Mənzil kirayəsinə vergi tətbiqi

posted in: Vergi, Xəbər | 0
birbank biznes

Mənzil kirayəsiAzərbaycan Respublikasının Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, daşınmaz əmlak üçün icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur. İcarə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə icarəyə verən bu maddəyə uyğun olaraq 14% dərəcəsi ilə vergini özü ödəyir və Vergi Məcəlləsinin 33-cü və 149-cu maddələrinə uyğun olaraq, vergi uçotuna alınıb bəyannamə verir.

Bax: Mənzil satışından tutulan vergi

Mənzili kirayəyə götürən fiziki şəxs vergi ödəyicisi kimi vergi orqanında uçotda olduğu halda (VÖEN-i varsa) mənzili kirayəyə verən fiziki şəxsə ödədiyi icarə haqqından 14% dərəcəsi ilə vergini tutmalı və həmin məbləği dövlət büdcəsinə ödəməlidir. İcarə haqqından vergi ödəyən fiziki şəxs vergi orqanına vergi bəyannaməsi təqdim etməlidir. Kirayə verənin əldə etdiyi gəlirdən ödəmə mənbəyində vergi tutulduğu üçün onun həmin gəlirindən vergi tutulmur.

Fiziki şəxs mənzili hüquqi şəxsdən kirayəyə götürdüyü halda, kirayəyə götürən fiziki şəxsin vergi orqanında qeydiyyatda olub-olmamasından asılı olmayaraq, hüquqi şəxsə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində vergi tutulmur. Hüquqi şəxs əldə etdiyi həmin kirayə haqlarından 20% dərəcəsi ilə mənfəət vergisi ödəyir.

Qeyd edək ki, kirayəyə verən şəxs qanunverilicikdə nəzərdə tutulan vergiləri ödəməkdən yayınarsa, o, Vergi Məcəlləsinin 57-ci, 58-ci və 59-cu maddələri ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır:

  • Vergi Məcəlləsinin 58.2-ci maddəsinə əsasən, müəyyən olunmuş müddətdə vergi orqanlarında uçota alınmamasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən, bəyannamə vermək öhdəliyi olan vergi ödəyicisi tərəfindən əldə etdiyi və ya ödədiyi icarə haqlarına görə vergi orqanına Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətdə hesabat təqdim edilməməsinə görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50%-i miqdarında maliyyə sanksiyası tətbiq edilir;
  • Vergi Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, vergi məbləğləri qanunvericiliklə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya ödəmə mənbəyində vergini tutmağa və büdcəyə köçürməyə borclu olan şəxsdən ödənilməmiş vergi məbləğinin 0,1%-i məbləğində faiz tutulur.

Mənbə: vergiler.az

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email