Məzuniyyətin hesablanması qaydası

posted in: Xəbər | 0

Məzuniyyətin növləri

İşçilərin məzuniyyət hüququ Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İşçilərin məzuniyyət hüququ üzrə hüquqi təminatlar nəzərdə tutulub. Bunlardan biri də Məcəllə ilə müəyyən edilmiş hallarda onlara məzuniyyətin hesablanması, başqa sözlə desək, həmin dövr üçün orta əməkhaqqının saxlanmasıdır (ƏM, maddə 111).

Məcəllənin 112.1-ci maddəsi aşağıdakı məzuniyyət növlərini müəyyən edir:

  • əmək məzuniyyəti;
  • sosial məzuniyyətlər;
  • təhsil və yaradıcılıq məzuniyyəti;
  • ödənişsiz (haqq ödənilməyən) məzuniyyətlər.

İşçilərə digər məzuniyyətlər də verilə bilər, bir şərtlə ki, bu, əmək müqaviləsində, kollektiv müqavilələrdə nəzərdə tutulsun (ƏM, maddə 112.2)

Məzuniyyətin hesablanması üçün nələri bilmək lazımdır?

Məzuniyyətin yuxarıda qeyd edilən ilk üç növü üzrə məzuniyyət haqqının hesablanması zamanı atılacaq birinci addım məzuniyyət müddətinin müəyyən edilməsidir. Sonuncu, dördüncü məzuniyyət növü ödənişsiz olduğu üçün müddət müəyyən edilsə də, hesablama aparılmır. Odur ki, bu məqalədə o nəzərdən keçirməyəcək.

Mühasibat xidmətləri

İkinci addım müəyyən edilmiş müddətlər üçün orta əməkhaqqının hesablanmasıdır. Hesablama ardıcıllığı məzuniyyətin növünə görə fərqlənə bilər. Belə ki:

  • əmək məzuniyyətinin hesablanması zamanı son 12 ay üçün orta əməkhaqqı nəzərə alınır;
  • məzuniyyətə çıxan işçi 12 təqvim ayından az əmək münasibətində olubsa, hesablamalar faktiki işlədiyi tam təqvim aylarına əsasən aparılır;
  • hesablama zamanı qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən aylar yaxın tam işlənilən təqvim ayları ilə əvəz olunur;
  • “Sosial sığorta haqqında” AR Qanununa uyğun sığorta hadisəsi baş verdikdə işçinin sosial məzuniyyət hüququ yaranır və ona  “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında” Əsasnamə  əsasında müavinət  hesablanır;
  • yaradıcılıq fəaliyyəti üçün məzuniyyətin hesablanması üçün orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığı əməkhaqqının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə müəyyən edilmiş bir günlük əmək haqqı əsasında aparılır;
  • ödənişli təhsil məzuniyyəti üçün hesablamalar ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazanılan əməkhaqqı əsasında aparılır (ƏM maddə 123.2 və 177).

Sonuncu iki halda hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olarsa, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.

Məzuniyyət müddətləri

İşçinin hər iş ili üzrə bir dəfədən az olmayaraq əmək məzuniyyətdən istifadə hüququ var. Məzuniyyətin bu növünün minimum müddəti 21 təqvim günüdür. İlk iş ilində məzuniyyətdən istifadəsi üçün 6 ay iş stajının olması zəruridir. Növbəti illərdə isə istənilən vaxt, növbəlilik cədvəlinə uyğun məzuniyyətdən istifadə etmək olar.

Əmək məzuniyyəti əsas və əlavə kimi iki hissədən ibarətdir, qeyri-iş günləri nəzərə alınmadan təqvim günləri ilə hesablanır. Bir qayda olaraq, əsas və əlavə məzuniyyət günlərinin cəmi illik ödənişli məzuniyyətin ümumi müddətini təşkil edir.

Nümunə 1: İşçinin 30 təqvim günü əsas, 8 təqvim günü əlavə məzuniyyət hüququ var. Bu halda illik ödənişli məzuniyyətin ümumi müddəti 38 təqvim günü olacaq. Əgər, işçinin əvvəlki illərdən istifadə olunmamış məzuniyyət günləri varsa, məzuniyyətin hesablanması məqsədi ilə onlar da cari məzuniyyət dövrünə əlavə edilə bilər.

Əmək məzuniyyəti və onun müddətləri ayrı-ayrı işçi kateqoriyaları üzrə fərqlənə bilər.

Yaradıcılıq məzuniyyətlərinin müddəti 30 gündən 3 ayadək dəyişə bilər. Müddətin tənzimlənməsi Əmək Məcəlləsinin 122-ci maddəsi ilə tənzimlənir.

Ödənişli təhsil məzuniyyətinin müddətləri Məcəllənin 124-cü maddəsi ilə tənzimlənir. Müddətlər haqqında  buradan da məlumat almaq olar.

Sosial məzuniyyətlərin müddəti Əmək Məcəlləsi və yuxarıda qeyd edilən Əsasnamə əsasında müəyyən edilir.

Əmək məzuniyyətinin hesablanması

Məzuniyyətin hesablanması məqsədi ilə müddətlər müəyyən edildikdən sonra orta əməkhaqqını tapmaq zəruridir. Bu zaman əməkhaqqı anlayışına daxil olan Əmək Məcəlləsinin 154-cü maddəsinə uyğun  bütün ödəmələr nəzərə alınır. Hesablamalar zamanı nəzərə alınan və alınmayan ödəmələr  AR NK-nin 137 saylı qərarında  qeyd olunub.

