184 saylı “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə uçot

posted in: Xəbər | 0

Uzunmüddətli maliyyə aktivləri iqtisadi subyektin maliyyə sabitliliyinin və investisiya strategiyasının əsas tərkib hissəsidir. Lakin bazar qiymətlərinin dalğalınması, kredit riskləri və ya investisiyalardan geriçəkmə kimi hallarda bu aktivlərin dəyərində azalma baş verə bilir. Belə hallarda dəyərsizləşmənin mühasibat uçotunda tanınması üçün 184 saylı “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı istifadə olunur.

Maliyyə aktivlərinin dəyərinin azalması səbəbləri

Maliyyə aktivlərinin dəyərinin azalması, onların əvvəlki balans dəyəri ilə real bazar və ya bərpa olunan dəyəri arasında mənfi fərqin yaranması ilə bağlıdır. Aşağıdakı səbəblər bu azalmanın baş verməsinə səbəb ola bilər:

  • Bazar qiymətlərinin kəskin dəyişməsi – kapital bazarlarında qiymətlərin düşməsi aktivlərin cari dəyərini azalda bilər.
  • Kredit risklərinin artması – debitorların ödəmə qabiliyyətinin zəifləməsi, xüsusilə 182 saylı hesabda (verilmiş uzunmüddətli borclar) əks olunan aktivlər üzrə.
  • Faiz dərəcələrinin dəyişməsi – yüksək faiz dərəcələri mövcud investisiya gəlirlərini azaldaraq, bazar dəyərini aşağı sala bilər.
  • İqtisadi geriləmə və qeyri-müəyyənlik – makroiqtisadi vəziyyətin pisləşməsi investorların gələcək nağd pul axınları gözləntilərini azalda bilər.
  • Emitentin iflas və ya restrukturizasiya ehtimalı – ‘gər aktiv hər hansı təşkilatın səhmi və ya borc aləti formasındadırsa, həmin təşkilatın maliyyə vəziyyətinin pisləşməsi aktivin dəyərinin azalmasına səbəb ola bilər.
  • Dəyərsizləşməyə (qiymətdən düşməyə) dair mühasibat qiymətləndirmələri: beynəlxalq standartlara əsasən aktivlərin müntəzəm qiymətləndirilməsi nəticəsində fərq aşkarlandıqda uçotda tanınmalıdır.

Hesablar planı, 18-ci maddə: məzmunu, tərkibi.

Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar, uzunmüddətli verilmiş borclar, digər uzunmüddətli investisiyalar və sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlərlə bağlı ümumiləşdirilmiş məlumatlar mühasibat uçotu subyektləri üçün Hesablar Planının  18-ci maddəsinə (“Sair uzunmüddətli maliyyə aktivləri”) aid olan hesablarda uçota alınır. 184 saylı “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı bu hesablardan biridir.

Bu maddənin əhatə etdiyi hesablarda, bir ildən çox müddətə:

  • törəmə müəssisələrə qoyulan uzunmüddətli investisiyalar, yaxud;
  • başqa müəssisələrin kapitalına qoyulan uzunmüddətli investisiyalar, habelə;
  • başqa müəssisələrə verilən uzunmüddətli borclar əks etdirilir.

Hesablar planının “Sair uzunmüddətli maliyyə aktivləri” maddəsinin tərkibi AR MN kollegiyasının Q-01 №-li “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-nın 19.1-ci maddəsi ilə müəyyən edilib. Bu hesablar aşağıdakılardır:

184 saylı hesabın məzmunu və funksiyası

“Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”-na  uyğun olaraq 184 saylı hesabda 181, 182 və 183 saylı hesablardakı aktivlərin dəyərinin azalması əks olunur.

Bu hesab kontr-aktiv hesab kimi çıxış edir, yəni aktivin dəyərinin azaldılmasın əks etdirir, lakin özü aktiv hesab sayılmaz.

184 saylı hesab uzunmüddətli maliyyə aktivlərinin dəyərindəki azalmaların əks olunması, risklərin tanınması və maliyyə hesabatlarının real bazar şərtlərinə uyğun təqdim olunması baxımından çox vacib funksiyanı yerinə yetirir. “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı “Aktivlərin qiymətdən düşməsi” adlı MUBS 36-nın (IAS 36 ) tələblərinə uyğun şəkildə aktivlərin dəyərinin azalma riskini əks etdirir və maliyyə nəticələrinin obyektivliyini təmin edir.

