235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Mühasibat uçotunda maliyyə aktivlərinin dəyərinin düzgün qiymətləndirilməsi müəssisənin maliyyə vəziyyətinin real şəkildə əks etdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Maliyyə aktivlərinin dəyəri bazar şərtlərinə, risk səviyyəsinə və digər xarici amillərə görə dəyişə bilər. Buna görə də uçot sistemində bu dəyişiklikləri əks etdirən düzəlişlərin edilməsi zəruridir. Bu çərçivədə 235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı mühüm funksiyaya malik olub, müəssisənin sair qısamüddətli maliyyə aktivlərində baş verən dəyər itkilərini uçotda düzgün əks etdirmək üçün nəzərdə tutulmuşdur.

Sair qısamüddətli maliyyə aktivlərinin uçotu

“Sair qısamüddətli maliyyə aktivləri” adətən müəssisənin likvidliyi yüksək olan, lakin əsasən sərmayə məqsədli olmayan və ya spesifik kateqoriyalara (nağd pul, ticarət debitor borcları və s.) daxil edilməyən aktivlərini əhatə edir. Bu aktivlərə aşağıdakılar daxil ola bilər:

  • qısa müddətli istiqrazlar və qiymətli kağızlar,
  • maliyyə institutlarında yerləşdirilmiş depozitlər,
  • qiyməti dəyişkən olan və tez likvidləşdirilə bilən digər alətlər.

Mühasibat uçotu subyektlərində belə aktivlərin uçotu AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları ”-na  uyğun olaraq mühasibat uçotu subyektləri üçün hesablar planının  23-cü maddəsinə aid olan hesablar üzrə aparılır. Qaydalarda “mühasibat uçotu subyektləri” anlayışı:

  • kredit təşkilatları istisna olmaqla, kommersiya təşkilatlarını;
  • hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsləri;
  • publik hüquqi şəxsləri əhatə edir.

Publik hüquqi şəxslər sırasından AR Mərkəzi Bankı və illik maliyyə hesabatlarını İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları əsasında tərtib edən publik hüquqi şəxslər istisna təşkil edir.

Mühasibat xidmətləri

“Sair qısamüddətli maliyyə aktivləri”-nə aid olan hesablar

Hesablar Planının 23-cü maddəsinə  235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı ilə yanaşı aşağıdakı hesablar da aiddir:

Bu hesablar, əhatə etdikləri qısamüddətli maliyyə aktivləri ilə bağlı ümumiləşdirilmiş məlumatları özündə əks etdirir.

Maliyyə aktivlərinin dəyərinin azalması səbəbləri

Mühasibat uçotu subyektlərində maliyyə aktivlərinin dəyərinin azalmasına bir sıra səbəblər təsir edə bilər:

  • bazar qiymətlərinin dəyişməsi – sərmayə aktivlərinin bazar dəyəri azala bilər;
  • emitentin maliyyə vəziyyətinin pisləşməsi – istiqraz və ya digər maliyyə alətini buraxan qurumun müflisləşməsi;
  • faiz dərəcələrinin dəyişməsi – bu, xüsusilə sabit gəlirli maliyyə alətlərinin qiymətinə təsir göstərir;
  • valyuta riskləri – əgər aktivlər xarici valyutada ifadə olunubsa;
  • hesabat prinsiplərinin dəyişməsi – mühasibat standartlarına uyğun yenidən qiymətləndirmə zərurəti.

Dəyərin azalması mövcud olduqda, bu dəyişiklikləri uçota almaq üçün düzəlişlər həyata keçirilməlidir ki, bu zaman 235 saylı (qısamüddətli aktivlər üçün) yaxud 184 saylı (uzunmüddətli aktivlər üçün) hesablardan istifadə edilir.

235 saylı hesabın məzmunu və funksiyası

235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı, passiv xarakterli hesab olub, əsasən 245 saylı “Digər qısamüddətli maliyyə aktivləri” hesabı üzrə aparılan əməliyyatlara düzəliş etmək məqsədilə istifadə olunur. Həmçinin satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclər mühasibat uçotunda əks etdirildikdə onların dəyərinin azalmasına görə düzəlişlər (mövcud olduqda) üçün də bu hesab tətbiq edilir.

Əsas funksiyası:

  • maliyyə aktivlərində baş verən dəyər itkilərinin qeydiyyatını aparmaq;
  • hesabatlarda maliyyə vəziyyətini daha real şəkildə əks etdirmək;
  • mümkün risklərin və zərərlərin maliyyə hesabatlarında öncədən ehtiyatlanmasını təmin etmək.

Bu hesab üzrə əməliyyatlar yalnız dəyər itkisi və ya sonradan bərpa edilməsi hallarında istifadə olunur.