Əmək məzuniyyətinin hesablanması məqsədi ilə orta əməkhaqqı məzuniyyətin başladığı vaxtdan əvvəlki 12 təqvim ayının qazancını 12-yə bölməklə müəyyən edilir. Alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına (30,4) bölünür və bir günlük əməkhaqqı tapılır. Tapılan məbləğ məzuniyyət günlərinin sayına vurmaqla məzuniyyətin hesablanması aparılır:

Məzuniyyət haqqı =  ((əvvəlki 12 ayın gəliri) / 12 ay  / 30,4 əmsalı) x məzuniyyət günlərinin sayı

Əgər məzuniyyətə buraxılan işçinin işlədiyi müddət 12 aydan az olarsa, əməkhaqqının hesablanması üçün onun faktiki işdə olduğu aylar əsas götürülür (ƏM maddə 140.2)

İşçiyə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilən zaman da bu qaydadan istifadə olunur.

Nümunə 2:“ABC” MMC- də çalışan işçi 1 sentyabr 2022-ci ildə işə qəbul olunub. 15 oktyabr 2023-cü il tarixdən, müddəti 25 təqvim günü olmaqla, əmək məzuniyyətindədir. Qismən ödənişli sosial məzuniyyətdə və ya işçinin təşəbbüsü ilə olmayan ödənişsiz məzuniyyət olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işlənilməyən və ya tam işlənilməyən ayları yoxdur.  Onun məzuniyyətdən öncəki 12 ayda gəliri 5000 manat olub. Məzuniyyətin hesablanması belə aparılacaq:
(5000 manat / 12 ay / 30,4 əmsalı) x 25 = 342,65 manat.

 

Nümunə 3: “ABC” MMC- də çalışan işçi 1 aprel 2020-ci il tarixində işə başlayıb. Həmin işçiyə görə çalışdığı ayların hər biri üzrə 500 manat əməkhaqqı hesablanılıb. 22 noyabr 2020-ci il tarixdən 15 günlük məzuniyyətə buraxılır. Əmək məzuniyyəti belə hesablanacaq:
(( 3500 / 7 ay ) / 30,4) x 15 gün = 246,6 manat.

Yaradıcılıq fəaliyyəti üçün məzuniyyətin hesablanması

Məzuniyyətin bu növü doktoranturada (adyunkturada) müvafiq elmi dərəcə almaq üçün təhsilini davam etdirən işçilərə dissertasiya işlərini tamamlamaq, həmçinin dərslik (dərs vəsaiti) yazan müəlliflərə verilə bilər. Məzuniyyət haqqının hesablanması haqqında buradan məlumat almaq mümkündür.

Təhsil məzuniyyətinin hesablanması

Bu halda orta əməkhaqqı məzuniyyətin başladığı vaxtdan əvvəlki 2 təqvim ayında əldə etdiyi əməkhaqqının cəminin həmin aylardakı iş günlərinin sayına bölməklə tapılan bir günlük əməkhaqqının məzuniyyət günlərinin sayına vurmaqla hesablanır.

“2 aydan az işləmiş işçilər üçün orta aylıq əməkhaqqı aşağıdakı qaydada hesablanır: işçinin faktik işlənmiş günlər ərzində qazandığı əməkhaqqını həmin günlərə bölməklə bir günlük əməkhaqqı müəyyən edilir, alınan məbləğ əməkhaqqı saxlanılan iş günlərin sayına vurulur.” (ƏM, maddə 177.3)

 “Hesablanmış bir günlük əməkhaqqı qismən ödənişli sosial məzuniyyətdə və işəgötürənin təşəbbüsü ilə ödənişsiz məzuniyyətdə olması, eləcə də işçinin təqsiri olmadan boşdayanma səbəblərindən işçinin sonuncu bir günlük əmək haqqından az olarsa, sonuncu bir günlük əməkhaqqı tətbiq edilir.” (ƏM, maddə 177.3-1)

Orta əməkhaqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənclər Məcəllənin 157-ci maddəsi, habelə AR NK-nın 126 saylı qərarı ilə müəyyən edilir.

Nümunə 4: Sentyabr ayında Bakıda işə başlayan işçi 15 oktyabr tarixindən Zaqatala rayonunda keçiriləcək sessiyaya görə 30 gün müddətində təhsil məzuniyyətinə çıxmaq istəyir.

Avqust ayında işçinin iş günlərinin sayı 21 gün, əməkhaqqı 400 manat olub. Sentyabr ayında işçinin təqsiri olmadan boşdayanma səbəblərindən iş günlərinin sayı 11 gün, əmək haqqı 300 manat olub.

       Bir günlük əməkhaqqı: (400 + 300) / (21+11) = 21,21 manat

       Sonuncu bir günlük əmək haqqı: 300/11=27,27

Hesablanmış bir günlük işçinin sonuncu bir günlük əməkhaqqından az olduğu üçün, hesablamalar zamanı sonuncu bir günlük əməkhaqqı, yəni 27,27 manat tətbiq ediləcək.

Təhsil məqsədi ilə məzuniyyətin məbləği belə hesablanacaq:

27,27 x 30 gün = 818,10 manat.

Təhsil almaqla əlaqədar verilən ödənişli məzuniyyətlər qiyabi, habelə peşə təhsili müəssisələrində istehsalatdan ayrılmadan təhsil alan işçilər üçün nəzərdə tutulub.

Sosial məzuniyyətlər üçün müavinətin hesablanması

İşçilərin hamiləliyə və doğuşa, habelə uşağın üç yaşı tamam olanadək qulluğa görə sosial məzuniyyətdən istifadə hüququ var. Belə hallarda məzuniyyətin hesablanması qaydaları ilə buradan tanış olmaq olar.

Dövlət müəssisəsində çalışan şəxs sahibkarlıqla məşğul ola bilərmi?