İctimai iaşə fəaliyyəti üzrə ƏDV güzəştləri necə tətbiq olunur?

posted in: Xəbər | 0

Mövzunu vergi eksperti Cavid Vəlizadə şərh edir. 

Vergi Məcəlləsinin 13.2.56-cı maddəsinə əsasən, ictimai iaşə fəaliyyəti – fəaliyyət göstərdiyi xidmət obyektinin ərazisində və ya səyyar qaydada alıcıya istehlak məqsədilə hazırlanmış (bişirilmiş) qida (yeyinti) məhsullarının təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir.

Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Mühasibat xidmətləri

Məcəllənin 154.6-cı maddəsində nəzərdə tutulan fəaliyyətlə məşğul olan şəxslər dövlət qeydiyyatına və ya vergi orqanında uçota alınmaq üçün ərizə ilə birlikdə, bu fəaliyyətlə sonradan məşğul olduqları halda isə həmin fəaliyyəti həyata keçirməyə başladığı günədək ƏDV məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludurlar.

Vergi Məcəlləsinin 218.1.2-ci maddəsində göstərilən şəxslər həmin maddədə müəyyən edilmiş hüquqdan istifadə etdikdə ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatı keçdiyi aydan sonrakı ayın 1-dən etibarən 10 gün ərzində fəaliyyətlərini sadələşdirilmiş vergi ödəyicisi kimi davam etdirəcəkləri barədə vergi orqanına yazılı formada ərizə təqdim etməlidirlər.

Yəni ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan sahibkarlar ərizə ilə müraciət edərək 8% -li sadələşdirilmiş vergi ödəyicisi olaraq qala bilirlər. Lakin dövriyyəsi 200 000 keçən bəzi vergi ödəyiciləri ƏDV ödəyicisi olaraq fəaliyyət göstərə bilərlər.

2026-cı ilin yanvar ayının 1-dən ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə Vergi Məcəlləsinin 174.5-ci maddəsinə əsasən güzəşt şamil edildi. Belə ki, hesabat dövrü ərzində əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsinin 50 faizi onların vergi tutulan ümumi dövriyyəsindən çıxılır. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

Misal: İctimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicisinin avqust ayı üzrə satışı 190.000 manatdır. Daxil olan 190.000 manatlıq ödənişin 140.000 manatı nağdsız qaydada (50.000 manat nağd qaydada) aparılıb. Ay üzrə əldə etdiyi elektron qaimə-fakturalara görə ödədiyi ƏDV-lər üzrə əvəzləşən qaiməsi 12.600 manat olub.

ƏDV öhdəliyi: (50.000 x 18%) + (140.000 x 50%) x 18% = 9.000 + 12.600 =21.600.

Əvəzləşən ƏDV = 12.600 manat.

Büdcə ilə hesablaşma: 21.600 – 12.600 = 9.000 manat.

Əgər bu güzəşt tətbiq edilməsə, hesablaşma aşağıdakı qaydada olacaqdır:

ƏDV öhdəliyi: 190.000 x 18% = 34.200 manat;

Əvəzləşən ƏDV: 12.600 manat;

Büdcə ilə hesablaşma: 34.200 – 12.600 = 21.600 manat.

Misaldan da göründüyü kimi, güzəşt tətbiq edildikdə vergi ödəyicinin 12.600 manat gəliri yaranır. Bu gəlir isə Vergi Məcəlləsinin 102.1.41 və 106.1.34-cü maddələrinə əsasən həm fərdi sahibkarlarda, həmçinin hüquqi şəxslərdə gəlir və mənfəət vergisindən azaddır.

Mənbə: vergiler.az

Hərbi xidmət müavinəti vergi və sosial ödənişlərə cəlb olunurmu?

error: Content is protected !!