İstifadə olunmayan torpaqlar üçün vergi yükü

posted in: Vergi, Xəbər | 0

İstifadə olunmayan torpaqlarİstifadə olunmayan torpaqlar üçün vergi yükü Qanunvericiliyə əsasən, becərilməyən kənd təsərrüfatı təyinatlı torpaqların hər 100 kvadratmetrinə 2 manat vergi ödənilməlidir

«Torpaqların təyinatı üzrə istifadəsi sahəsindəki qanunsuzluqların bir qismi rayon icra hakimiyyətlərinin, bələdiyyələrin  qərar və  sərəncamlarının Torpaq Məcəlləsinin tələblərinə uyğun olmamasından qaynaqlanır. Aparılan araşdırmalar zamanı yerli icra orqanlarının  sərəncamları əsasında kənd təsərrüfatına yararlı torpaqların təyinatının dəyişdirilməsi və dövriyyədən çıxarılması hallarına tez-tez rast gəlinir».  Bunu Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin şöbə müdirinin müavini Ramazan Əliyev deyib. Onun sözlərinə görə, son iki ildə bu sahədəki problemlərin aradan qaldırılması üçün ciddi addımlar atılır və müsbət nəticələr var. İstifadə olunmayan və ya təyinatı qanunsuz şəkildə dəyişdirilmş kənd təsərrüfatı torpaqlarının yenidən əkin dövriyyəsinə qaytarılması istiqamətində tədbirlər davam edir. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılan monitorinqlər nəticəsində 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəsiz istifadə edilməsi və ya ümumiyyətlə istifadə edilməməsi faktları aşkarlanıb. İstifadəsiz qalmış 55 min hektara yaxın kənd təsərrüfatı təyinatlı torpaqlar yenidən əkin dövriyyəsinə qaytarılıb.

Həmçinin bax: 2-ci qrup əlillər üçün hansı vergi güzəştləri tətbiq olunur?

Mövcud qanunvericiliyə əsasən, mülkiyyət növündən asılı olmayaraq, bütün torpaqlar təyinatına görə 7 kateqoriyaya bölünür:

  • kənd təsərrüfatı təyinatlı torpaqlar;
  • yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları;
  • sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar;
  • xüsusi qorunan ərazilərin torpaqları;
  • meşə fondu torpaqları;
  • su fondu torpaqları;
  • ehtiyat fondu torpaqları.

Torpaq Məcəlləsinin tələblərinə əsasən, hər bir kateqoriyaya aid torpaq özünün təyinatına uyğun şəkildə istifadə olunmalıdır. Torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsinə zərurət yarandığı halda bununla bağlı aidiyyəti qurumlar tərəfindən razılaşdırılmış layihələr hazırlanmalı, bu sənədlər yerli və mərkəzi icra hakimiyyəti orqanları tərəfindən yoxlanılmalı və sonda baxılmaq üçün Əmlak Məsələləri Dövlət Komitəsinə təqdim olunmalıdır. Komitədə sənədlərə baxıldıqdan sonra torpağın təyinatının dəyişdirilməsinə dair sərəncam layihəsi ilə birlikdə Nazirlər Kabinetinə təqdim edilir. Torpaqların kateqoriyasının dəyişdirilməsinə yalnız Nazirlər Kabinetinin müvafiq qərarı olduqdan sonra yol verilə bilər. Digər hallarda torpaqların bir kateqoriyadan digər kateqoriyaya keçirilməsi qanunsuz sayılır.

Həmçinin bax: Səyyar satış zamanı sənədləşmə necə həyata keçirilir?

2017-ci il yanvarın 1-dən etibarən kənd təsərrüfatı torpaqlarına əlavə vergi dərəcəsi tətbiq edilir

Azərbaycan Respublikasının 6 may 2016-cı il tarixli Qanunu ilə Vergi Məcəlləsində edilmiş dəyişikliklərə əsasən, torpaq sahibləri istifadəsiz kənd təsərrüfatı torpaqlarının hər 100 kvadratmetrinə görə 2 manat məbləğində vergi ödəməlidirlər.  Müvafiq icra hakimiyyəti orqanının arayışına əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manatdır. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanının təsdiqlədiyi qayda və meyarlar əsasında müəyyən edilir. Digər torpaqların sahəsinə isə Vergi Məcəlləsinin 206.3-cü maddəsində göstərilən dərəcələri tətbiq etməklə hesablanan vergi məbləği müəssisələr tərəfindən cari ilin may ayının 15-dən gec olmayaraq «Torpaq vergisi bəyannaməsi» ilə bəyan edilərək bərabər hissələrlə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilməlidir.

Mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər də torpaq vergisinin ödəyiciləri hesab olunur

Onların torpaq vergisi illik olaraq bələdiyyələr tərəfindən hesablanır. Həmin vergilərin ödənilməsi barədə tədiyyə bildirişi isə avqust ayının 1-dən gec olmayaraq onlara çatdırılır, hesablanmış vergilər bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.  Kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan torpaqlar üzrə fiziki şəxslərin torpaq vergisi dövlət büdcəsinə, digər hallarda fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.

Həmçinin bax: Hüquqi şəxsin uçot məlumatlarının online dəyişdirilməsi

Ekspertin rəyi

İqtisadçı-ekspert Vüqar Bayramov istifadəsiz qalan kənd təsərrüfatı təyinatlı torpaqlarına əlavə vergilərin tətbiq olunmasına xarici təcrübədə də tez-tez rast gəlindiyini deyir. Onun sözlərinə görə, bu qaydaların tətbiq olunmasında əsas məqsəd istifadəsiz kənd təsərrüfatı torpaqlarının dövriyyəyə cəlb edilməsinə nail olmaqdır: lBurada əsas yanaşma ondan ibarətdir ki, vergilərin tətbiq olunması ilə kənd təsərrüfatı üçün yararlı olan istifadəsiz torpaqları istifadəyə cəlb etmək mümkündür. Kənd təsərrüfatına yararlı torpaqların bir qisminin üzrlü səbəb olmadan uzun müddət istifadə olunmaması, yaxud təyinatının dəyişdirilməsi iqtisadi baxımdan məqsədəmüvafiq sayılmır. Ona görə də hökumət istifadədən kənarda qalmış kənd təsərrüfatı təyinatlı torpaqlara vergi qoymaqla həmin torpaqların əkin dövriyyəsinə qaytarılmasına zəmin hazırlayıb. Bu siyasət dolayısı ilə aqrar sektorun inkişafını da stimullaşdırır».

V.Bayramov qeyd edib ki, böyük həcmdə torpaqlar hələ də istifadəsizdir və həmin torpaqların dövriyyəyə qaytarılmasına ehtiyac var.

Mənbə: vergiler.az

Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.

Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *