Mühasibat uçotunun təməl prinsipləri

posted in: Xəbər | 0

Mühasibat uçotunun təməl prinsipləri nədir?

Əvvəlki mövzularda mühasibat uçotunun konsepsiyaları haqqında nəzəri biliklərdən danışmış, əsas prinsiplərin qaydalarla birgə konsepsiyanın həyata keçirilməsində rolunu araşdırmış, onları mühasibatlığın əsas anlayışları kimi qeyd etmişdik. Təbii ki, sizdə suallar yarana bilər:

  • bunlar mühasibə nəyə lazımdır?
  • bunları bilmək sahibkara nə verəcək?

İlk öncə, mühasibatın əsas  anlayışlarını başa düşmək, keçmiş satış, xərc meyllərinə əsaslanaraq şirkətin gələcəyini proqnozlaşdırmağa,  perspektiv planlama üçün daha ağıllı maliyyə qərarları verməyə kömək edəcək.

İkincisi, mühasibat uçotunun əsas prinsiplərini başa düşmək əsaslandırılmış operativ qəraların qəbuluna imkan yaradır, yəni sahibkar üçün ən qiymətli resurs olan zamana, pula qənaət etmək olar. Mühasibat proqramlarından  istifadə etsəniz belə, həmin anlayışları şərh edən baza biliklərə sahib olmaq vacibdir.

Nəhayət, mühasibat uçotunun kospesiyasını, təməl prisiplərini bilmək, şirkətin strateji planlaması zamanı, maliyyə məsləhətçiləri ilə məhsuldar müzakirə aparmağını təmin edəcək.

Əgər siz, mühasibatı öyrənməyə yolun ortasından – mühasibat uçotunun praktik tətbiqindən başlamışsınızsa, geriyə addım adın, uçotun  təməl prinsiplərini öyrənin. Bu prinsipləri bilmək:

  • əməliyyatları başa düşməyə;
  • maliyyə hesabatlarını təhlil etməyə;
  • cari və gələcək ödənişlərin mahiyyətini anlamağa kömək edəcək.

Uçot prinsiplərinin hazırlanma məqsədi nədir?

Maliyyə uçotu dünyasında şirkətlərin maliyyə əməliyyatlarının qeydiyyatını, maliyyə hesabatlarının təqdimatını nizamlayan anlayışlar, qaydalar, təlimatlar mövcuddur. Bu qaydalar ümumi qəbul edilmiş mühasibat uçotu prinsipləri (ing. Generally Accepted Accounting Principles – GAAP) adlanır.

Uçotun əsas prinsiplərinin məqsədi mühasibat hesabatlarını, bəyannamələrini maliyyə informasiyasının istifadəçilərinə:

  • uyğun;
  • etibarlı;
  • müqayisə edilə bilən formada təqdim etməkdir.

Bir anlığa mühasibat uçotu, onun fəlsəfəsi haqqında düşünək. Maliyyə hesabatlarını hazırlayan şirkətin hansı gözləntiləri var? Mühasib hesabat formasına rəqəmlər yazarkən ümid edir ki, məlumat istifadəçiləri bunları başa düşəcək, düzgünlüyünə inanacaq. Əgər mühasiblərdən biri bunu bir qaydada, digəri isə başqa qaydada etsə, nə baş verdiyini təsəvvür edin. Əgər iki şirkətin maliyyə hesabatları müxtəlif standart əsasında hazırlanıbsa, onları necə müqayisə etmək olar?

Maliyyə hesabatlarını ictimaiyyətə təqdim edən şirkət ümumi prinsiplərə əməl etməlidir. Belə yanaşma faydalıdır, çünki uzun illər mühasibat uçotunda uyğunluğu, həmçinin onun müəssisələr arası “biznes dili” statusunu qoruyur. Yaxud, investor, məsələn 2021-ci il üçün, bir şirkətin maliyyə hesabatını digəri ilə müqayisə edə bilir. Ədədlər, əmsallar dəyərə malik olacaq, çünki hər iki şirkət hesabatları hazırlayarkən eyni prinsipləri tətbiq edicək, oxşar qaydalardan yararlanacaq.

Mühasibat uçotunun əsas prinsipləri hansılardır?

İstənilən elm kimi mühasibatın da prinsipləri vardır. Prinsip (latınca principium – başlanğıc, təməl) hər hansı bir nəzəriyyənin başlanğıc nöqtəsi sayılır. Mühasibat uçotunun prinsiplərini:

  • təməl prinsiplər;
  • köməkçi prinsiplər qruplarına ayırmaq olar.

Ən çox qəbul edilən və vacib sayılan təməl prinsiplərə aşağıdakıları nümunə göstərə bilərik:

  • fəaliyyətin fasiləsizliyi (on-going) – “davamlı fəaliyyət” firmanın yaxşı maliyyə vəziyyətində olması, yaxın gələcəkdə fəaliyyətini davam etdirəcəyi ehtimalına əsaslanır. Bu bəzən müəyyən xərclərin tanınmasını gələcək dövrlərə təxirə salmağa imkan verir. Məsələn, şirkət üçün 200000 manat dəyərində maşın alınır, onun istismar müddəti 10 ildir. Konsepsiyaya əsasən, hər il müəyyən məbləği xərc kimi nəzərə alıb, qalıq dəyərini digər illərə təxirə sala bilərsiz.
  • hesablama (accruals) – gəlirə görə alınan, xərclərə görə ödənilən pulun uçotda tanınması üsulunu əhatə edir. Qısaca deyək ki, hesablama prinsipi, pulun nə vaxt qəbul edilməsindən yaxud ödənilməsindən asılı olmayaraq, gəlirin həyata keçirildiyi anda, xərclərin isə ödəmə vaxtı çatan kimi tanınması və ödənilməsini tələb edir.
  • ardıcıllıq (consistency) prinsipinə görə dövrlər üzrə hesabatlar dəyişməz mühasibat uçotu metodları əsasında aparılmalıdır;
  • mühasibat uçotunun konservativ əsaslarla aparılmasını tələb edən ehtiyatlılıq (prudence) prinsipi:

– mənfəət yaxud gəlirlər üzrə daxilolmalarının uçotunu pul faktiki daxil olana qədər aparılmamasını;

– itkiləri onların proqnozlaşdırıldığı anda qeydə alınmasını tələb edir.

  • ikili qeydiyyat prinsipi – bütün təsərrüfat əməliyyatları eyni vaxtda ən azı iki hesabda bərabər məbləğdə əks olunur, mühasibatlığın əsas prinsiplərindəndir.

Aşağıdakılar da təməl prinsiplər hesab olunur:

  • muxtariyyət prinsipi;
  • obyektivlik prinsipi;
  • məxfilik prinsipi;
  • sənəd əsası prinsipi;
  • uyğunluq prinsipi.

Qeyd edilən prinsiplərin məzmunu barədə geniş yazmaq istəmirik, daha ətraflı buradan tanış ola bilərsiniz. Həmçinin bizim saytdan da uyğun məlumat tapmaq olar.

Bu sırada uçota aid olan amortizasiya (depreciation)təxirə salınmış vergitutmanı (deferred taxation) prinsiplərini da qeyd etmək olar, amma onlar mühasibat uçotunun nəzəri əsasları haqqında müzakirələrdə nadir hallarda rast gəlinirdi.

Print Friendly, PDF & Email