Həmkarlar ittifaqı barədə bilmədiklərimiz

posted in: Xəbər | 1
birbank biznes
Həmkarlar ittifaqı Həmkarlar ittifaqı barədə bilmədiklərimiz
Əvvəla qeyd edək ki, həmkarlar ittifaqlarının fəaliyyəti 24.02.1994-cü il tarixli eyniadlı qanunla tənzimlənir. Zənnimizcə qanunun zamanın tələbləri baxımından yenidən işlənməsinə, o cümlədən həmkarlar ittifaqlarının fəaliyyətinin təkmilləşdirilməsi və müasirləşdirilməsinə zərurət vardır. Ona görə ki, hazırda bu qurumlar heç də zamanla ayaqlaşa bilmir və aktuallığını itirməkdədir.
Mövzuya keçməzdən əvvəl bildirmək zəruridir ki, həmkarlar ittifaqının fəaliyyəti və ya işinin tənqid edilməsi ilə bağlı vətəndaşın təqib edilməsinə görə vəzifəli şəxsə xəbərdarlıq edilir və ya 100 manat, hüquqi şəxsə isə 200 manat məbləğində cərimə nəzərdə tutulmuşdur.
Mövzu ilə əlaqədar bəzi sualların cavablandırılmasını həyata keçirəcəyik.
1. Həmkarlar ittifaqı nədir?
– Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin, habelə pensiyaçıların və təhsil alan şəxslərin əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün iş yeri, peşələr, sahələr üzrə və respublika səviyyəsində fərdi üzvlük prinsipi əsasında könüllü birləşdiyi, nizamnamələri və qanun əsasında fəaliyyət göstərən müstəqil ictimai, qeyri-siyasi təşkilatdır.
2. Həmkarlar ittifaqı yaratmaq üçün minimum neçə nəfər birlikdə bu qurumu təsis etməlidir?
– Azı 7 nəfər həmkarlar ittifaqı yaratmaq barədə razılığa gəlib müvafiq müəssisədə könüllü surətdə belə bir qurum təsis edə bilər.
3. Həmkarlar ittifaqının fəaliyyətini tənzimləyən başlıca sənəd hansıdır?
– həmkarlar ittifaqının nizamnaməsi əsas tənzimləyici sənəd sayılır. Bu nizamnamə qanunvericiliyə zidd olmamalıdır. İttifaqın vəzifələri, fəaliyyət istiqamətləri, büdcəsininin formalaşması və xərclənməsi da nizamnamə ilə müəyyən edilir.
4. Üzvlük haqqının köçürülməməsi ilə bağlı hansı məsuliyyət tədbiri nəzərdə tutulmuşdur?
– Mülkiyyət formasından asılı olmayaraq işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçilərin əməkhaqqından mühasibatlıq vasitəsilə həmkarlar ittifaqına üzvlük haqlarının tutulmasının təmin edilməməsinə və 4 iş günü müddətində həmin idarə, müəssisə və təşkilatın həmkarlar ittifaqı təşkilatının xüsusi hesabına köçürülməməsinə görə vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.
5. Müəssisələrdə həmkarlar ittifaqlarının fəaliyyəti əsas hansı istiqamətlərdə vacib sayılır?
– Kollektiv müqavilə və kollektiv sazişlərin hazırlanması, o cümlədən işçilərin attestasiya zamanı işçilərin nümayəndəli orqanı qismində başlıca olaraq bu qurum çıxış edir.
6. Həmkarlar ittifaqı üzvünün hansı hüquqları var?
– Əvvəla yuxarıda adı çəkilən qanun və Əmək Məcəlləsi ilə müəyyən edilmiş hüquqlardan başlıca olaraq ittifaq üzvü olmağa görə müqavilənin (əmək) xitamı ilə işdən azad edilmənin qadağan olunması, ixtisar zamanı ittifaqın razılığı olduğu halda müqaviləyə xitamın mümkün olmasını göstərmək mümkündür.
7. Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası tərəfindən bağlanmış sonuncu kollektiv saziş nə vaxt imzalanıb və burada nəzərdə tutulmuş başlıca mütərəqqi normalar hansılardır?
– Sonuncu saziş 07.02.2018-ci il tarixdə bağlanmış, burada innovativ vasitələrdən istifadənin artırılması, məşğulluğun təmin edilməsi, gənclərin məşğulluğunun inkişafı, 3 yaşınadək uşağı olan qadınların qismən ödənişli sosial məzuniyyətdən istifadə dövrünü həmin qadının iş stajına daxil etmək, uşağa qulluğa görə ödənilən müavinətin məbləğinin artırılması, beynəlxalq aktların ölkədə tətbiqi və implementasiyasına nail olmaq, icbari tibbi sığortanın inkişafı, işçilər üçün sanatoriya-kurort müalicəsi, bədən tərbiyəsi ilə bağlı və digər sosial tədbirlərin tətbiqi üzrə müddəalar əks edilmişdir.
Print Friendly, PDF & Email

  1. Natavan
    |

    Salam, men isterdim bilmek hansi senedler hazirlamaq lazimdir ki, hemkarlar ittifaqindan cixilsin?