Vergitutma məqsədləri üçün həyat mənafelərinin mərkəzinin müəyyən edilməsi

posted in: Xəbər | 0

Beynəlxalq ticarətin, distant iş rejimlərinin və qlobal mobilliyin artdığı müasir dövrdə fiziki şəxslərin hansı ölkənin vergi rezidenti hesab olunması ən mühüm məsələlərdən biridir. Bəs qanunvericiliklə bu necə tənzimlənir? Distant iş rejimində bir neçə ölkədə yaşayan və işləyən şəxslərin vergi yükü necə müəyyən olunur?

Suallara maliyyə və vergi məsələləri üzrə ekspert Rəşad Məmmədov aydınlıq gətirir.

Ölkələr arasında ikiqat vergitutmanın qarşısını almaq və vergidən yayınma ilə mübarizə aparmaq üçün vergi qanunvericiliyində və OECD (İƏTİ) Model Konvensiyalarında xüsusi kriteriyalar (kəsişmə qaydaları/tie-breaker rules) tətbiq olunur. Bu kriteriyalar arasında “Həyati mənafelərin mərkəzi” ən həlledici meyarlardan biridir.

Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən, fiziki şəxs təqvim ilində başa çatan istənilən 12 aylıq dövr ərzində üst-üstə 182 gündən artıq Azərbaycan Respublikasında olduqda Azərbaycanın vergi rezidenti sayılır. Lakin fiziki şəxsin illik qalma müddəti heç bir ölkədə 182 günü keçmirsə və ya şəxs həm Azərbaycanda, həm də digər bir ölkədə daimi yaşayış yerinə sahibdirsə, rezidentlik mərhələli ardıcıllıqla müəyyən edilir:

Mühasibat xidmətləri

1. Daimi yaşayış yeri;

2. Həyati mənafelərin mərkəzi (şəxsi və iqtisadi əlaqələrin daha sıx olduğu ölkə);

3. Adəti üzrə yaşadığı yer;

4. Vətəndaşlıq.

“Həyati mənafelərin mərkəzi” anlayışı nədir?

Bu anlayış şəxsin yalnız fiziki olaraq harada olmasını deyil, onun mənəvi, ailəvi, sosial və iqtisadi köklərinin harada yerləşdiyini ifadə edir. İki əsas dayağı vardır:

A. Şəxsi və sosial əlaqələr:

1. Ailənin və uşaqların yeri: həyat yoldaşı, azyaşlı övladlarının yaşadığı və təhsil aldıqları yer;

2. Mülkiyyət və məişət: şəxsə və ya ailəsinə məxsus ev, maşın, şəxsi əşyaların olduğu ölkə;

3. Cəmiyyətdə iştirak: ictimai, siyasi, idman, mədəniyyət və ya dini təşkilatlara üzvlük.

B. İqtisadi əlaqələr:

1. Əsas gəlir mənbəyi: şəxsin maaşı, dividendləri, biznes gəlirləri hansı ölkədən formalaşır?

2. Aktivlərin və əmlakın idarə olunması: bank hesabları, investisiyalar, daşınmaz əmlaklar hansı ölkədə cəmlənib?

3. Biznes fəaliyyəti: şəxsin təsisçi və ya rəhbər olduğu şirkətlər harada qeydiyyatdadır?

Misal 1: “Frilanser/distant işçi” ssenarisi (iqtisadi əlaqənin üstünlüyü). Elvin Quliyev (adlar şərtidir) Azərbaycan vətəndaşıdır. O, proqramçıdır və 2025-ci il ərzində 120 gün Azərbaycanda, 110 gün Gürcüstanda, 135 gün isə Türkiyədə yaşayıb. O, heç bir ölkədə 182 gündən çox qalmayıb. E.Quliyevin həm Bakıda, həm də Tbilisidə kirayələdiyi mənzili var. Onun rezidentliyin təyin olunması üçün 182 gün qaydasına üstünlük verilir. Şəxs heç bir ölkədə 182 gün qalmayıb. Daimi yaşayış yeri kimi həm Azərbaycanda, həm Gürcüstanda kirayə mənzili var.

Həyati mənafelərin mərkəzinə gəlincə, E. Quliyevin həyat yoldaşı və övladı Bakıda yaşayır, övladı Bakıda məktəbə gedir. Bank hesablarının böyük hissəsi Azərbaycan banklarındadır və gəlirini Azərbaycandakı şirkətlərə xidmət göstərərək qazanır. Nəticə olaraq E.Quliyevin həyati mənafelərinin mərkəzi Azərbaycan Respublikası hesab olunur və o, Azərbaycanın vergi rezidenti sayılır. Dünya üzrə əldə etdiyi bütün gəlirlərindən Azərbaycanda vergi ödəməlidir.

Misal 2: “Xarici icraçı direktor” (şəxsi əlaqələrin üstünlüyü). Mr. John Böyük Britaniya vətəndaşıdır. O, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətin filialında rəhbər vəzifədə çalışır. İl ərzində 150 gün Azərbaycanda, 140 gün Britaniyada, 75 gün isə digər ölkələrdə olub. Bakıda oteldə və ya uzunmüddətli kirayə mənzildə qalır. Rezidentliyin təyin olunması üçün bu hallara baxılır:

1. Mr. John-un həyat yoldaşı və övladları Londonda yaşayır.

2. Şəxsi evi, daşınmaz əmlakı, əsas investisiya portfeli və şəxsi bank hesabları Londondadır.

3. Böyük Britaniyadakı xeyriyyə cəmiyyətinin fəal üzvüdür.

Bu halda Mr. Johnun gəlirinin müəyyən hissəsi Azərbaycandakı işindən formalaşsa da onun şəxsi və ailəvi kökləri (həyati mənafelərinin mərkəzi) Böyük Britaniyadadır. Buna görə də onun həyati mənafelərinin mərkəzi Böyük Britaniya sayılır. Azərbaycanda yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəlirdən vergi ödəyəcək.

Misal 3: “Biznes sahibi və investor”. Rauf Ağayev ilin 100 gününü Azərbaycanda, 120 gününü Birləşmiş Ərəb Əmirliklərində (Dubay), 145 gününü isə Avropa ölkələrində keçirir. Bu halda R. Ağayevin həyati mənafelərinin mərkəzi necə müəyyən olunur?

Qeyd edək ki, R. Ağayev subaydır (şəxsi/ailəvi öhdəliyi yoxdur). Dubayda şəxsi mənzili var, lakin biznes holdinqi, istehsalat zavodları, əsas gəlir gətirən aktivləri və idarə heyəti Azərbaycandadır. Bütün əsas maliyyə qərarlarını Bakıdakı ofisindən idarə edir.

Bu halda ailə faktoru olmadıqda iqtisadi əlaqələrin ağırlıq mərkəzi ön plana çıxır. Əsas kapitalı və gəlir mənbəyi Azərbaycanda cəmləndiyi üçün həyati mənafelərinin mərkəzi Azərbaycan qəbul edilir.

Beləliklə, “həyati mənafelərin mərkəzi” anlayışı vergi orqanlarına şəxsin formal olaraq gün sayı hesablamaqla vergidən yayınmasının qarşısını almaq imkanı verir. Şəxs kağız üzərində başqa bir ölkədə çox vaxt keçirdiyini iddia etsə də vergi orqanı onun ailəsinin, evinin və maliyyə oxunun harada olduğunu sübut etməklə onu vergi rezidenti elan edə bilər.

Mənbə: vergiler.az

Proqram təminatı xidməti göstərən fiziki şəxsin vergi öhdəliyi

error: Content is protected !!