İşçinin məzuniyyətdən geri çağrılması
Bəzi hallarda müəssisə və təşkilatlarda işçilərin məzuniyyətdən geri çağırılması zərurəti yarana bilər. İşçinin məzuniyyətdən geri çağırılması qanunla müəyyən edilmiş prosedurdur, ona görə işəgötürən işçinin razılığı ilə əmək məzuniyyətini vaxtından əvvəl dayandırmaq və onu əmək vəzifələrinin icrasına cəlb etmək hüququna malikdir. Məzuniyyətdə olan işçinin geri çağrılması Əmək Məcəlləsinin 137-ci maddəyə uyğun olaraq tənzimlənir. İşəgötürən tərəfindən məzuniyyətdən geri çağırılma halları aşağıdakı hallarda mümkündür:
- yaranmış qəzanın nəticələrini aradan qaldırmaq məqsədilə;
- təxirə salına bilinməyən işlərin icrasının zəruriliyi yarandıqda.
İşçinin təşəbbüsü ilə məzuniyyətdən geri qayıtma yalnız işəgötürənin razılığına əsasən həyata keçirilə bilər. Bu zaman işçi işəgötürənə ərizə yaxud hər hansı digər yazılı sənədlə müraciət etməli və geri qayıtmanın səbəbini göstərməlidir. İşəgötürən razılıq verdikdən sonra əmr, sərəncam yaxud qərarla rəsmiləşdirilə bilər.
Məzuniyyətdən geri çağrılma qaydası aşağıdakı ardıcıllıqla həyata keçirilir:
- işçinin çalışdığı struktur bölmə rəhbəri müəssisənin direktoruna müraciət edir və onun razılığını alır;
- kadrlar şöbəsi məzuniyyətdə olan işçi ilə əlaqə saxlayıb onu məlumatlandırır;
- işçinin yazılı razılığı alınır;
- məzuniyyətdən geri çağırılma əmri verilir;
- məzuniyyət cədvəlinə dəyişikliklər edilir.
Məzuniyyətin istifadə olunmamış hissəsi işçinin seçimi ilə cari iş ili ərzində onun üçün əlverişli vaxtda verilməli yaxud da növbəti iş ilinin məzuniyyətinə əlavə edilməlidir. Əgər istifadə olunmamış məzuniyyət günləri başqa vaxta keçirilmiş olarsa, məzuniyyət cədvəlində müvafiq dəyişikliklər edilir. Geri çağırılma zamanı məzuniyyətin yenidən hesablanması aparılmalıdır. İşçinin məzuniyyətdən geri çağırıldığı ay üçün əməkhaqqı faktiki işlədiyi günlər üçün hesablanır. Bütün hallarda, gəlir vergisi və sığorta haqlarının yenidən hesablanması tələb olunur. Əgər işçi məzuniyyət üçün pulun qalan hissəsini qaytarmağa yaxud əməkhaqqından tutulmaya razı deyilsə, bu problem yalnız məhkəmə yolu ilə həll edilə bilər.
Məzuniyyətdən geri çağırılma ərizəsi
İşəgötürən işçini məzuniyyətdən geri çağırmaq qərarına gəldikdən sonra bu barədə işçini məlumatlandırmalı və məzuniyyətdən geri çağırılması üçün onun razılığını almalıdır. Sonradan yarana biləcək əmək mübahisələrinin qarşısını almaq məqsədilə bu razılığın yazılı formada alınması tələb olunur. Yazılı ərizənin məcburi forması yoxdur, o, istənilən formada tərtib edilə bilər. Əsas odur ki, ərizədə aşağıdakı məlumatlar qeyd edilsin:
- ərizənin ünvanlandığı şəxs (müəssisə rəhbərinin tam adı, vəzifəsi);
- ərizəni yazan şəxs (işçinin tam adı, vəzifəsi);
- işçinin razılığını ifadə edən mətn;
- işçinin qalan məzuniyyət günlərinə nə vaxt çıxmaq istəməsinin göstəricisi;
- işçinin tam adı və imzası;
- ərizənin tarixi.
Məzuniyyətdən geri çağırılma zamanı ərizə forması
Məzuniyyətdən geri çağırılma əmri
İşçinin razılığı alındıqdan sonra onun məzuniyyətdən geri çağırılması əmrlə rəsmiləşdirilir. Əmrdə işçinin geri çağırılma səbəbi, işə qayıtma tarixi və məzuniyyətin istifadə olunmamış hissəsinin verilmə vaxtı mütləq qeyd olunmalıdır. Əmrin hazırlanması üçün də xüsusi standart forma mövcud deyildir.
Məzuniyyətdən geri çağırılma əmrində aşağıdakı məlumatlar qeyd olunur:
- təşkilatın adı;
- əmrin nömrəsi, hazırlanma tarixi;
- işçinin adı, atasının adı və soyadı;
- işlədiyi struktur bölmə, habelə tutduğu vəzifə;
- məzuniyyətin ləğvetmə səbəbi;
- fasilə verilmiş məzuniyyətin tam adı və tarixi;
- işçinin işə başlama tarixi;
- qalan məzuniyyət günlərinin sayı, nəzərdə tutulan istifadə tarixi;
- işəgötürənin səlahiyyətli nümayəndəsinin imzası;
- işçinin imzası.
Məzuniyyətdən geri çağırılma əmri müəssisə rəhbərinin imzası ilə təsdiqlənir. İşçi əmrlə tanış olmalı və öz razılığını bildirməlidir.
Məzuniyyətdən geri çağırılma üçün əmr forması
