göstərir. Hər hansı bir xanaya =TODAY() yazsaq, fayl hər açıldıqda, o günə olan tarixi göstərəcək.
Bu günə olan tarixi göstərmənin ən qısa yolu Ctrl+; shortcut-ıdır.
Amma belə olan halda, shortcut ilə yazsaq, TODAY funksiyasında olduğu kimi, günlər keçdikcə tarix yenilənməyəcək.
NOW funksiyası isə, TODAY funksiyası ilə tək bir fərq istisna olmaqla eynidir. TODAY funksiyası sadəcə tarixi verdiyi halda, NOW funksiyası tarixlə birgə saatı da göstərir. İstifadə qaydaları aşağıdakı kimidir.
NOW funksiyasına xas bir xüsusiyyət də ondan ibarətdir ki, hər hansı bir xanaya hər hansı bir məlumat daxil etdiyimizdə, və ya hər hansı bir məlumatı dəyişdirdiyimizdə, NOW funksiyası yazılan xana da avtomatik yenilənəcəkdir. Əlavədəki faylı endirib bunun şahidi ola bilərsiniz.
HOUR, MINUTE, SECOND funksiyaları
Adından da aydın olduğu kimi, saat formatlı xanaları komponentlərinə ayırmağa yardım edən funksiyalardır. C2 xanasına hər hansı bir saat daxil etdikdə, onu saat, dəqiqə və saniyələrinə adıkeçən funksiyalar ilə bölə bilərik.
YEAR, MONTH, DAY funksiyaları
Bu funksiyalar da, bundan öncəkilər kimi çox sadə və anlaşıqlıdır. Hər hansı bir tarix formatlı xananı il, ay və gün olaraq komponentlərinə ayırmağa yardım edən funksiyalardır. Saat funksiyaları ilə eyni məntiqdə işləyirlər.
DATE funksiyası
DATE funksiyası isə YEAR, MONTH və DAY funksiyalarının tam tərsidir. Yəni, adıçəkilən 3 funksiya bir tarixi 3 kompenentinə ayırırsa, DATE funksiyası, ayrı-ayrılıqda olan 3 komponenti bir yerə yığmaya yarayır. Fərz etsək ki, il, ay və gün 3 fərqli xanada yerləşir, o zaman DATE funksiyası ilə onları birləşdirib tarix əldə edə bilərik.
Sintaksı gördüyümüz kimi, çox sadədir. Öncə il, sonra ay, sonda isə gün funksiyanın içinə daxil edilir.
DATE funksiyası əsasən ödəmə qrafiklərinin tərtib olunması, işçilərin iş stajlarının hesablanması, investisiya layihələrinin qiymətləndirilməsi və ölçülməsi zamanı daha sıx istifadə olunur.
Formullar olan faylı əlavədən endirə bilərisiniz.
Uğurlar!
Faylı yükləyin: Tarix və Saat funksiyaları
Müəllif: Elçin Xəlilov