Kirayə xərcləri üzrə ƏDV-nin əvəzləşdirilməsində 1% məhdudiyyəti necə tətbiq edilir?

posted in: Uncategorized | 0

Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən, mənzil və yemək xərci üzrə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilər. Nazirlər Kabinetinin 22 noyabr 2024-cü il tarixli 492 nömrəli qərarı ilə təsdiq edilən qaydaya əsasən, mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Əgər vergi ödəyicisi mənzil xərcini (kirayə haqqını) elektron qaimə-faktura əsasında ƏDV ödəyicisi olan kirayəverənə ödəyirsə, bu halda kirayə haqqının 50%-i üzrə ƏDV məbləğini əvəzləşdirə bilər. Lakin bu zaman bir sual yaranır: ƏDV-nin əvəzləşdirilməsi zamanı təqvim ili bitmədiyi halda “illik gəlirin 1 faizindən çox olmamaqla” tələbinə necə riayət edilə bilər?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22.11.2024-cü il tarixli 492 nömrəli Qərarı ilə təsdiq edilmiş Qaydanın müddəalarına əsasən, işçilərlə bağlı vergi ili ərzində çəkilmiş mənzil (yaşayış mənzillərinin və fərdi yaşayış evlərinin kirayələnməsi) xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş nümayəndəlik xərclərinin 50 faizi, lakin əldə edilmiş illik gəlirin 1 (bir) faizindən çox olmamaqla, vergitutma məqsədləri üçün gəlirdən çıxılır. Vergi Məcəlləsinin 175.3-cü maddəsinə əsasən həmin Məcəllənin 109.4-cü və 119.2-ci maddələrində göstərilən xərclər istisna olmaqla, həmin Məcəllənin 109.3-cü maddəsində nəzərdə tutulan xərclər çəkiləndə, ƏDV-nin əvəzləşdirilməsinə yol verilmir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisi tərəfindən vergi ili ərzində çəkilmiş işçilərlə bağlı mənzil xərcləri üzrə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirildikdə və ilin yekunlarına əsasən çəkilmiş həmin xərclər müəyyən olunmuş normadan artıq olduqda, o zaman norma həddinin keçdiyi vaxtda normadan artıq olan hissəyə görə əvəzləşdirilmiş ƏDV məbləğləri müvafiq dövrə (və ya dövrlərə) dəqiqləşdirilmiş hesabat verilməklə dürüstləşdirilməli və vergilər hesablanmış faizlərlə birlikdə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 22 noyabr tarixli 492 nömrəli Qərarı.

Mühasibat xidmətləri

Mənbə: vergiler.az

Onlayn sifariş əsasında məhsulun pərakəndə satışı risk yaradırmı?

error: Content is protected !!