12-13 Noyabr tarixlərində İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM-in) təşəbbüsü və Sumqayıt Dövlət Universiteti (SDU), Bursa Uludağ Universiteti, Xəzər Universiteti, Azərbaycan Respublikası Auditorlar Palatası, KOBİA, ASK, MUSİAD (Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi) və KGK (Türkiyə Respublikası Mühasibat Uçotu və Audit Standarlarının hazırlanması üzrə İctimai Nəzarət Təşkilatı) kimi qurumların birgə təşkilatçılığı ilə “I Beynəlxalq Maliyyə, Mühasibatlıq, Audit və Rəqəmsallaşma Simpoziumu” keçiriləcəkdir.
Tədbirin əsas məqsədlərindən biri müasir dövrdə maliyyə, mühasibatlıq, vergi və audit sahəsində dünyada baş verən yenilikləri öyrənmək, həmçinin adı çəkilən sahələrdə rəqəmsallaşma və süni intellektin tətbiqi imkanlarını müzakirə etməkdir. Simpozium zamanı qeyd olunan sahələr üzrə müasir tendisiyalar, gələcəkdə baş verəcəyi gözlənilən elmi yeniliklər yerli və xarici spikerlər tərəfindən təhlil olunacaq və şirkətlərin bunlarla bağlı necə bir yol xəritəsi izləməsi tövsiyələri veriləcəkdir.
Simpoziumda Mehdi Babayev, Radil Fətullayev, Simnar Paşazadə, Abdulkərim Sadıqov, Elsevər İbadov kimi tanınmış yerli ekspertlərin, həmçinin xaricdən Bursa Uludağ Universiteti, Atatürk Universiteti, Qırğızıstan Respublikası Oş Dövlət Universiteti, Qazaxıstan Respublikası Auditorlar Palatası və KGK kimi nüfuzlu qurumlardan seçilən Zekeriyya ARI, Şükrü Dokur, Hayrettin Kurt, Fatih Bilici, Çağatan Taşkın, Murat Yünlü, Timur İsrailov və Akan Arıstan kimi nümayəndələrin çıxışı gözlənilir.
İştirak edəcək hər bir şəxsin tədbirdən faydalanaraq əldə edəcəyi bilik və məlumatlar vasitəsilə çalışdığı şirkətə ciddi töhfələr verməsi gözlənilir.

