Azərbaycanda “Fərqlənmə nişanı”nın verilməsi proseduru sadələşdirilib

posted in: Xəbər | 0

Azərbaycanda avtomobil nəqliyyatı ilə daşımalara dair prosedur qaydalarının təkmilləşdirilməsi məqsədilə fərqlənmə nişanlarının verilməsi ilə bağlı müvafiq qaydalara dəyişiklik edilib.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən (DANX) məlumat verilib.

Məlumata görə, məqsəd daşıyıcıların və sürücülərin rahatlığının təmin edilməsi, fiziki təmasların minimuma endirilməsi və prosesin icrası zamanı sui-istifadə hallarının aradan qaldırılmasıdır.

Yeni prosedur qaydalarının tətbiq edilməsinə qədər “Fərqlənmə nişanı” vergi ödəyicisinin ərizəsinə əsasən 2 iş günü ərzində verilirdi. Avtomobil nəqliyyatı ilə sərnişin və yükdaşımalarını həyata keçirən vergi ödəyicilərinə (Bakı şəhərinin inzibati ərazisində avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili sərnişindaşımanı və taksi minik avtomobilləri ilə sərnişindaşımanı həyata keçirən vergi ödəyiciləri istisna olmaqla) “Fərqlənmə nişanı” və “Xüsusi fərqlənmə nişanı”nı DANX verir. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yükdaşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdır.

Yeni qaydalara əsasən, bu fəaliyyətlə məşğul olan və ya olmaq istəyən şəxs “Fərqlənmə nişanı” əldə etmək üçün Bakı Beynəlxalq Avtovağzal Kompleksi də daxil olmaqla respublikanın müvafiq region avtovağzallarında xidmət göstərən Nəqliyyat xidmət mərkəzlərinə müraciət edərkən ona prosedurun icra mexanizmi barədə ətraflı məlumat verilir. İlkin mərhələdə vergi ödəyicisi avtovağzalın 1-ci mərtəbəsində yerləşən NRYTN-a məxsus “Azərpoçt” MMC-nin “Şəbəkə” xidmət mərkəzində, respublikanın digər şəhər və rayonlarında isə “Azərpoçt”un müvafiq şöbələrinə yaxınlaşıb ərizə blankını doldurmalıdırlar. Növbəti mərhələdə sərnişindaşıma fəaliyyəti ilə məşğul olan (həmçinin yeni müraciət edən) şəxs nəqliyyat vasitəsinin şəhadətnaməsini təqdim edərək, göstərəcəyi daşıma xidməti üçün nəzərdə tutulan vergini ödədikdən sonra “Fərqlənmə nişanı”nı əldə edir. Prosesin yekununda avtovağzalların ərazisində yerləşən Texniki Müayinə Mərkəzində nəqliyyat vasitəsi vizual olaraq texniki müayinədən keçirilir. Texniki müayinənin nəticələri barədə müvafiq sənədlər möhürləndikdən sonra vergi ödəyicisi nəqliyyat vasitəsi ilə reysə başlamaq üçün icazə əldə edir.

Bu prosesin icrası üçün ümumi prosedur 40 dəqiqə təşkil edir. 2 iş günündən 40 dəqiqəyə qədər azaldılan icra müddəti həm sahibkarın vaxtına qənaət etmiş olur, həm verginin ödənilməsi tam şəffaf həyata keçirilir, həm də bütün proses eyni məkanda təşkil edilir.

Prosesin təşkili və icrası üçün “Avtomobil Nəqliyyatı ilə Daşımaların Təşkili” MMC-nin müfəttişləri avtovağzallara və “Azərpoçt”un müvafiq şöbələrinə ezam edilib.

Mənbə: report.az



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *