242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı: uçot prinsipləri və tənzimləmələr

posted in: Xəbər | 0

Mühasibat uçotunun təməl prinsiplərindən biri – fəaliyyətin fasiləsizliyi prinsipi – müəssisələrdə gələcək dövrlərə aid xərclərin həmin dövrə ötürülərək düzgün maliyyə nəticəsinin göstərilməsini tələb edir. 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesab bu prinsipə əsaslanaraq, cari dövrdə ödənilən, lakin gələcək 12 ay ərzində fayda gözlənilən xərcləri uçota almaq məqsədi daşıyır.

Qısamüddətli aktivlərin əsas kateqoriyaları

Qısamüddətli aktivlər – müəssisənin bir ildən az müddətdə pula çevrilməsi, istifadə olunması və ya xərclənməsi nəzərdə tutulan resurslarını əks etdirir. Qısamüddətli kimi xarakterizə edilən bu aktivlər maliyyə hesabatlarında aktivlərin tərkibində ilkin sırada təqdim olunur və müəssisənin likvidlik səviyyəsini göstərmək baxımından böyük əhəmiyyət daşıyır.

AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları ”-na uyğun olaraq Azərbaycan Respublikasında mühasibat uçotu subyektləri üçün Hesablar Planına əsasən qısamüddətli aktivlər aşağıdakı əsas kateqoriyalara bölünür:

  1. Ehtiyatlar (20-ci maddə);
  2. Qısamüddətli debitor borcları (21-ci maddə);
  3. Pul vəsaitləri və onların ekvivalentləri (22-ci maddə);
  4. Sair qısamüddətli maliyyə aktivləri (23-cü maddə);
  5. Sair qısamüddətli aktivlər (24-cü maddə).

Həmin kateqoriyalara aid olan mühasibat uçotu hesabları barədə burada ətraflı şərh olunub.

Mühasibat xidmətləri
Məqalədə mühasibat uçotu subyektləri dedikdə, “kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatları, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər və publik hüquqi şəxslər (Azərbaycan Respublikasının Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna olmaqla) nəzərdə tutulur”.

 

Sair qısamüddətli aktivlər üzrə uçot hesabları

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabı sair qısamüddətli aktivlər kateqoriyasına aid olan hesablardan biridir. Həmin kateqoriyanın digər uçot hesabları bunlardır:

Sair qısamüddətli aktivlər mühasibat uçotu subyektlərində vaxtında planlaşdırılmış xərclərini, avans ödənişlərini və bərpa olunan vergi məbləğlərini əks etdirməklə yanaşı, həm də gələcəkdə iqtisadi fayda gətirəcəyi gözlənilən resurslar kimi təqdim olunur. Onların düzgün uçotu maliyyə hesabatlarının real və dürüst olmasını təmin edir. Bu hesabların əksəriyyəti passiv hesablarla müxabirləşmə yolu ilə formalaşır (məsələn: bank hesabı, nağd pul vəsaiti və ya kreditlər hesabı ilə), istifadəsi zamanı isə xərclər və ya zərərlər hesabları ilə müxabirləşir (məsələn: 731 – “Sair əməliyyat xərcləri”, 711 – “Kommersiya xərcləri”  və s.).

242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabının məzmunu və funksiyası

242 saylı hesab cari dövr ərzində həmin dövrün gələcək hissəsinə aid xərcləri (məsələn, icarə haqqı, abunə haqları, avans ödənişlər, təmir xərcləri) əks etdirir .
Hesabın funksiyalarını aşağıdakı kimi qruplaşdırmaq olar:

  1. Qısamüddətli aktivlər qrupuna aiddir – bu hesab gələcək dövrə aid xərclərin düzgün şəkildə öz dövrünə aid olaraq qeyd olunmasına kömək edir.
  2. Xərclərin mərhələli tanınması – abunə haqları, icarə ödənişləri və xidmətlər gələcək 12 ay ərzində “ay-ay” hesablara köçürülür.
  3. Maliyyə balansının funksional göstərilməsi – balansda xərclər yerində qalar, gəlir-zərər hesabatına isə düzgün dövrərə aid məbləğlər ötürülür.

Məsələn, 360 manatlıq 6 aylıq internet abunə ödənişinə əvvəlcə debet 242, kredit 223 kimi müxabirləşmə verilir, sonra isə hər ay 60 manata debet 731, kredit 242 kimi müxabirləşmə verilir.

242 saylı hesab üzrə tənzimləmələr

Mühasibat uçotu subyektlərində 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesab üzrə tənzimləmələr “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 26-ci bölməsinin 26.5-26.8 bəndləri əsasında  aparılır:

  • gələcək dövrün gəlirlərinin əldə edilməsi üzrə çəkilən xərclər – qaydaların 26.5-ci bəndi;
  • səhmdar tərəfindən nizamnamə kapitalı kimi çəkilən gələcək hesabat dövrünün xərcləri – 26.6-ci bənd;
  • gələcək hesabat dövrünün xərcləri cari hesabat dövründə xərc kimi tanındıqda – 26.8-ci bənd.

Qaydaların 26.7-ci bəndinə görə 242 saylı “Gələcək hesabat dövrünün xərcləri” hesabına aşağıdakı subhesablar açılır:

  • 242-1 saylı “Satışın maya dəyəri xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-2 saylı “Kommersiya xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-3 saylı “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri”;
  • 242-4 saylı “Maliyyə xərcləri üzrə gələcək hesabat dövrlərinin xərcləri”.

Tənzimləmələr zamanı  zamini MUBS 1 – “Maliyyə hesabatlarının təqdim edilməsi” (IAS1) və MHBS 15 “Müştərilərlə müqavilələr üzrə gəlirlər” (IFRS 15) standartlarının tələbləri nəzərə alınmalıdır.

IAS 1 standartına görə, qısamüddətli aktivlər maliyyə vəziyyəti haqqında hesabatda ayrıca bölmə kimi təqdim olunmalıdı. Həmin aktivlər 12 ay ərzində istifadə ediləcəksə, qısamüddətli, əks halda isə uzunmüddətli kimi göstərilir. Bu baxımdan, digər qısamüddətli aktivlər ayrıca qeyd edilməli və açıqlanmalıdır.

Əgər gələcək hesabat dövrünə aid ödənişlər (məs. avanslar və ya əvvəlcədən alınan xidmətlər) qarşı tərəfdən öhdəliyin yerinə yetirilməsi ilə bağlıdırsa, IFRS 15-ə görə həmin xərclər aktiv kimi uçota alınır və müqavilə üzrə xərclər kimi təqdim olunur. Bu yanaşma 242 və 243 saylı hesabların uçotuna tətbiq oluna bilər.

Praktik müxabirləşmə nümunəsi

“ABC” şirkəti internet xidmətləri üçün ilin əvvəlində 3 aylıq 450 manat abunə haqqı ödəyib. Qabaqcadan ödənilən abunə haqqı “ABC” şirkəti tərəfindən gələcək dövrün qısamüddətli xərcləri kimi tanınacaq və xidmət göstərən müəssisə tərəfindən aylıq təqdim edilən elektron-qaimələrə əsasən gəlirdən çıxılacaq.

Sıra №-si Əməliyyatın adı Debet Kredit Məbləğ (manat)
1 Müqaviləyə əsasında müəyyən edilən haqq xidmət edən müəssisəyə ödənilir 242: “Gələcək hesabat dövrünün xərcləri” 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 450
2 1-ci ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538: “Digər qısamüddətli kreditor   borcları 150
3 1-ci ay üçün abunə öhdəliyi azaldılır 538: “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150
4 2-ci ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538: “Digər qısamüddətli kreditor   borcları 150
5 2-ci ay üçün abunə öhdəliyi azaldılır 538: “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150
4 3-cü ay üçün təqdim edilmiş elektron-qaimə əsasında abunə haqqı xərclərə silinir 721: “İnzibati xərclər” 538 – “Digər qısamüddətli kreditor   borcları 150
5 3-cü ay üçün abunə öhdəliyi azaldılır 538  – “Digər qısamüddətli kreditor   borcları 242-3: “İnzibati xərclər üzrə gələcək hesabat dövrlərinin xərcləri” 150

 

Beləliklə, 242 saylı hesab cari dövrdə ödənilən, lakin gələcək 12 ay ərzində yararlı olacaq xərclərin uçotunu təmin edir. Hesabın funksiyası balansda aktiv olaraq qalmaq, həqiqi mənfəət-zərər göstərmək üçün düzgün xərclərin müvafiq dövrə ötürülməsini təmin etməkdir. Tənzimləmələr üzrə hüquqi çərçivə əsas yerli qanunvericilik aktları, habelə beynəlxalq uçot standartları (IAS, IFRS ) əsasında müəyyən edilir.

Nəticədə, 242 saylı – “Gələcək hesabat dövrünün xərcləri”  hesabı mühasibat uçotunda fəaliyyətin fasiləsizliyi,  dövrilik prinsipinin yerinə yetirilməsi üçün mühüm alət olaraq çıxış edir və uçot sistemində şəffaflıq, hesabatlılıq prinsipinə xidmət edir.

Xüsusi notariusların vergi öhdəlikləri: qaydalar, məbləğlər