Mövzunu rəqəmsal maliyyə üzrə ekspert Nigar Kazımova şərh edir.
Müasir dövrdə müəssisələrin uğuru yalnız cari maliyyə nəticələri ilə deyil, eyni zamanda uzunmüddətli maliyyə baxışı və strateji hədəfləri ilə ölçülür. Rəqabətin gücləndiyi, bazar şərtlərinin sürətlə dəyişdiyi bir dövrdə maliyyə hədəflərinin düzgün müəyyən edilməsi şirkətlərin dayanıqlığını və inkişaf imkanlarını təmin edən əsas amillərdən biridir. Onlar müəssisənin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən əsas yol xəritəsinin əvəzolunmaz elementləri kimi çıxış edir. Bu baxımdan, onların təsadüfi deyil, elmi və analitik yanaşma əsasında formalaşdırılması zəruridir.
Mühasibatlıq maliyyə məlumatlarının toplanması, sistemləşdirilməsi və təhlilini təmin etməklə maliyyə hədəflərinin müəyyən edilməsində başlanğıc dayaq rolunu oynayır. Uçot məlumatları əsasında müəssisənin real maliyyə vəziyyəti, mövcud imkanları və riskləri obyektiv şəkildə üzə çıxarılır. Məhz bunlar müəyyən edilən maliyyə hədəflərinin reallığını və icra qabiliyyətini artıraraq rəhbərliyə gələcək fəaliyyət istiqamətlərini düzgün planlaşdırmağa, veriləcək qərarların dəqiq və etibarlı olmasına imkan verir. Eyni zamanda, bildirməliyik ki, mühasibatlıq maliyyə hədəflərinin icrası zamanı nəzarət və hesabatlılıq funksiyasını da yerinə yetirərək planlaşdırılmış və faktiki nəticələr arasındakı fərqləri aşkara çıxarır.
Şəffaf və dəqiq hesabatlılıq maliyyə hədəflərinin reallığını artırır
Beləliklə, şəffaf və dəqiq hesabatlılıq maliyyə hədəflərinin reallığını artırır, eyni zamanda investorlar və digər maraqlı tərəflərlə etibarlı münasibətlərin qurulmasına xidmət edir.
Ümumiyyətlə, qeyd edilməlidir ki, yalnız hədəflərin təyin edilməsi müəssisənin maliyyə strategiyasının effektiv olmasının təminatı kimi çıxış etməyə kifayət etmir. Strategiyanın müəyyən edilməsi bir prosesdir və özlüyündə kompleks tədbirlərdən ibarətdir. Bu, hədəflərin təyin edilməsi, onların izlənməsi və təhlil edilməsi və nəticələrə uyğun olaraq düzəlişlərin həyata keçirilməsi ilə bərabər adaptasiya mərhələsidir.
Maliyyə hədəflərinin təyini şirkətin maliyyə strategiyasını müəyyən etməyin ilk addımıdır. Hədəflər müəssisənin uzunmüddətli və qısamüddətli maliyyə məqsədlərinə nail olmaq üçün nə etməli olduğunu göstərir. Hədəflərin düzgün təyini şirkətin maliyyə dayanıqlılığını stimullaşdıraraq resursların optimal şəkildə istifadəsini təmin etməkdədir.
Maliyyə hədəflərinin təyinedilmə mərhələləri bunlardır:
1. Maliyyə məqsədlərinin müəyyənləşdirilməsi: Şirkətin maliyyə hədəflərini təyin etmək üçün onun mövcud vəziyyətini, gələcək planlarını və bazardakı mövqeyini nəzərə almaq lazımdır. Bu məqsədlərə nümunə olaraq gəlirin, mənfəətin artırılmasını, əməliyyat xərclərinin azaldılmasını, likvidliyin yaxşılaşdırılmasını, borcların idarəedilməsini, dövriyyənin sürətləndirilməsini qeyd edə bilərik.
2. SMART yanaşmasının tətbiqi: Maliyyə hədəflərinin müəyyənləşdirməsi SMART prinsiplərinə uyğun olmalıdır:
- Konkret (Specific): Hədəf açıq, konkret və aydın olmalıdır.
- Ölçülə bilən (Measurable): Nəticələr ölçülə bilinməlidir.
- Əldə edilə bilən (Achievable): Hədəf mümkün olan olmalıdır.
- Realistik (Realistic): Hədəf şirkətin mövcud resurslarına və bazar şərtlərinə uyğun olmalıdır.
- Vaxtla məhdud (Time-bound): Hədəfin müəyyən bir müddəti olmalıdır.
