Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?

posted in: Xəbər | 0

Hansı halda işçinin gəlirindən işsizlik sığortası tutulmur?

Sual: Müəsissə tərəfindən həyata keçirilən aşağıda qeyd olunan ödənişlərdən işəgötürən və işçi tərəfindən işsizlik sığortası tutulurmu:

1) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən nahar xərcləri;

2) Birbaşa işçiyə və ya üçüncü tərəfə ödənilən təlim-tədris xərcləri;

3) Üçüncü tərəfə ödənilən işçilərin könüllü tibbi sığorta haqları;

4) Müvafiq qanunvericiliyə əsasən ezamiyyə normalarından artıq ödənilən vəsaitə görə;

5) Üçüncü tərəfə ödənilən işçilərin korporativ ziyafətinə (“teambuilding”) görə;

6) 14 günə qədər olan və müəsissə tərəfindən ödənilən işçinin xəstəlik vərəqəsinə görə.

Cavab: Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi – fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əməkhaqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək Məcəlləsinin 157-ci maddəsinin müddəalarına görə əməkhaqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əməkhaqqının əsas hissəsidir. Əməkhaqqına əlavə əmək şəraiti ilə əlaqədar əvəz ödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əməkhaqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əməkhaqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir.

Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə)  pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır.

Qeyd olunanlara əsasən işəgötürən tərəfindən işçilərin üçüncü şəxsin hesabına və ya birbaşa işçiyə köçürülməsindən asılı olmayaraq həmin gəlirdən işsizlikdən sığorta haqqı hesablanmır.

Qeyd olunanlara əsasən əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər, o cümlədən işçilərə və ya işçinin xeyrinə üçüncü şəxslərə ödənilən sosial xarakterli xərclər (təhsil, səhiyyə, yemək, telefon danışıqları, kirayə, nəqliyyat, işçinin əmlakı, həyatı, sağlamlığı üzrə sığorta xərclərinin) işçinin işsizlikdən sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Eyni zamanda ezamiyyə xərci fiziki şəxsin işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və işsizlikdən sığorta haqları hesablanmır.

İşçiyə əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət əməkhaqqı hesab edilmədiyindən həmin məbləğə işsizlikdən sığorta haqqı hesablanmır.

Əsas: “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu və Əmək Məcəlləsi.


Mənbə: taxes.gov.az


Bax:



TELEGRAM KANALIMIZA ÜZV OLUN


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN

Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *