İdxal-ixrac əməliyyatları ilə bağlı yeni layihələr hazırlanıb

posted in: Xəbər | 0
birbank biznes

İdxal-ixracPrezident İlham Əliyevin bu il aprelin 20-də imzaladığı «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında» sərəncama əsasən, bir sıra idxal-ixrac əməliyyatları üzrə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi tərəfindən birgə nəzarət mexanizminin tətbiqi nəzərdə tutulub. Bu mexanizm maliyyə nəzarəti sahəsində uçotun şəffaflaşdırılması, büdcə yığımlarının artırılması, qeyri-neft məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracın həcminin artırılması və bu istiqamətdə dövlətin fiskal siyasətini həyata keçirən orqanların fəaliyyətinin səmərəli şəkildə əlaqələndirilməsi kimi məsələləri əhatə edəcək. Bu məqsədlə Maliyyə, Vergilər, İqtisadiyyat nazirliklərinə və Dövlət Gömrük Komitəsinə təkliflərin hazırlanması tapşırılıb.

Sərəncamdan irəli gələn məsələlərin həlli məqsədilə Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi arasında aprelin 28-də «Üçüncü şəxslər üçün mal idxal edən şəxslərin fəaliyyətinə nəzarət edilməsi haqqında» Razılaşma Protokolu imzalanıb. Azərbaycan Prezidentinin 28 iyun 2018-ci il tarixli daha bir sərəncamı ilə təsdiq edilmiş «İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı»nda Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi qarşısında bir sıra mühüm vəzifələrin icrasına dair tapşırıqlar qoyulub.

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Vergilər Nazirliyi tərəfindən görülən işlər

Vergilər Nazirliyi yanında İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Departamentində qeyd olunan tapşırıqların yerinə yetirilməsi məqsədilə işçi qrup yaradılıb və iş planı tərtib edilib. Departamentin Analitik şöbəsinin rəhbəri Adil Vahidovun sözlərinə görə, gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin eyniləşdirmə vasitələrinə aidiyyəti qurumlarla birgə nəzarətin təşkilinə dair hazırlanmış layihəyə əsasən, ölkəyə idxal olunan malların yoxlanılması üçün gömrük orqanları ilə birlikdə sərhəd-keçid məntəqələrində eyniləşdirmə tədbirləri təşkil ediləcək.

Rüsumsuz ticarət mağazalarına nəzarətin təşkilində vergi orqanlarının iştirakı ilə bağlı Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin hazırladıqları layihə üzrə də işlər yekunlaşdırılıb. Rüsumsuz ticarət mağazası yerləşən zonada  gömrük orqanları ilə   birgə vergi orqanları əməkdaşları da   iştirak etməklə,   malların satış qaydalarına nəzarət ediləcəkdir. Rüsumsuz ticarət mağazalarına  satılan malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsi üçün Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim olunub. Layihədə nəzərdə tutulan əsas tədbirlər bunlardır:

· rüsumsuz ticarət mağazası yerləşən zonada vergi orqanları əməkdaşlarının iştirakı;

· mal anbara boşaldılarkən vergi və gömrük orqanlarının birgə nəzarəti;

· rüsumsuz ticarət mağazalarında malların satış qaydalarının, malların çeşidinin və satış həcminin dəqiqləşdirilməsi.

Vergilər Nazirliyi ilə Dövlət Gömrük Komitəsi arasında əldə edilmiş Vahid Risk Platformasına (VRP) məlumatların ötürülməsi haqqında razılaşmaya əsasən, risklərin idarə edilməsi sisteminin təşkili nəzərdə tutulub. Həmin maddəyə əsasən, gömrük və vergi orqanları tərəfindən xarici ticarət fəaliyyətinin iştirakçılarına dair risk qiymətləndirilməsinin təşkili, risk qrupları üzrə bölgü aparılması məqsədilə mal sahibləri, daşıyıcıları və ya onları təmsil edən şəxslər haqqında qarşılıqlı məlumat mübadiləsinin təmin edilməsi planlaşdırılır. Tərəflər risklərin idarə olunması sisteminin yüksək, aşağı və üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslər barədə məlumatların real vaxt («online») rejimində mübadiləsinin müasir informasiya texnologiyalarından istifadə olunmaqla aparılmasını məqsədəuyğun hesab edir.

