Mənzil satışından tutulan vergi

posted in: Vergi, Xəbər | 0
birbank biznes
MənzilMənzil satışından tutulan vergi

Mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahəsini satan şəxslər vergi öhdəliklərini yerinə yetirməzsə…

2018-ci ilin yeddi ayı ərzində mənzil və qeyri-yaşayış sahəsinin alğı-satqısından dövlət büdcəsinə 22 milyon 875,3 min manat vergi ödənilib. Yanvar-iyul aylarında notariuslar tərəfindən təqdim olunmuş ödəmə mənbəyində tutulan sadələşdirilmiş vergi bəyannaməsinə əsasən, ölkənin regionları üzrə mənzil və mülklərin satışından ən çox vergi ödənişləri paytaxt Bakının payına düşür. Bu müddətdə yaşayış və qeyri-yaşayış sahələrinin alğı-satqısına görə fiziki və hüquqi şəxslər tərəfindən Bakı şəhəri üzrə vergi daxilolmalarının məbləği 18 milyon 50,8 min manat təşkil edib. Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan və Mingəçevirdən daxil olmuş vergilərin məbləği 928,2 min manat, Gəncə, Sumqayıt və Xırdalan üzrə 2.386,9 min manat, digər rayon (şəhər) və qəsəbələr (kəndlər) üzrə isə 1.509,3 min manat olub.

Həmçinin bax: Mənzil kirayəsi üzrə vergidən yayınanları hansı maliyyə sanksiyası gözləyir?

Xatırladaq ki, 2016-cı ildə bina tikintisi fəaliyyəti ilə məşğul olan və sadələşdirilmiş qaydada vergi ödəyən şəxslərin vergitutma bazası genişləndirilib. Vergi Məcəlləsinin 218-ci maddəsinə edilmiş dəyişikliklərə əsasən, mülkiyyətində olan yaşayış və qeyri-yaşayış sahələrini təqdim edən şəxslər 1 yanvar 2016-cı ildən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Həmin vəsaitlər notarius tərəfindən ödəmə mənbəyindən tutularaq dövlət büdcəsinə ödənilir. Vergi hesablanarkən alğı-satqı zamanı mənzilin neçəyə satılması heç bir əhəmiyyət daşımır. Fiziki şəxs mülkiyyətində olan yaşayış sahəsini satarkən, mənzilin satış qiymətindən asılı olmayaraq, hər kvadratmetrə görə 15 manat məbləğində sadələşdirilmiş vergi ödəməlidir.  Satılan mənzil Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşirsə, bu məbləğə Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş zonalardan asılı olaraq, əmsallar tətbiq olunur.

Cədvəldən də göründüyü kimi, mərkəzdən kəndlərə doğru mənzil satışı ilə bağlı verginin məbləği azalır.

 

Zonalar

Zona əmsalı Baza məbləği Vergi məbləği

B  A  K  I       Ş  Ə  H  Ə  R  İ

Zona-1

4,0

15 manat

60 manat

Zona-2

3,0

15 manat

45 manat

Zona-3 və 4

2,2

15 manat

33 manat

Zona-5 və 6

1,8

15 manat

27 manat

Zona- 7, 8 və 9

1,5

15 manat

22,5 manat

Zona-10, 11 və 12

1,2

15 manat

18 manat

D  İ  G  Ə  R         R  E  G  İ  O  N  L  A  R

Gəncə, Sumqayıt və Xırdalan

1,5

15 manat

22,5 manat

Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan

1,2

18 manat

Digər rayon (şəhər) və qəsəbələr (kəndlər)

0,5

15 manat

7,5 manat

 

 

Beləliklə, Bakının mərkəzi hissəsində, yəni 1-ci zonaya aid ərazilərdə mənzil satılarkən onun hər kvadratmetrindən tutulan vergini hesablamaq üçün 15 manat baza məbləği 4-ə vurulmalıdır. Bununla da yaşayış sahəsi 100 kvadratmetr olan mənzilin satışı zamanı sadələşdirilmiş vergi məbləği bu cür hesablanmalıdır:

 

100 m2 (mənzilin sahəsi) x 15 manat (baza məbləği) x 4 (zona əmsalı) = 6 000 manat.


