2026-cı il yanvarın 1-dən etibarən fərdi sahibkarların məcburi dövlət sosial sığorta (MDSS) haqqının hesablanması qaydasında dəyişiklik edilib. Əvvəl tətbiq olunan sabit və regionlara görə fərqləndirilmiş sistem ləğv edilərək dövriyyəyə əsaslanan vahid faiz mexanizmi tətbiq edilib.
Yenilikləri “Business Service Center” MMC şirkətinin maliyyə və mühasibat işləri üzrə mütəxəssisi Elşən Əliyev şərh edib.
Yeni qaydaya əsasən, fərdi sahibkarlar məcburi dövlət sosial sığorta haqqını sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirin (xərclər çıxılmadan) 2 faizi həcmində hesablayırlar. Hesablanan məbləğ minimum aylıq əməkhaqqının 15 faizindən az, 100 faizindən isə çox ola bilməz.
2026-cı il üçün minimum aylıq əməkhaqqı 400 manat müəyyən olunduğundan:
• minimum MDSS məbləği — 60 manat;
• maksimum MDSS məbləği — 400 manat təşkil edir.
Bu o deməkdir ki:
• hesablanan məbləğ 60 manatdan az olduqda 60 manat;
• 400 manatdan çox olduqda isə maksimum 400 manat ödənilir.
Məcburi dövlət sosial sığorta haqqı aylıq hesablanır və növbəti ayın 15-dən gec olmayaraq ödənilməlidir.
Misal 1
Sumqayıtda fərdi sahibkar kimi fəaliyyət göstərən Məmmədov Samirin (adlar şərtidir) 2026-cı ilin may ayında gəliri 14.000 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
14.000 x 2% = 280 manat.
Hesablanan məbləğ müəyyən edilmiş hədlər daxilində olduğuna görə, ödənilməli MDSS haqqı 280 manat təşkil edir.
Misal 2
Qəbələdə fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseynova Zərifənin 2026-cı ilin fevral ayında gəliri 1.800 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
1.800 x 2% = 36 manat.
Hesablanan məbləğ minimum həddən aşağı olduğuna görə, sahibkar 60 manat MDSS haqqı ödəməlidir.
Misal 3
Şəkidə fərdi sahibkar kimi fəaliyyət göstərən Əliyev Nurlanın 2026-cı ilin avqust ayında gəliri 35.000 manat olub. Onun ödəyəcəyi MDSS haqqı məbləğini hesablayaq:
35.000 x 2% = 700 manat.
Hesablanan məbləğ maksimum həddi keçdiyindən, sahibkar 400 manat MDSS haqqı ödəyəcək.
Yeni tətbiq olunan qayda fərdi sahibkarların sosial sığorta ödənişlərinin faktiki gəlirlərə uyğun hesablanmasını təmin edir. Bununla həm vahid və şəffaf hesablama mexanizmi formalaşdırılır, həm də sahibkarların sosial öhdəlikləri daha ədalətli şəkildə müəyyən edilir.
