Azərbaycanın lizinq şirkətində dividend ödənişi gündəmdədir

posted in: Xəbər | 0
“Level Leasing” yenidən təşkil olunur – Dividendlərin ödənilməsi və direktorun dəyişdirilməsi gündəmdədir.

“Level Leasing”də yenidən təşkil, dividend ödənişi və direktor dəyişikliyi müzakirə ediləcək

“Level Leasing” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Məhdud Məsuliyyətli Cəmiyyətə (MMC) çevrilməsi, səhmdarlara dividend verilməsi və yeni direktorun təyin olunması məsələləri gündəmə çıxarılıb.

Marja.az-ın məlumatına görə, “Level Leasing” ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağı 25 dekabr 2026-cı il tarixində saat 10:00-da baş tutacaq. Cəmiyyət yığıncağın keçirilməsi barədə elanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-1-ci maddəsinə uyğun olaraq yayıb.

Yığıncaqda aşağıdakı məsələlərə baxılması nəzərdə tutulur:

  • Cəmiyyətin 2025-ci il üzrə və 2026-cı ilin dekabr ayınadək olan dividendlərinin səhmdarlara ödənilməsi;
  • “Level Leasing” ASC-nin təşkilati-hüquqi formasının dəyişdirilməsi və MMC-yə çevrilmə yolu ilə yenidən təşkili;
  • Direktorun səlahiyyət müddətinin nəzərdən keçirilməsi, səlahiyyətlərinə xitam verilməsi və yeni direktorun təyin olunması;
  • Cəmiyyətin nizamnamə kapitalının, iştirakçıların paylarının və idarəetmə strukturunun müəyyənləşdirilməsi, nizamnamənin yeni redaksiyasının təsdiqlənməsi;
  • Yenidən təşkil prosesi ilə bağlı təhvil aktının təsdiqi, səhmlərin dövriyyədən çıxarılması, dövlət qeydiyyatının və digər zəruri hüquqi prosedurların həyata keçirilməsi.

Yığıncaq Bakı şəhəri, Xətai rayonu, 8 Noyabr prospekti 36 ünvanında yerləşən cəmiyyətin inzibati binasının ofisində təşkil olunacaq.

Səhmdarlar gündəlikdəki məsələlərə dair materiallarla əvvəlcədən müraciət etməklə iş günlərində cəmiyyətin yerləşdiyi ünvanda tanış ola bilərlər. Onların yığıncağa şəxsən və ya qanunvericiliyə uyğun səlahiyyət verilmiş nümayəndələri vasitəsilə qatılması mümkündür.

Mühasibat xidmətləri

“Level Leasing” ASC-yə hazırda Həmid Mirzəyev rəhbərlik edir. Cəmiyyətin VÖEN-i 2008033321-dir.

Yayımlanan elanda səhmdarlara verilməsi planlaşdırılan dividendlərin məbləği, yeni direktorun kim olacağı və yenidən təşkil nəticəsində müəyyənləşdiriləcək nizamnamə kapitalının həcmi göstərilməyib.

Qeyd edək ki, “Hermes Finance” şirkəti “Level Leasing” ASC-nin nizamnamə kapitalında 38 faiz paya sahibdir. Lizinq fəaliyyəti göstərən cəmiyyətdə iyunun sonuna 21 nəfər çalışıb.

Mənbə: Marja.az