Konstitusiyada əmək münasibətləri
Əmək resurslarına sərbəst mübadilə imkanı yaradan müqavilə münasibətlərinin tərəflərini əmək münasibətlərinin subyektləri saymaq olar. Belə münasibətlər bir qayda olaraq tərəflər arasında sərbəst, məcburiyyət olmadan bağlanan müqavilə əsasında yaranır.
Buna baxmayaraq, işəgötürənlər (sahibkarlar) və işçilər arasında qarşılıqlı faydalı əməkdaşlığın qanunvericiliklə müəyyən edilən əsaslarını nizamlayan konstitusiya normalarının əhəmiyyətini də nəzərə almamaq olmaz. Çünki bu normalar Konstitusiya ilə əmək münasibətlərinin balansını əks etdirir.
Azərbaycan Respublikasının Konstitusiyası əmək münasibətlərini bir neçə istiqamətdə tənzimləyir:
- əmək hüququnun bərqərar olması, məcburi əməyin qadağan edilməsi (maddə 35);
- əməyin mühafizəsi və işçilərin hüquqlarının dövlət təminatları (maddə 35.6, 36.2, 36.3);
- insan və vətəndaş hüquqlarının təmin edilməsi ( maddə 71).
Bundan əlavə, nəzərə almaq lazımdır ki, əmək münasibətləri sahibkarlıq fəaliyyəti ilə sıx bağlıdır. Bu səbəbdən Konstitusiya sahibkarlıq və qanunla qadağan olunmayan digər iqtisadi fəaliyyət üçün öz qabiliyyət və əmlakından sərbəst istifadə hüququnu təmin etməklə əmək münasibətlərini, dolayısı da olsa, tənzimləyir (maddə 59). Bu müddəanın konstitusiyada olması onunla bağlıdır ki, sivil yanaşma və əməyin iqtisadi-dəyər modeli nöqteyi-nəzərindən insan (işçi) öz qabiliyyətini və vaxtını müəyyən haqq müqabilində işəgötürənə satır.
Beləliklə, Azərbaycan Konstitusiyası:
- ilk növbədə, işçilərin hüquqlarının qorunmasının zəruriliyini göstərir;
- bununla yanaşı, əmək münasibətlərində müqavilə münasibətlərinin tətbiqi imkanlarından danışır.
Konstitusiyada əmək münasibətləri üzrə formalaşmış bu prinsiplər Azərbaycanda əmək qanunvericiliyinin əsasını təşkil edir.
Əmək qanunvericiliyinin tərkibi
Azərbaycan Respublikasının əmək qanunvericiliyinin mənbəyini aşağıdakılar təşkil edir:
- AR Konstitusiyası;
- AR Əmək Məcəlləsi;
- icra qurumlarının səlahiyyətləri çərçivəsində qəbul etdikləri normativ hüquqi aktlar;
- beynəlxalq müqavilələrlə müəyyən edilən prinsiplər;
- kollektiv müqavilə və sazişlər;
- yerli normativ hüquqi aktlar.
Konstitusiyada əmək münasibətləri üzrə müəyyən edilmiş hüquqların təmin edilməsi AR Əmək Məcəlləsi vasitəsi ilə həyata keçirilir. Bu istiqamətdə qəbul edilmiş normativ hüquqi aktlar AR Konstitusiyasının müəyyən etdiyi çərçivədə olmalı, AR Əmək Məcəlləsinin tələblərinə uyğun gəlməlidir. İşçilərin konstitusiyada əmək münasibətləri üzrə hüquqlarının qorunması qaydaları, habelə müqavilə münasibətlərinin rəsmiləşdirilməsi Məcəllədə ətraflı şərh edilir.
Əmək münasibətlərinin yaranması
Konstitusiya ilə müəyyən edilmiş əmək hüququnun əsasını əmək azadlığı prinsipi təşkil edir. Əmək azadlığı o deməkdir ki, hər bir vətəndaş bilik və bacarığını harada göstərə biləcəyini özü müəyyənləşdirir.
Bu prinsip əmək münasibətlərinin yaranmasından xitamına qədər müxtəlif hüquqi normalarla həyata keçirilir.
İşçi ilə işəgötürən arasında əmək münasibətləri onların Əmək Məcəlləsinə uyğun bağladıqları əmək müqaviləsi əsasında yaranır. Bundan əlavə, əmək münasibətləri, hətta əmək müqaviləsi tərtib edilməmiş olsa belə, işçinin işə faktiki buraxılması əsasında da yarana bilər. Yazılı formada tərtib edilən əmək müqaviləsi (kontraktı):
- işəgötürən və işçi arasında fərdi qaydada bağlanır;
- əmək münasibətlərinin əsas şərtlərini müəyyən edir.
Konstitusiyanın 35-ci maddəsində təsbit edilmiş əmək hüququnu həyata keçirən hər bir vətəndaş əmək müqaviləsini bağladığı andan əmək hüquq münasibətlərinə daxil olur.
Kollektiv müqavilə
Qeyd etdiyimiz kimi konstitusiyada əmək münasibətləri üzrə təsbit edilmiş hüquqlar müqavilə münasibətləri vasitəsi ilə həyata keçirilir. Əmək münasibətlərini müqavilə əsasında tənzimləyən belə sənədlərdən biri edilməsi kollektiv müqavilə və sazişlərdir.
Kollektiv müqavilə yazılı şəkildə işəgötürən, əmək kollektivi yaxud həmkərlar ittifaqları təşkilatlarının arasında bağlanır və əmək, məişət, sosial-iqtisadi məsələləri əhatə edir.
Beləliklə…
Konstitusiyada əmək münasibətləri, bu münasibətlərin tərəflərinin əmək hüququ müxtəlif maddələrdə təsbit edilib. Eyni zamanda bu hüquqlar, onların təmin edilməsi tərəflər arasında bağlanmış əmək müqaviləsi, kollektiv müqavilə və sazişlər əsasında tənzimlənir. Əmək qanunvericiliyi təkcə işçinin deyil, həm də işəgötürənin hüquqlarını təmin edir, onları balanslaşdırır. Çünki hər hansı birinin, məsələn işəgötürənin üstün hüququ sonda məcburi, qul əməyinin formalaşmasına səbəb ola bilər. Habelə, işçinin qeyd-şərtsiz prioritetliyi istənilən istehsalı rentabelsiz edəcək və bu, təkcə sahibkara, cəmiyyətə və dövlətə deyil, həm də iş yeri tapa bilməyən işçinin özünə zərər verəcəkdir.
