Mühasibat uçotunun hesablar planı: əsas anlayışlar

posted in: Xəbər | 0

Mühasibat uçotunun hesablar planı mühasiblərin həmişə diqqətində olan sənəddir. Ondan istifadə zamanı rast gəlinən bəzi anlayışları Zərdab Peşə Liseyinin müəllimi, Accounting.Az saytının redaktoru Cəmil Əsədov şərh edir.

Tənzimləyici normativ hüquqi aktlar

Mühasiblərə məlumdur ki,  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsi bütün mühasibat uçotu subyektlərini mühasibat uçotu aparmağa məcbur edir.

Uçot, ümumi qaydalara uyğun olaraq, hesablarda ikili yazılışdan istifadə etməklə aparılır. Hesablar Maliyyə Nazirliyinin əmri ilə təsdiq edilən (kredit təşkilatları istisna olmaqla) Hesablar Planında əks olunur.

Hesablar planı dövlət səviyyəsində normativ hüquqi akt kimi təsdiq edilən icmal sənəddir. Azərbaycan Respublikasında fəaliyyət göstərən iqtisadi subyektlərdə muhasibat uçotunun beynəlxalq standartlara uyğun aparılması və hesablar planının tətbiqi qaydaları bir neçə sənəd əsasınsa tənzimlənir.

Mühasibat xidmətləri

Kredit təşkilatlarında uçotun aparılması üçün Mərkəzi Bankın “Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Metodiki Göstərişlər”-i tətbiq olunur.

Hesablar planından istifadənin məqsədi

Mühasibat uçotunun hesablar planı müəssisənin balansının tərtibi zamanı istifadə edilən sənədlərin hazırlanması üçün əsas mənbədir. Təşkilatlar hesabların daxili planına uyğun olaraq müxtəlif təsərrüfat əməliyyatlarının standartlaşdırılmış uçotunu aparırlar. Belə əməliyyatlara aşağıdakıları nümunə göstərmək olar:

  • öhdəliklərin yerinə yetirilməsi;
  • aktivlərin idarə edilməsi;
  • vəsaitlərin xərclənməsi və s.

Mühasibat uçotunun hesablar planına aşağıdakı elementlər daxildir:

  • əsas hesabların nömrələri, adları;
  • subhesabların nömrələri, adları.

Əksər hallarda təsərrüfat əməliyyatlarını tam əks etdirmək üçün Maliyyə Nazirliyinin təsdiq etdiyi hesabların daha təfərrüatlı olması lazım gəlir. Bunun üçün analitik hesablardan istifadə edilir.

Əsas anlayışlar

Hesablar planını daha yaxşı başa düşməyə kömək edəcək bəzi anlayışları nəzərdən keçirək.

Mühasibat balansı əmlakın dəyəri və şirkətin öhdəlikləri haqqında məlumatları özündə əks etdirən hesabat növüdür. Cədvəl şəklində olan hesabat iki bölmədən ibarətdir: aktivlər və öhdəliklər. Birincisi ikinciyə bərabər olmalıdır, buna görə də “balans” adlanır.

Müxabirləşmə iki hesabdan (debet, kredit) istifadə edən mühasibat yazılışıdır. Məsələn, şirkət işçiyə (təhtəlhesab şəxsə) kassadan 200 manat verib. Muhasibat qeydlərinin aparılması üçün iki hesabdan istifadə olunur: 221-ci “Kassa” və 224-cü “Təhtəlhesab şəxslər” hesabları.

Şirkət pul verdi, buna görə 221-ci hesabdakı məbləğ 200 manat azalacaq.

Hesablar planından istifadə etməklə müxtəlif növ əməliyyatlar yaradılır və müəssisənin istənilən təsərrüfat əməliyyatlarını əks etdirilir.

İkili yazılış maliyyə əməliyyatının iki hesabda (kredit, debet) bərabər məbləğdə göstərildiyi mühasibat uçotunun aparılması metodudur, vəsaitlərin haradan gəldiyi, hara getdiyi belə əks olunur.

Mühasibat uçotunun nəzəri əsasları, maliyyə hesabatlarının hazırlanması qaydaları ilə daha ətraflı tanış olmaq istəsəniz Accounting.Az şirkətinin kurslarına müraciət edin. Beynəlxalq arenada tanınan bu şirkət 112 ölkədən 300-dən çox müstəqil firmanı özündə birləşdirən Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür.

