Əmək münasibətlərində sosial tərəfdaşlıq – kollektiv müqavilə

posted in: Xəbər | 0

Sosial tərəfdaşlıq anlayışı

Sosial tərəfdaşlıq işçilər, işəgötürənlər, dövlət və yerli özünüidarəetmə orqanları arasında əmək münasibətləri və digər əlaqəli münasibətlərin tənzimlənməsi üzrə işçi və işəgötürənlərin maraqlarının tənzimləməyə yönəlmiş münasibətlər sistemidir. Belə münasibətlər sisteminin əsas məqsədi əmək hüququnun subyektlərinin mənafeyinin bərabər qorunmasına təminat verməkdir. Buna da danışıqlar, razılaşmalar, müqavilələrin (o cümlədən kollektiv müqavilə) bağlanması yolu ilə nail olmaq mümkündür.

Sosial tərəfdaşlığın obyekti, ilk növbədə, onun subyektləri arasında sosial və əmək münasibətləridir. Buraya aiddir aşağıdakılarla bağlı münasibətlər aid etmək olar :

  • əməkhaqqı ödəmələri, məşğulluqla bağlı tədbirlər;
  • sosial təminatların idarə edilməsi və genişləndirilməsi;
  • əmək şərait, əməyin təşkili;
  • müxtəlif növ əmək mübahisələri həlli və s.

Sosial tərəfdaşlığın əsas prinsipləri bunalrdır:

  • tərəflərin bərabərliyi;
  • tərəflərin maraqlarına hörmət və nəzərə alınması;
  • tərəflərin müqavilə münasibətlərində iştirakda marağı;
  • sosial tərəfdaşlıq tərəflərinin nümayəndələrinin səlahiyyətləri;
  • tərəflər və onların nümayəndələri tərəfindən əmək qanunvericiliyinə və əmək qanunvericiliyi normalarını özündə əks etdirən digər normativ hüquqi aktlara riayət edilməsi;
  • seçim azadlığı və könüllü qərar qəbul etmək;
  • kollektiv müqavilələrin, sazişlərin məcburi icrası;
  • qəbul edilmiş kollektiv müqavilə və sazişlərin icrasına nəzarət;
  • kollektiv müqavilə və sazişlərin yerinə yetirilməməsinə görə məsuliyyət.

Sosial tərəfdaşlığın tərəfləri

Sosial tərəfdaşlığın tərəfləri müvafiq qaydada səlahiyyətli nümayəndələrlə təmsil olunan işçilər və işəgötürənlərdir. Sosial tərəfdaşlıqda işçilərin nümayəndələri həmkarlar ittifaqları və onların birlikləri, işəgötürənin nümayəndələri isə təşkilatın rəhbəri, fərdi sahibkar, işəgötürənlər birliyinin rəhbəri ola bilər.  Lakin zərurət yarandıqda digər səlahiyyətli orqanlar da işçilərin nümayəndələri kimi çıxış edə bilər ( müəssisədə həmkarlar ittifaqı təşkilatı olmadıqda).

Mühasibat xidmətləri

Dövlət və yerli özünüidarəetmə orqanlarına gəldikdə, onlar özləri işəgötürən kimi çıxış etdikləri hallarda, habelə qanunla nəzərdə tutulmuş digər hallarda sosial tərəfdaşlığın tərəfləridir. Sahibkar dövlət münasibətlərində sahibkarların nümayəndəsi təşkilatın rəhbəri və ya sahibkarların həmkarlar ittifaqı, dövlətin nümayəndəsi isə özünün sosial tərəfdaşları ilə müqavilə imzalamaq səlahiyyətinə malik olan qanunverici və icraedici hakimiyyət orqanlarıdır.

Sosial tərəfdaşlığın bütün səviyyələrində bərabər əsasda, sosial və əmək mübahisələrinin həlli üzrə komissiyalar təşkil olunur. Bu komissiyalar işçilərin və işəgötürənlərin qərarı ilə tərəflərin zəruri səlahiyyətli nümayəndələrindən yaradılır.

Sosial əməkdaşlığın həyata keçirilməsi formaları

Hər bir səviyyədə əməkdaşlığın həyata keçirilməsi formaları vardır:

  • kollektiv müqavilələrin, sazişlərin layihələrinin hazırlanması və onların bağlanması üzrə kollektiv danışıqlar;
  • əmək münasibətlərinin və bilavasitə əlaqəli digər münasibətlərin tənzimlənməsi, işçilərin əmək hüquqlarının təminatlarının təmin edilməsi və iş şəraitinin yaxşılaşdırılması üzrə qarşılıqlı məsləhətləşmələr (danışıqlar);
  • işçilərin və onların nümayəndələrinin təşkilatın idarə olunması sistemində iştirakı;
  • əmək mübahisələrinin məhkəməyə qədər həllində işçilərin və işəgötürənlərin nümayəndələrinin iştirakı.

