Faiz xərci yaradan öhdəliklər: bank kreditləri

posted in: Xəbər | 0

Faiz xərci yaradan öhdəliklər

Maliyyə vəziyyətinin təhlili zamanı istifadə olunan əsas göstəricilərdən biri faiz xərci yaradan öhdəliklərdir.

Bank kreditləri faiz xərci yaradan öhdəliklərə bariz nümunə ola bilər. Hər nə qədər təşkilatın digər müəssisələrdən borc vəsaiti götürə bilməsi imkanından danışsaq da, real olaraq təşkilatlar arasında borclaşmaq adəti formalaşmayıb və bunun obyektiv səbəbləri vardır.

İlk növbədə, belə səbəblərdən biri verilmiş borcun sonradan qaytarılmasında mükəmməl mexanizminin mövcud olmamasıdır. Əgər siz sağa sola borc verib, lakin əlinizdə vaxtında ödənilməyən borcların qaytarılması mexanizminə sahib deyilsinizsə pul vəsaitləri ilə problem yarana bilər.

Banklar, bank olmayan kredit təşkilatları ilə isə belə problemlər yoxdur. Belə ki, onlar:

Mühasibat xidmətləri
  • borc pul verilməsi sahəsində lisenziya almış;
  • real borc vermək potensialına malik;
  • verilmiş borcların alınmasını həyata keçirə biləcək hüquqi şəxslərdir.

Bankların olduqca fərqli fəaliyyət istiqamətləri olsa da, əsas fəaliyyətləri aşağı dərəcə ilə cəlb etdikləri əmanətləri yuxarı dərəcə ilə kredit kimi başqa şəxslərə verməklə faiz gəliri əldə etməkdir.

Bank kreditləri və faiz xərci yaradan öhdəliklər  

Bank faəliyyəti ilə məşğul olan təşkilat kredit verərkən faizlər müəyyən edir. Adətən faizlər biznes kreditlərində 10-12 % , istehlak kreditlərində 18-20% dərəcəsi arasında olur. Ümumən bank kredit faizi dərəcələri Mərkəzi Bankın uçot dərəcəsi ilə tənzimlənir.

Belə faiz xərci yaradan öhdəliklər müəssisə üçün müəyyən qədər maliyyə yükü yaradır. Çünki hissə-hissə qaytarmış olsa belə, təşkilat faktiki götürdüyü puldan artıq məbləğ ödəmiş olur. Kredit xətti ilə əldə edilmiş vəsait səmərəli istifadə edilməsə müəssisənin tənəzzülünə səbəb ola bilər.

Götürülmüş kreditlər üzrə ödənilən faiz xərcləri əlbəttə ki, “maliyyə xərcləri” kimi xərclərə aid edilməli, mənfəət-zərər hesabatında əks etdirilməlidir.

Faiz xərci yaradan öhdəliklərin növləri

Faiz xərci yaradan öhdəliklər uzunmüddətli öhdəliklər qısamüddətli öhdəliklər kimi fərqləndirilə bilər. Lakin söz bank xərclərindən gedirsə onlar adətən uzunmüddətli olur. Vergi uçotunda bank kreditləri formasında uzunmüddətli borclara görə faiz xərclərini, hesablama metodundan istifadə edilsə belə, tam şəkildə gəlirdən çıxılmağa icazə verilmir.

Mühasibat uçotu məqsədləri üçün məsələ eynidir. Yəni müəssisə bankdan uzunmüddətli kredit götürəndə faiz xərclərini dərhal tanımır. İlk növbədə öhdəlik tanınır. Bundan sonra isə hər dəfə faiz ödəndikcə öhdəlik azalaraq xərcə silinir.

Digər səbəb faiz xərclərinin konkret nə qədər olacağını əvvəlcədən dəqiq müəyyən etməyin əslində qeyri-mümkün olmasıdır. Çünki faiz xərcləri adətən əsas borcdan ödənilən hissəyə bağlı olur. Təşkilat bəzən az, bəzən çox ödəniş edə bilər. Bu bank kreditinin geri qaytarılması formasının seçimindən asılıdır.

Bank kreditlərinin qaytarılma formaları   

Banklar kreditləri adətən annuitet qaydasında verirlər. Annuitet kredit üzrə əsas borcun və borca hesablanmış faizlərin müntəzəm aylıq bərabər hissələrlə ödənişidir. Ödəniş məbləğləri aylar üzrə elə hesablanıb bölünür ki, kreditin ödəniş müddətinin sonunda borc tamamilə bağlanmış olsun.

Ödənişlərin digər qaydasının, diferensial metodun mövcudluğunu isə kredit götürənlər ya heç bilmir, yaxud da kredit götürməyə o qədər ehtiyac duyur ki, bankın diktəedici mövqeyinə tabe olub razılaşır.

Diferensial ödəniş qaydası faizlər borcun qalıq məbləğinə görə hesablanır və ödənir. Bank kreditinin belə ödənişi zamanı aylıq ödənişlərin məbləği kredit müddətinin sonuna doğru azalacaqdır. Çünki  faizlər borc məbləğinin qalıq hissəsinə görə ödəniləcək.

Faiz xərci yaradan öhdəliklər üzrə mühasibat yazılışları

Kredit borclarının biri növü kimi faiz xərci yaradan öhdəliklər üzrə mühasibat yazılışlarını nümunədə izah edək.

Nümunə: Şirkət “Uzun yol” ASC bankından 25000 manat dəyərində 3 illik kredit götürmüşdür. Hesab edək ki, ödənişlər kreditin verilmə qaydasının yayğın forması olan annuitet qaydada nəzərdə tutulmuşdur. İllik faiz dərəcəsi 10 % müəyyən edilmişdir.

Müəssisə bankdan pulu nağdsız qaydada, onun bank hesabına köçürülməklə əldə etmişdir.

Bu zaman aşağıdakı müxabirləşmə verilməlidir :

DT  223                         KT  401            25.000

Burada 401 nömrəli hesab uzunmüddətli bank kreditlərinə aiddir.

Yuxarıda qeyd etdiyimiz şərtlərlə müəssisənin öhdəlik üçün aylıq ödənişi 806.68 manat təşkil edir ki, onun da 1-ci ay üçün 598.35 manatı əsas borcun ödənişinə, 208.33 manatı isə faiz borcunun ödənişinə yönəlmişdir. Mühasib aşağıdakı müxabirləşməni verməlidir :

DT  401                        KT  223            598.35

DT  751                         KT  223            208.33

Burada 751 nömrəli hesab uzunmüddətli bank kreditlərinə aiddir.

Mühasibat uçotunun hesablar planı: əsas anlayışlar