3. Büdcə və maliyyə proqnozlarının hazırlanması: Maliyyə hədəflərini təyin etmək üçün büdcə hazırlamaq vacibdir. Büdcə müəssisənin sərəncamında olan resursların bölüşdürülməsini və inkişaf istiqamətini müəyyən edir. Hər bir müəssisənin maliyyə bloku bu proqnozları hazırlayaraq mümkün olan ssenariləri təqdim edir. Hədəfləri təyin etdikdən sonra bu hədəflərə çatmaq üçün konkret strategiyalar və əməliyyat planları tərtib olunmalıdır. Bu mərhələdə mühasibatlıq yalnız hədəfləri müəyyən etməklə kifayətlənməyərək resursların düzgün istifadə olunmasına nəzarət etməlidir.
Hədəflərə nail olmaq üçün yalnız planlama deyil,
həm də mütəmadi olaraq izləmə və qiymətləndirmə çox vacibdir
Maliyyə hədəflərinin izlənməsi və təhlil edilməsi bu prosesin növbəti mərhələsidir. Çünki bu hədəflərə nail olmaq üçün yalnız planlama deyil, həm də mütəmadi olaraq izləmə və qiymətləndirmə çox vacibdir. İzləmə prosesi şirkətin mövcud vəziyyətini, hədəflərə nə qədər yaxın olduğunu göstərir və hər hansı bir yayınma baş verdikdə dərhal düzəliş etməyə imkan verir.
Qeyd etməliyik ki, maliyyə hədəflərinin uğurla həyata keçirilməsi onların mütəmadi izlənməsindən asılıdır. Bu məqsədlə maliyyə hesabatları, əsas performans göstəriciləri (KPI) və fərq analizi tətbiq oluna bilər. Planlaşdırılmış və faktiki nəticələrin müqayisəsi müəssisədə gedən proseslərə vaxtında müdaxilə etməyə imkan verir.
İzləmə və təhlil metodlarını aşağıdakı kimi sıralaya bilərik:
– Maliyyə göstəricilərinin təhlili (KPI): Şirkət hər hansı bir maliyyə hədəfinə çatıb-çatmadığını müəyyən etmək üçün bir neçə əsas performans göstəriciləri (KPI) izləməlidir. Bu göstəricilər hədəflərlə müqayisədə real nəticələri ölçür.
– Fərq analizi (Variance Analysis): Bu metod büdcə ilə real nəticələr arasındakı fərqi təhlil etməyə kömək edir, fərqliliyi bir nəticə olaraq görüb səbəbinə fokuslanmağa imkan verir.
– Müqayisəli analiz (Benchmarking): Şirkət öz maliyyə performansını sənayenin liderləri ilə müqayisə etməlidir.
Əldə olunan nəticələr gözlənilən səviyyədə olmadıqda,
maliyyə strategiyalarına düzəlişlər edilməlidir
Maliyyə strategiyasını müəyyən edərək onu qiymətləndirdikdən, təhlil etdikdən sonra ortaya çıxan nəticələr, uyğun olaraq, effektivliyi artırmaq məqsədilə düzəlişlərin və adaptasiya tədbirlərinin görülməsi bu kompleks prosedurun son mərhələsidir. Əslində, bu, bir qapalı dövretmədir. Çünki düzəliş və adaptasiya yeni hədəflərə, onları izlənməyə və təhlilə, eləcə də yenidən nəticələrə uyğun olaraq düzəlişlərin edilməsinə zərurət yaratmaqdadır.
Eyni zamanda, nəzərə alınmalıdır ki, iqtisadi mühitin dəyişkənliyi maliyyə hədəflərinin zaman-zaman yenilənməsini zəruri edir. Bazar şərtlərində baş verən dəyişikliklər, risklər və yeni imkanlar nəzərə alınaraq maliyyə strategiyalarına düzəlişlər edilməlidir. Əldə olunan nəticələr gözlənilən səviyyədə olmadıqda, maliyyə strategiyalarına düzəlişlər edilməlidir. Bu düzəlişlər resurs bölgüsünə, investisiya qərarlarına və əməliyyat proseslərinə təsir göstərir. Amma düzəlişlər edilmədən öncə mütləq şəkildə onların səbəbləri araşdırılmalı və müəyyən edilməlidir.
Müəssisələr çevik idarəetmə yanaşmalarından istifadə etməli, riskləri əvvəlcədən qiymətləndirərək maliyyə strategiyalarını uyğunlaşdırmalıdırlar. Düzgün adaptasiya mexanizmləri maliyyə sabitliyinin qorunmasına və uzunmüddətli inkişafın təmin edilməsinə şərait yaradır.
Yekunda qeyd edək ki, mühasibatlıq prizmasından maliyyə hədəflərinin düzgün müəyyən edilməsi və sistemli şəkildə idarə olunması müəssisələrin uzunmüddətli uğurunun, dayanıqlı inkişafının əsas şərtidir. Elmi yanaşma və praktiki mexanizmlərin tətbiqi maliyyə idarəetməsinin effektivliyini əhəmiyyətli dərəcədə artıraraq bazar mövqeyini gücləndirməkdədir.
Mənbə: vergiler.az