Ezamiyyətdəki mehmanxana xərci necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

mehmanxana xərci Sual: “A” müəssisəsi fəaliyyəti ilə bağlı işçilərini ölkə daxilində ezamiyyətə göndərir. İşçi mehmanxanada qaldığı halda ona xidmətlə bağlı işçinin adına “Kassa mədaxil orderi” və ya “Mehmanxana qəbzi” təqdim edilir. AR Vergi Məcəlləsinin 109.7-ci maddəsi (Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi gəlirdən çıxılmır) və AR Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” Qərarının 1-1 bəndini əldə rəhbər tutaraq (Müəyyən edilsin ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi ödənilir). İşçinin ezamiyyətdəki mehmanxana xərci hansı sənədlər əsasında aid edilməlidir? Sənədlər təqdim edilmədiyi təqdirdə hansı miqdarda xərcə aid edilə bilər?

Cavab: Bildiririk ki, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir, mehmanxana xərcləri işçiyə ezamiyyətdə olduğu müddətdə hər təqvim günü üçün (yolda olduğu müddət nəzərə alınmadan) ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsi daxilində müvafiq təsdiqedici sənədlər əsasında, təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda isə ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizi miqdarında ödənilir. Faktiki ezamiyyə xərclərinin yalnız Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyənləşdirdiyi norma daxilində olan hissəsi (əvəzləşdirilməsinə yol verilməyən ƏDV məbləği daxil olmaqla) mənfəət vergisinin məqsədləri üçün vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir. Sorğunuzda qeyd edilən qaydada işçiyə ödənilən ezamiyə xərcləri gəlirdən çıxılan xərclərə aid edilə bilər. Eyni zamanda bildiririk ki, qanunvericiliklə müəyyən edilmiş normadan artıq ödənilən faktiki ezamiyyə xərclərinin məbləği müvafiq sənədlərlə təsdiq edilmədiyi halda, həmin xərclərin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olan hissəsi işçinin vergiyə cəlb olunan gəlirinə aid edilir. Mehmana xərcləri isə Maliyyə Nazirliyinin 04.04.2016-cı il tarixli Q-09 nömrəli Qərarının 44 nömrəli əlavəsi ilə təsdiq edilmiş “Mehmanxana qəbzi” ilə rəsmiləşdirilir.

Bax: Vergi Məcəlləsinin 108-ci və 109.7-ci maddələri, “Ezamiyyə xərclərinin normaları haqqında” Nazirlər Kabinetinin 25 yanvar 2008-ci il tarixli 14 nömrəli qərarına, Maliyyə Nazirliyinin 18 yanvar 2012-ci il tarixli Q-01 nömrəli Qərarı ilə təsdiq olunmuş “İşçilərin Ezamiyyə Qaydaları” və Maliyyə Nazirliyinin 04.04.2016-cı il tarixli Q-09 nəmrəli Qərarının 44 nömrəli Əlavəsi.

Mənbə: taxes.gov.az

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email