Mənzilimi kirayə vermək istəyirəm. Bu fəaliyyət üçün vergi ödəyicisi olmaq zəruridirmi və bu halda hansı addımlar atılmalıdır?
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib ki, Vergi Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, fiziki şəxslərə məxsus yaşayış sahələrinin (mehmanxanalar və mehmanxana tipli obyektlərdə yerləşən yerləşmə vasitələri istisna olmaqla) fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. Nəzərdə tutulan ödəmələri həyata keçirən vergi orqanında uçotda olan fiziki şəxslər ödəmə mənbəyində vergini tutmağa borcludurlar. Kirayə haqqından ödəmə mənbəyində vergi tutmalı olan şəxs gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergini büdcəyə köçürməli və ödəmə mənbəyində vergi bəyannaməsini vergi orqanına təqdim etməlidir.
Kirayə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə kirayəyə verən fiziki şəxs özü və ya onun təyin etdiyi vergi agenti vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 10 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə hesablanmış gəlir vergisini dövlət büdcəsinə ödəməlidir.
Həmçinin, “Fiziki şəxsin uçotu haqqında Ərizə”ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Ödənişsiz həyata keçirilən uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda, əlavə olaraq kağız daşıyıcıda verilir).
Vətəndaş vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilər. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı vasitəsi ilə aparılır. Videotəlimat üçün daxil ola bilərsiniz:
https://www.youtube.com/watch?v=vf9kcwylzJ8
Əsas: Vergi Məcəlləsinin 124, 150.1.6-cı maddələri
Mənbə: vergiler.az