Həmçinin bax: Verginin sıfır (0) dərəcəsi ilə tutulması

Mənzilin dəyişdirilməsi də vergiyə cəlb olunur

Yeri gəlmişkən, son illər Azərbaycanda mənzillərin barter üsulu ilə alğı-satqısına da maraq artıb. Xüsusən də daşınmaz əmlak agentlikləri vasitəsilə yayılan elanlarda mənzillərin barter üsulu ilə satışı, yəni dəyişdirilməsi təklif olunur. Hətta ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən mənzillərin paytaxda eyni növ mülkə dəyişdirilməsini təklif edənlər də var. Qanunvericiliyin tələblərinə görə, barter üsulu ilə alğı-satqı olunan mənzillərdən də eyni qayda ilə sadələşdirilmiş vergi tutulur. Bu zaman dəyişdirilən iki mənzil alğı-satqı obyekti sayıldığından, hər iki mülkün satıcı qismində çıxış edən sahibi müvafiq qaydada vergi ödəməlidir.

Qeyri-yaşayış sahələri olan zirzəmilərin satışından tutulan verginin məbləği də təxminən eyni qaydada hesablanır.  Yeganə fərq ondadır ki, qeyri-yaşayış sahələrinin alğı-satqısı zamanı hesablanmış vergi məbləğinə əlavə olaraq 1,5 əmsal tətbiq edilir. Məsələn, 6-cı zonaya aid edilən metronun «Neftçilər» və ya «Koroğlu» stansiyaları ətrafında  şəxsi mülkiyyətində olan 300 kvadratmetr zirzəmini satmaq istəyərkən mülk sahibi notarius vasitəsilə ödəyəcəyi sadələşdirilmiş vergini belə hesablamalıdır:

 

300 m2 (zirzəminin sahəsi) x 15 manat x 1,8 x 1,5 = 12 150 manat.

 

Yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi üzrə sadələşdirilmiş vergi alğı-satqı  müqavilələrini  təsdiq  edən  notarius  tərəfindən  hesablanaraq tutulur və 1  bank  günü ərzində dövlət  büdcəsinə ödənilir. Vəsaitin ödənilməsi  barədə «Yaşayış  və qeyri-yaşayış sahələrini təqdim edən şəxslərdən notariuslar tərəfindən ödəmə mənbəyində tutulan  sadələşdirilmiş  verginin  bəyannaməsi»  hesabat  ayından sonrakı  ayın  20-dən gec olmayaraq vergi orqanına təqdim edilir. Mənzillərin satışı zamanı vergi bəyənnaməsinin və arayışın təqdim edilməməsinə görə daşınmaz əmlakını satışa çıxaran fiziki şəxslərə qarşı 40 manat  cərimə tətbiq olunur.

Bu əmlakların təqdim edilməsi vergidən azaddır

Qeyd edək ki, bu qaydalar bina tikintisi fəaliyyəti üzrə sadələşdirilmiş verginin hesablanması və ödənilməsinə aid deyil. Yaşayış və qeyri-yaşayış sahələrinin satışı 2016-cı il yanvarın 1-dən, torpaq sahələrinin təqdim edilməsi isə 2017-ci il yanvarın 1-dən etibarən sadələşdirilmiş vergiyə cəlb olunur. Burada vergi torpağın, yaşayış və qeyri-yaşayış yerinin sahəsinə (ölçüsünə), yerləşdiyi əraziyə əsasən hesablanır.

Aşağıdakı hallarda torpaq, yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi vergiyə cəlb olunmur:

  • fiziki şəxsin azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi;
  • daşınmaz əmlakın hədiyyə, maddi yardım və miras formasında ailə üzvləri tərəfindən verilməsi;
  • daşınmaz əmlakın dövlət ehtiyacları üçün alınması ilə əlaqədar kompensasiyanın ödənilməsi;
  • əmlakın ər və arvad arasında verilməsi, keçmiş ər-arvad arasında boşanma prosesində verilməsi.
Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email