Sosial tərəfdaşlıq mexanizminin əsas elementi kollektiv danışıqlardır. Kollektiv danışıqların və sazişlərin məqsədi əmək münasibətlərinin qanunla müəyyən edilmiş həddən artıq tənzimlənmə səviyyəsini müəyyən etməkdir. Kollektiv sövdələşmə işçilərə və işəgötürənlərə öz maraqlarını müəyyən etmək, onları razılaşdırmaq və müqavilədə təsbit etmək imkanı verir.

Kollektiv danışıqların aparılması

Qeyd etdiyimiz kimi işçilər və işəgötürənlər adından kollektiv danışıqların aparılması hüququ onların nümayəndələrinə verilib. Əgər danışıqların təşəbbüskarı həmkarlar ittifaqıdırsa, onda işəgötürənlər, onların dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanı birlikləri (ittifaqlar, assosiasiyalar) danışıqlar aparmağa borcludur. İşəgötürənin danışıqlar aparmaqdan imtina etməsi və danışıqlardan yayınması kollektiv tətil prosesinin başlanması üçün əsas rolunu oynayır. Danışıqlar nəticəsində:

  • kollektiv müqavilə;
  • anlaşma, fikir ayrılıqları protokolu;
  • sosial tərəfdaşlıq sazişləri işlənib hazırlanır.

Kollektiv müqavilə – təşkilatda sosial-əmək münasibətlərini tənzimləyən hüquqi aktdır və onun işlənib hazırlanması, bağlanması, fəaliyyət göstərməsi qaydası qanunla müəyyən edilir.

Fikir ayrılıqları protokolunun imzalanması kollektiv əmək mübahisəsinin başlanğıcı hesab olunur.

Sosial tərəfdaşlıq sazişləri

Sosial tərəfdaşlıq sazişləri sosial-əmək münasibətləri və onlarla bağlı olan digər münasibətlərin tənzimlənməsinin ümumi prinsiplərini müəyyən edən və respublika, sahələr, ərazilər səviyyəsində bağlanan hüquqi aktdır. Sazişin bağlanması üzrə danışıqlarda müvafiq icra hakimiyyəti orqanları iştirakçı ola bilərlər. Onlar danışıqların üçüncü tərəfini təmsil edir və öz üzərlərinə müəyyən vəzifələr götürərək cəmiyyətin, dövlətin maraqlarına uyğun anlaşmaya nail olmağa kömək edirlər.

Sosial tərəfdaşlıq sazişləri işçilərin əmək şəraitinin və onlara sosial-məişət xidmətinin yaxşılaşdırılmasına, əməyin mühafizəsinin təmin olunmasına xidmət edir.

Kollektiv müqavilə və sazişlərin məcburi icrası və riayət edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

Kollektiv müqavilə

Kollektiv müqavilə işəgötürən, əmək kollektivi və ya həmkarlar ittifaqları təşkilatı arasında yazılı formada bağlanan əmək, sosial-iqtisadi, məişət və digər münasibətləri tənzimləyən müqavilədir.

Kollektiv müqavilənin tərəfləri kimi işəgötürən və müəssisənin həmkarlar ittifaqı təşkilatı çıxış edir. Müəssisəədə həmkarlar ittifaqı təşkilatı olmadığı halda kollektiv müqavilənin ikinci tərəfi əmək kollektivi hesab olunur.

Kollektiv müqavilələrlə bağlı həyata keçirilən tədbirlər əsasən 3 mərhələyə bölünür:

  • tələblərin müəyyən olunması və danışıqlar mərhələsi;
  • hazırlanmış layihənin müzakirəsi və imzalanaraq qüvvəyə minməsi;
  • müqavilə şərtlərinin həyata keçirilməsi.

Kollektiv müqavilənin bağlanmasında kollektiv danışıqlar aparmaq hüququ əsas yer tutur.

Kollektiv müqavilənin hazırlanma mərhələləri

Müqavilənin istənilən tərəfi kollektiv danışıqların təşəbbüsçüsü ola bilər. Kollektiv müqavilə layihəsinin hazırlanması, bağlanması qaydaları və müddəti tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir və rəsmiləşdirilir (Əmək Məcəlləsi, maddə 30). Bu məqsədlə tərəflərin bərabər saylı nümayəndələrindən ibarət müvafiq komissiya (işçi qrupu) yaradılır və müqavilənin layihəsi həmin komissiya tərəfindən  tərəflərin müzakirəsinə verilir.