Məlumat mübadiləsi mərkəzləşdirilmiş qaydada Vergilər Nazirliyinin «Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi» və Dövlət Gömrük Komitəsinin «Vahid Avtomatlaşdırılmış İdarəetmə Sistemi» arasında elektron formatda aparılacaq.

Görüləcək əsas işlər bunlardır:

· Üçüncü şəxslər üçün malları idxal və ya ixrac edən şəxslərin idxal olunmuş malları onların faktiki sahiblərinə vergi və gömrük orqanları əməkdaşlarının iştirakı ilə gömrük ərazisində və ya idxalçıların  rəsmi qeydiyyata  salınmış   anbar sahələrində (təsərrüfat subyektlərində) təhvil verilməsi prosesi ilə  tam şəffaflıq şəraitinin  yaradılması.

· Gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından beynəlxalq təcrübənin öyrənilməsi və bu sahədə əməkdaşların bilik və bacarıqlarının artırılması üçün birgə seminar və təlimlərin təşkil edilməsi.

E-bəyannamələrin təqdim edilməsi üzrə elektron xidmətin təşkili

Vergilər, Maliyyə, İqtisadiyyat nazirlikləri, Dövlət Gömrük Komitəsi tərəfindən tamamlanmaqda olan digər layihə üçüncü şəxslər üçün malları idxal və ixrac edən şəxslərə nəzarətin gücləndirilməsi istiqamətində birgə tədbirlərin təkmilləşdirilməsini nəzərdə tutur. 2018-ci ilin sonunadək gömrük sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə görə gömrük bəyannaməsinin, təkrar ixrac bildirişi və yaxud ixrac bəyannaməsinin yalnız elektron formada təqdim edilməsi sisteminin təmin olunması nəzərdə tutulur. Bu məqsədlə e-bəyannamələrin təqdim edilməsi üzrə elektron xidmətin təşkili və e-sistemin təkmilləşdirilməsi ilə bağlı layihə hazırlanır.

Tədbirlər Planına uyğun olaraq, xarici iqtisadi fəaliyyətin mal no­menklaturasında təfsilatlı kodlaşdırma sisteminin yaradılması işləri də davam etdirilir. Həmin istiqamət üzrə idxal olunan malların mal no­menklaturasının genişləndirilərək malların istehsal olunduğu ölkə, istehsalçı şəxslər, eyni malı idxal edən şəxslərin siyahı sayı (eyni məhsulu ölkəyə idxal edən neçənci şəxs olması), malın brendi, markası, adı, texniki parametrləri və tərkibi barədə məlumatların daxil edilməsi nəzərdə tutulur. Bunlardan əlavə, vergi və gömrük ödənişlərindən azadolma hallarına nəzarət mexanizmi təşkil ediləcək.

Vergilər Nazirliyinin bu istiqamətdə gördüyü əsas işlərdən biri xarici ticarət iştirakçılarının maarifləndirilməsidir.Vergi ödəyicilərinə xidmət departamentinin Xidmətin təşkili şöbəsinin rəhbəri Məmməd Quliyevin bildirdiyinə görə, vergi və gömrük orqanları tərəfindən idxal və ixracla məşğul olan sahibkarların məlumatlandırılması ilə bağlı mütəmadi görüşlər keçiriləcək, vergi və gömrük qanunvericiliyinin tələbləri izah ediləcək, yaranmış və ya yarana biləcək problemlərin birgə həlli yolları araşdırılacaq, verilən təkliflərin müzakirəsi və həmin sahədə müvafiq işlərin görülməsi istiqamətində addımlar atılacaq.

2019-cu ildə görüləcək işlər…

Gələn il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulan layihə malların idxalı, ölkədaxili istehsalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsi və məlumatların yığılmasının xüsusi proqram təminatı vasitəsilə tənzimlənməsidir. Bu məqsədlə 2019-cu il yanvarın 1-dən ölkə ərazisində istehsal olunan, yaxud respublikamıza idxal edilən tütün məmulatlarının, həmin il martın 1-dən isə alkoqollu içkilərin istehsalı, idxalı, dövriyyəsi, topdan və pərakəndə satışına nəzarətin həyata keçirilməsini təmin edən «Track and Trace» (təqib­etmə və izləmə) – Vahid Dövlət Avtomatlaşdırılmış Məlumat sistemi tətbiq olunacaq.

Mənbə: vergiler.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email