Hesab üzrə uçotun tənzimlənməsi

Tənzimləmələr yuxarıda qeyd edilən qaydaların 19-cu bölməsinin aşağıdakı bəndləri əsasında aparılır:

  • digər uzunmüddətli investisiyaların ədalətli dəyərində azalma olduqda, qaydaların 19.14-cü bəndi;
  • digər uzunmüddətli investisiyalar satış məqsədi ilə saxlanılan aktivlər hesabına keçirildikdə, 19.15-ci bənd;
  • hesablaşma tarixi metodu tətbiq edildikdə, 19.17-ci bəndi;
  • əvvəlki yenidən qiymətləndirmələr nəticəsində yaranmış qiymətdəndüşmə zərərləri, qaydaların 19.18 bəndi;
  • digər uzunmüddətli investisiyaların əvvəllər ədalətli dəyərində yaranmış dəyişikliklər, 19.19 bənd;
  • əvvəlki artım məbləğindən artıq dəyişiklik qaydaların 19.20 bəndi.

184 saylı “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesab üzrə tənzimləmələr zamanı yuxarıda qeyd edilən MUBS 36-nın (IAS 36) – ““Aktivlərin qiymətdən düşməsi”-dən başqa aşağıdakı beynəlxalq uçot standartlarının tələbləri nəzərə alınmalıdır:

MHBS 9 (IFRS 9)  “Maliyyə alətləri”: Uzunmüddətli maliyyə aktivlərinin dəyərsizləşməsinin qiymətləndirilməsi zəruridir; ədalətli dəyər modelində aktivin bazar dəyəri onun balans dəyərindən aşağı düşərsə, aradakı fərq qiymətdən düşmə kimi tanınmalıdır.

MHBS 13 (IFRS 13)“Ədalətli Dəyərin Ölçülməsi”: Dəyərsizləşmənin ədalətli dəyərə görə qiymətləndirilməsi tələb olunur; aktivin dəyərində azalma olduqda, 184 saylı hesabda mənfi dəyər kimi qeydə alınır.

“Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” hesabı üzrə müxabirləşmələr

Nümunə 1: “ABC-Kapital” MMC 2024-üu il iyun ayında 183 saylı hesabda olan 15 000 AZN-lik investisiyasının bazar qiymətinin 12 000 AZN-ə düşdüyü qərarlaşdırır.

Mühasibat yazılışı:

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (manat)
Dəyərsizləşməyə (qiymətdən düşməyə) dair mühasibat qiymətləndirməsi 731-2 ” Yenidən qiymətləndirilmədən xərclər” 184 “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” 3 000

Nümunə 2: “ABC” MMC “XYZ” MMC şirkətinin səhmlərinin 20%-ni alaraq 15000 manat ödəyib. Razılaşmaya görə səhmlər iki il müddətinə alınıb. Səhmlər alındıqdan bir müddət sonra onların qiyməti 1000 manat azalıb. Bu zaman “ABC” MMC-nin mühasibatlığında veriləcək müxabirləşmələr aşağıdakı cədvəldə verilib:

Əməliyyatın məzmunu Debet hesabı Kredit hesabı Məbləğ (manat)
“XYZ” MMC-nin səhmlərinin alınması 181 “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” 223 “Bank hesablaşma hesabları” 15 000
 Səhmlərin qiymətində azalmanın qeydiyyatı 184 “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” 181 “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” 1 000
Səhmin qiymət azalması mənfəət (zərər) hesabına bağlanır 801 Ümumi mənfəət (Zərər) 184 “Sair uzunmüddətli maliyyə aktivlərinin dəyərinin azalmasına görə düzəlişlər” 1 000
Səhmlərin alınması zamanı qoyulmuş investisiya qaytarılır 223 “Bank hesablaşma hesabları” 181 “Ödənişə qədər saxlanılan uzunmüddətli investisiyalar” 14 000

Qısamüddətli investisiyaların uçotu haqqında buradan oxumaq olar.