Topdansatış ticarət obyektlərindən malların təqdim edilməsi necə rəsmiləşdirilməlidir?

posted in: Xəbər | 0
birbank biznes

malların təqdim edilməsi, Topdansatış ticarət obyektləri,Yanacaq məhsullarını topdan və pərakəndə satan müəssisənin bir sıra şirkətlərlə müqaviləsi vardır. Şirkətlərin sürücülərinə ay ərzində təqdim edilmiş yanacağa görə elektron qaimə-faktura göndərilir. Satış zamanı sürücülərə nəzarət-kassa aparatının çeki də təqdim olunur ki, bu zaman eyni məbləğ dövriyyəyə iki dəfə daxil edilmiş olur. Müəssisə əlavə maliyyə itkisinə məruz qalmamaq üçün nə etməlidir?

Dövlət Vergi Xidmətindən bildirilib ki, topdansatış qaydasında ticarət fəaliyyətini həyata keçirən şəxslər tərəfindən həmin fəaliyyətin məqsədləri üçün nəzarət-kassa aparatının tətbiq edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmamışdır. Topdansatış ticarət obyektlərindən sahibkarlıq fəaliyyəti subyektlərinə malların təqdim edilməsi elektron qaimə-faktura ilə rəsmiləşdirilir. Belə ki, Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Vergi Məcəlləsinin 13.2.63-cü maddəsinə əsasən topdansatış malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir. Eyni zamanda vergi ödəyiciləri ilə bağlanmış müqavilə əsasında onların işçiləri tərəfindən alınan yanacaqlara görə elektron qaimə-faktura ilə yanaşı nəzarət-kassa aparatının çeki təqdim edildiyi halda vergitutma məqsədləri üçün həmin əməliyyatlara bir əməliyyat kimi baxılmalı və vergi orqanına bu əməliyyatlar barədə məlumatlar təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 71-1-ci maddələri.

Mənbə: vergiler.az



Print Friendly, PDF & Email