Bu sahədə çalışan həkimlər üçün əmək haqqı artırıldı

posted in: Xəbər | 0
1 günə girovsuz və zaminsiz sürətli kredit

Maliyyə DirektoruHəkimlər üçün əmək haqqı artırıldı.

Fevral ayından  etibarən icbari tibbi sığorta sistemində çalışan həkimlərin əmək haqları baza hissəsi üzrə artırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən Fins.az-a verilən məlumata görə, ayrı-ayrı şöbələr üzrə maaşlar üzrə artımlar belə müəyyən edilib:

Maaşlar dəfələrlə artıb

Ginekologiya doğum şöbəsində, Reanimasiya şöbəsində, Cərrahiyyə şöbəsində, Endoskopiya ixtisası üzrə çalışan həkimlərin əmək haqları – 540 manat,

Uşaq şöbəsində, Uşaq Nevroloji Sanatoriyasında, Fizioterapiya şöbəsində, Terapiya şöbəsində, Vərəm şöbəsində, Yoluxucu xəstəliklər şöbəsində, Poliklinika şöbəsində, Hemodializ şöbəsində çalışan həkimlərin – 240 manat,

Təcili Tibbi Yardım Stansiyasında çalışan həkimlərin  – 200 manat,

Radiologiya şöbəsinin həkimlərinin  – 740 manat,

Ailə sağlamlıq mərkəzinin həkimlərinin – 360 manat artırılıb.

Misal üçün, cərrahiyə şöbəsində çalışan cərrah Nazirlər Kabinetinin qərarına əsasən, 228 manat məbləğində əmək haqqı alır, icbari tibbi sığorta sistemində çalışan cərrahın əmək haqqı 540 manat artırıldıqda onun maaşı 768 manat məbləğində olacaq.

Şöbə müdirlərinin əmək haqları isə qeyd edilən əlavələrin 15%-i həcmində artırılacaq.

Həkimin bonusu nə qədər olacaq? 

Qeyd edək ki, icbari tibbi sığorta sistemində həkimlərin maaşı iki hissədən ibarətdir: baza hissəsi və mükafat hissəsi. Mükafat hissəsinə gəldikdə bu, həkimin gündəlik normativdən yuxarı xəstə qəbul edib-etməməsindən asılıdır. Belə ki, həkimlərin fəaliyyətinin ölçülməsi və pul mükafatlarının verilməsi məqsədilə göstərdikləri tibbi xidmətlərə normativlər tətbiq olunur. Sözügedən normativlər həkimlər tərəfindən göstərilən fəaliyyətin effektivliyinin kəmiyyət baxımından aşağı və yuxarı həddini müəyyən edir.

Terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər hər gün minimum 10, maksimum 20 pasiyentə tibbi xidmət göstərilməlidir. Yuxarı normativə əsasən həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Terapevt ixtisası üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 12 pasiyentə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativ isə 20 pasiyentdir. Onlara da adıçəkilən tarifin 15%-i həcmində mükafat veriləcək.

Cərrahiyyə şöbəsində, Ginekologiya doğum şöbəsində çalışan həkim üçün aylıq normativ 10 pasiyentdir. Buraya əməliyyat və fizioloji doğuş da daxildir.

Həkimlərə tibbi xidmət üçün təsdiq edilmiş tarifdən inzibati xərclər çıxıldıqdan sonra hesablanan məbləğin 20%-i həcmində mükafat veriləcək. İnzibati xərclər dedikdə əməliyyat zamanı istifadə olunan tibbi sərfiyyatın, dərman vasitələrinin dəyəri, habelə kommunal xərclər nəzərdə tutulur.

Konkret nümunə üzərində dayanaq. Tutalım, mədədən yad cisim çıxarılması əməliyyatının dəyəri ƏDV daxil olmadan 500 manatdır. Agentlik  bu əməliyyatı həyata keçirmiş tibb müəssisəsinə 18 faiz ƏDV də daxil olmaqla 590 manat pul ödəyir. Əməliyyatı həyata keçirmiş həkimin mükafatı bu qaydada hesablanacaq: 590 manatdan təqribi 30 faiz tibbi sərfiyyat çıxılır və nəticədə 413 manat qalır. 413 manatdan həkimə çatacaq 20 faiz isə təqribi 82 manat 60 qəpik edir.

Bu həkimlərə normativ tətbiq edilmir

Reanimasiya şöbəsində həkim üçün aylıq normativ 10 pasiyentə narkozun verilməsidir. Hər anesteziya (yerli anesteziya istisna olmaqla) üçün həkimə 10 manat məbləğində mükafat veriləcək.

Uşaq şöbəsində, Uşaq Nevrologiya sanatoriyasında, Fizioterapiya, Terapiya, Poliklinika, Hemodializ şöbələrində terapevt ixtisası istisna olmaqla digər ixtisaslar üzrə çalışan həkimlər üçün gündəlik normativ minimum 10 pasiyentə, yuxarı normativ isə 20 pasiyentdən yuxarı olmamaq şərtilə tibbi xidmətin göstərilməsidir. Yuxarı normativə əsasən həkimlərə Prezidentin 2016-cı il 28 dekabr tarixi 1181 nömrəli Fərmanı ilə müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat veriləcək.

Mama-ginekoloq ixtisası üzrə çalışan həkimlər üçün normativ tətbiq olunmur. Sığortaolunan hesab edilməyən şəxslərə tibbi xidmətlər göstərildikdə, həkim müvafiq tibbi xidmət üçün təsdiq edilmiş tarifin 15%-i həcmində mükafat alacaq.
İşləməyən dişləməz!
Beləliklə, iki aydan sonra İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin gündəlik normativləri yerinə yetirib-yetirməməyini  təhlil ediləcək. Normativləri yerinə yetirməyən həkimlərə yalnız normativ hüquqi aktlarla tənzimlənən əmək haqqı ödəniləcəkdir, yəni, onlara icbari tibbi sığorta sistemində nəzərdə tutulmuş əlavə ödənişlər ödənilməyəcəkdir.

Pilot layihə çərçivəsində həkimlərin mükafatlarının hesablanması prosesini asanlaşdırmaq məqsədilə  hələlik həkimlərə kəmiyyət faktoru üzrə mükafatlar veriləcək. İcbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiq edildiyini nəzərə alsaq, gələcəkdə bu prosesin təkmilləşdirilməsi və keyfiyyət amilinin mükafatlandırma meyarlarına daxil edilməsi nəzərdə tutulur.

Mənbə: fins.az


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email