Daxil olmuş təkliflər araşdırıldıqdan sonra yenidən işlənmiş layihə təsdiq olunmaq üçün həmkarlar ittifaqları təşkilatının (əmək kollektivinin) ümumi yığıncağının müzakirəsinə verilir. Əgər müqavilənin layihəsi bəyənilməzsə, tərəflərin nümayəndələri 15 gün ərzində  onu yenidən işləyib təsdiq olunmaq üçün həmkarlar ittifaqı təşkilatının (əmək kollektivinin) müzakirəsinə verir. Layihənin müzakirəsində işçilərin əksəriyyəti iştirakı etməlidir və 50 %-dən çox işçinin iştirak etdiyi ümumi yığıncaq  səlahiyyətli hesab olunur. Müqavilənin layihəsi yığıncaqda müzakirə edilib bəyənildikdən sonra kollektiv müqavilə bağlanır.

Kollektiv müqavilənin qüvvəyə minməsi

Tərəflərin razılaşdırdıqları kollektiv müqavilənin layihəsi işçilərin və işəgötürənin nümayəndələri tərəfindən 3 gün ərzində imzalanır və yeddi təqvim günü ərzində məlumat üçün işəgötürənlər tərəfindən AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilir. Kollektiv müqavilə imzalandığı və ya müqavilədə göstərilən gündən qüvvəyə minmiş hesab olunur. Müqavilə bir ildən üç ilədək müddətə bağlanılır və onun yerinə yetirilməsinə nəzarəti tərəflər, müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.

Kollektiv müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı ilə dəyişdirilə bilər. Onun birtərəfli qaydada dəyişdirilməsi qadağandır. İşəgötürənin müqavilə bağlamaqdan imtina etməsi və ya onun şərtlərinə əməl etməməsi inzibati məsuliyyətə səbəb ola bilər.

Kollektiv müqavilənin məzmunu

Kollektiv müqavilənin məzmunu  tərəflərin onu bağlayan zaman razılaşdıqları şərtlərdən ibarətdir. Qanunvericilik tərəflərin özlərinə hüquq verir ki, onlar  müqavilənin məzmununu və strukturunu müəyyən etsinlər.

Kollektiv müqaviləyə bir qayda olaraq aşağıdakı  öhdəliklər daxil edilir (Əmək Məcəlləsi, maddə 31):

  • müəssisənin istehsal və iqtisadi fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi;
  • əməyin ödənilməsi qaydaları və miqdarının, müavinətlərin, əlavələrin və digər ödəmələrin müəyyən edilməsi;
  • məşğulluq, əlavə təhsil şərtləri;
  • qiymətlərin artımı, inflyasiyanın səviyyəsi nəzərə alınmaqla əmək haqqı miqdarının tənzimlənmə mexanizmi;
  • iş və istirahət vaxtı, məzuniyyətlərin müddəti haqqında şərtlər;
  • işçilərə və onların ailə üzvlərinə mədəni və məişət xidmətlərinin, sosial təminatlar və güzəştlərin müəyyən edilməsi;
  • qadınların, 18 yaşına çatmamış işçilərin əmək şəraitinin yaxşılaşdırılması;
  • əməyin mühafizəsinin yaxşılaşdırılması üçün əlavə təminatların müəyyən edilməsi;
  • əmək vəzifələrini yerinə yetirməklə əlaqədar işçilərə dəyən ziyanın ödənilməsi;
  • işçilərin ekoloji təhlükəsizliyinin və sağlamlığının gözlənilməsi;
  • kollektiv müqavilənin şərtlərinin pozulmasına görə tərəflərin məsuliyyəti və s.

Belə ki, kollektiv müqavilədə müəssisənin iqtisadi imkanları nəzərə alınmaqla digər güzəştli əmək və sosial-iqtisadi şərtlər də (əlavə məzuniyyətlər, pensiyalara əlavələr, nəqliyyat və ezamiyyə хərclərinin ödənilməsi, pulsuz və ya güzəştli qiymətlərlə yemək verilməsi və s.) nəzərdə tutula bilər. Belə güzəştli şərtlər əmək hüququnun lokal normalarıdır və kollektiv müqavilənin normativ şərtlərinə aid edilir.

İşğaldan azad edilmiş ərazilərdə işləyən mütəxəssislərin əlavə məzuniyyəti