235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə tənzimləmələr

Bu hesab üzrə mühasibat uçotu subyektləri tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 23-cu bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:

  • satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların dəyərinin azalmasına görə düzəlişlər qaydaların 25.5-ci bəndi, satılması və ya əvəzsiz verilməsi ilə bağlı xərclərlə bağlı düzəlişlər – 25.6-cı bəndi;
  • digər qısamüddətli investisiyaların ədalətli dəyərində azalma olduqda 25.20-ci bənd, aktivin ədalətli dəyərindəki artım – 25.23-cü bənd;
  • digər qısamüddətli investisiyaların əvvəllər ədalətli dəyərində yaranmış dəyişikliklər – 25.24 və 25.25-ci bəndlər.

235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə tənzimləmələr zamanı beynəlxalq uçot standartlarının tələbləri nəzərə alınmalıdır:

  • MHBS 9 (IFRS 9) “Maliyyə alətləri”: Maliyyə aktivlərinin ilkin və sonrakı qiymətləndirilməsi, ehtiyatların yaradılması və dəyər azalmalarının müəyyən edilməsi qaydalarını müəyyən edir.
  • MHBS 13 (IFRS 13)“Ədalətli dəyərin ölçülməsi”: Maliyyə alətlərinin bazar dəyərinin müəyyən olunması metodikasını təqdim edir.

Beynəlxalq standartlar və yerli qanunvericilik aktları əsasında müəssisələr maliyyə aktivlərinin dəyər dəyişmələrini tanıyaraq lazımi düzəlişləri 235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesaba aid edirlər. Belə yanaşma  investorlara və digər maraqlı tərəflərə müəssisənin risklərini və real maliyyə vəziyyətini anlamaqda əhəmiyyətli dərəcədə yardımçı olur.

Müxabirləşmə nümunəsi

Müəssisə 234-cü hesabda 40000 manat maliyyə investisiyası uçota alıb. May ayının əvvəlində ondan 20000 manatı satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar hesabına keçirilib. Ay ərazində bu maliyyə investisiyasının dəyərinin 19000 manat olduğu müəyyən edilib. Eyni qaydada digər qısamüddətli investisiyaların ədalətli dəyərində azalma müşahidə edilib. Mayın sonlarında 231 saylı  hesaba köçürülmüş investisiyanın satışı (19400 manata) baş tutub. Avqust ayında digər qısa müddətli aktivlərin ədalətli dəyəri 22000 manat kimi qiymətləndirilib.

Əməliyyatın adı Debet hesabı Kredit hesabı Məbləğ (AZN)
1 Hesabın may ayının əvvəlinə qalığı 234: ” Digər qısamüddətli investisiyalar”  

———

40 000
2 May ayının əvvəlində satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar hesabına keçirilən hissə (əsas: 25.21) 231: “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” 234: “Digər qısamüddətli investisiyalar” 20000
3 May ayında bazar dəyəri azaldığı üçün mənffət hesabına ehtiyat yaradılır – dəyər itkisi üzrə düzəliş  (əsas: 25.25) 731-7: “Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər” 235: “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” 1000
4 May ayında digər qısamüddətli investisiyaların ədaləti bazar qiyməti ilə yenidən qiymətləndirmə – dəyər itkisi üzrə düzəliş  (əsas: 25.20) 731-2: “Yenidən qiymətləndirilmədən xərclər” 235: “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” 1000
5 Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların satışı: dəyərin azalması ilə bağlı ehtiyat silinir (25.6) 235 saylı hesab 231: “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” 1000
6 Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyaların mümkün xalis satış dəyəri (25.6) 731-7: “Aktivlərin dəyərinin azalması üzrə düzəlişlər” 231: “Satış məqsədi ilə saxlanılan qısamüddətli investisiyalar” 19000
7 Satılmış həmin aktivlər üçün hesablanmış gəlirlər (25.6) 177 (171,172) yaxud 217 (211,212): uzun yaxud qısamüddətli debitor borclar 611 (yaxud 601): Əməliyyat gəlirləri 21000
9 Avqust ayında ədalətli dəyərdə sonrakı artım – ehtiyat silinir (25.24) 235 saylı hesab 611-2: “Yenidən qiymətləndirilmədən gəlirləri” 1000
10 Avqust ayında əvvəlki azalma məbləğindən artıq dəyişiklik (25.24) 234: “Digər qısamüddətli investisiyalar” 611-2: “Yenidən qiymətləndirilmədən gəlirlər” 1000
11 Digər qısa müddətli maliyyə investisiyasının mövsud dəyəri ilə satışı (25.22) 217: “Digər qısamüddətli debitor borcları” 234:“Digər qısamüddətli investisiyalar” 21000

Qeyd: Nümunədə sadəlik üçün debitorlardan hesaba pulun daxil olması, gəlir və xərclərin mənfəətlə bağlanması üzrə müxabirləşmələr əks etdirilməyib.

Beləliklə, deyə bilərik ki, 235 saylı “Sair qısamüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesab uçot sistemində maliyyə aktivlərinin real dəyərini əks etdirmək üçün vacib bir vasitədir. Bu hesab vasitəsilə müəssisə, baş verən dəyər dəyişmələrini düzgün şəkildə qeydə alaraq, maliyyə hesabatlarının şəffaflığını və etibarlılığını təmin edir.