Hesablar planının tərkib hissələri

Plana təsərrüfat əməliyyatlarını və uçotunu əks etdirən hesablar daxildir. Hər bir hesab onu mühasibat uçotu sistemində təyin etməyə imkan verən unikal nömrəyə malikdir. Hesablar planı özündə hesablar qrupunu birləşdirən bölmələrdən ibarətdir.

Bölmələr: Maliyyə Nazirliyi hesablar planını doqquz bölmədən ibarət olmaqla təsdiq edib. Hər bir bölmə müvafiq əməliyyatlar aparıldıqda mühasiblərin istifadə etməli olduqları hesabların siyahısını ehtiva edir.

Hesablar: hər bir bölməyə əməliyyatların uçotunu, habelə təhlilini asanlaşdırmaq üçün məcburi hesablar daxildir.

Subhesablar: Mövcud planda subhesabların siyahısı var, lakin mühasibat uçotu subyektləri fəaliyyətlərinin xüsusiyyətlərini nəzərə alaraq öz subhesablarını daxil edə bilərlər.

Hər bir hesabın bu hesabdan istifadə etməklə hansı əməliyyatların əks oluna biləcəyinin izahı var. Məsələn, 101 №li hesab üzrə əməliyyatlar belə şərh olunub: “Qeyri-maddi aktivlər” hesabında mühasibat uçotu subyektinin fəaliyyətinin həyata keçirilməsi üzrə uzun müddət istifadə edilən təcrübə-konstruktor işləri, proqram təminatı, patentlər, müəllif hüquqları, lisenziyalar, ticarət markaları və digər qeyri-maddi aktivlərin hərəkəti haqqında ümumiləşdirilmiş məlumatlar əks etdirilir. Qeyri-maddi aktivlər ilkin olaraq qiymətləndirilməsi ilkin dəyəri əsasında aparılır.”

Mühasibat uçotu sisteminin əsas subyektləri

Aktivlər  balansın tərkib hissədir, müəssisənin əmlakının dəyəri və tərkibi haqqında məlumat verir. Onlar müəssisədə  gəlir yaratmaq üçün zəruridir, məsələn, pul vəsaitləri, daşınmaz əmlak, nəqliyyat vasitələri, avadanlıqlar, materiallar və s. Aktivlərin uçotunu aparmaq üçün mühasiblər hesablar planının 10-dan 24-ə qədər olan maddələri üzrə açılmış hesablardan istifadə edirlər.

Öhdəliklər bu, balansın aktiv komponentinin əksi, gəlir yaratma mənbələridir. Öhdəliklərin əsas hissəsini nizamnamə kapitalı, səhm əsaslı kapital, əlavə kapital, ehtiyat fondu, borc vəsaitləri və s. təşkil edir. Onların uçotu mühasibat uçotunun hesablar planının 3-cü “Kapital” bölməsinə aid olan hesablar üzrə aparılır.

Qısamüddətli və uzunmüddətli öhdəliklər – bunlara müəssisənin müxtəlif ödənişlər üzrə maliyyə öhdəlikləri daxildir, məsələn, vergilər, kreditlər, kreditor borclar və sair. Onların uçotu 40-44 (uzunmüddətli öhdəliklər), 50-54 (qısamüddətli öhdəliklər) maddələri üzrə açılmış hesablar üzrə aparılır.

Gəlir, xərclər, mənfəət (zərər), mənfəət vergisi – əsas mühasibat hesabları qruplarıdır. Gəlir və xərc arasındakı fərq iqtisadi fəaliyyətin əsas göstəricisi – mənfəəti təşkil edir. Uçot hesablar planını 7-9-cu bölməsi üzrə qruplaşdırılmış hesablar üzrə aparılır.

Hesablar sistemindən mühasibat uçotu subyektləri maliyyə əməliyyatlarının uçotunu, habelə nəzarətini həyata keçirmək məqsədi ilə istifadə edilir.

Hesablar planından istifadə edərək mühasiblər bütün əməliyyatları qeyd edir və uçotunun tələblərinə uyğun hesabatlar hazırlayırlar.

Mühasibat uçotunun hesablar planı