“Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri” barədə Qərarda dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

Mobil cihazAZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R
№ 336
Bakı şəhəri, 31 iyul 2018-ci il
“Fiziki şəxslər tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət
qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri”nin və “Mobil cihazların
qeydiyyata alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri”nin təsdiq edilməsi barədə

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:

  1. “Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (1 nömrəli əlavə).
  2. “Mobil cihazların qeydiyyata alınmasına görə 2018-ci il üçün
    dövlət rüsumunun məbləğləri” təsdiq edilsin (2 nömrəli əlavə).

Azərbaycan Respublikasının
Baş naziri                             Novruz Məmmədov


Mühasibat sahəsində ən son iş elanları və xəbərlərini izləmək üçün linkə daxil olaraq qrupumuza üzv olun.

 

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 31 iyul
tarixli 336 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
1 nömrəli əlavə

Fiziki şəxslər tərəfindən minik avtomobillərinin
özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət
qeydiyyatına alınmasına görə 2018-ci il üçün dövlət
rüsumunun məbləğləri
1. Ümumi müddəalar

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.65.3-1-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində dövlət qeydiyyatına alınmasına (bundan sonra – minik avtomobillərinin dövlət qeydiyyatına alınması) görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

1.2. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumunun məbləğləri minik avtomobillərinin istehsal tarixi və mühərrikinin həcmi nəzərə alınmaqla müəyyən edilir.

1.3. Bu aktın məqsədləri üçün minik avtomobili dedikdə, sürücünün oturacaq yeri də daxil olmaqla, oturacaq yerlərinin sayı doqquzdan çox olmayan avtonəqliyyat vasitəsi nəzərdə tutulur.

1.4. Bu aktda istifadə olunan digər anlayışlar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Dövlət rüsumunun məbləğləri və həmin məbləğlərə tətbiq olunan əmsallar

 2.1. Minik avtomobillərinin dövlət qeydiyyatına alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərdə müəyyən edilir:

Sıra №-si Minik avtomobilinin mühərrikinin həcmi
2.1.1. 2000 kubsantimetrədək mühərrikin həcminin hər kubsantimetrinə görə – 0,05 manat
2.1.2. 3000 kubsantimetrədək 100 manat + mühərrikin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,1 manat
2.1.3. 4000 kubsantimetrədək 200 manat + mühərrikin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,2 manat
2.1.4. 5000 kubsantimetrədək 400 manat + mühərrikin həcminin 4001-5000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə – 0,3 manat
2.1.5. 5000 kubsantimetrdən çox olduqda 1500 manat

 

2.2. Minik avtomobillərinin istehsal tarixindən asılı olaraq, onların dövlət qeydiyyatına alınmasına görə bu aktın

2.1-ci bəndi ilə müəyyən olunan dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir: 2.2.1. istehsal tarixi 4 ilədək olan minik avtomobillərinə – 1,0;

2.2.2. istehsal tarixi 4 ildən 10 ilədək olan minik avtomobillərinə – 0,8;

2.2.3. istehsal tarixi 10 ildən çox olan minik avtomobillərinə – 0,3.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.


Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2018-ci il 31 iyul
tarixli 336 nömrəli qərarı ilə
təsdiq edilmişdir.
2 nömrəli əlavə

Mobil cihazların qeydiyyata alınmasına görə
2018-ci il üçün dövlət rüsumunun məbləğləri
1.Ümumi müddəalar

 

1.1. Bu normativ hüquqi akt (bundan sonra – akt) “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 12 iyun tarixli 1187-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 iyun tarixli 149 nömrəli Fərmanının 1.3.1-ci yarımbəndinin icrası ilə bağlı hazırlanmışdır və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-5-ci maddəsinə uyğun olaraq 2018-ci il üçün satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə hüquqi və fiziki şəxslər tərəfindən idxal olunarkən gömrük rüsumu və əlavə dəyər vergisi tutulmaqla rəsmiləşdirilmiş mobil cihazlar istisna olmaqla, fiziki şəxslər tərəfindən şəxsi istehlakı üçün ölkəyə gətirilən mobil cihazların (bundan sonra – mobil cihaz) qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğlərini müəyyən edir.

1.2. Mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumunun məbləğləri mobil cihazın bazar qiymətinə uyğun müəyyən edilir. Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mobil cihazların bazar qiymətlərini və həmin qiymətlər müəyyən edilərkən istinad olunan onlayn beynəlxalq elektron informasiya sistemi barədə məlumatın öz rəsmi internet saytında yerləşdirilməsini və mütəmadi olaraq yenilənməsini təmin edir.

1.3. Bu aktda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1.mobil cihaz – mobil operatorların ümumi istifadədə olan telekommunikasiya şəbəkələrində mobil (sellülar) xidmət alan (xidmət almağa yararlı olan) telefon aparatı və digər son avadanlıq;

1.3.2.bazar qiyməti – bu aktla müəyyən edilmiş dövlət rüsumunun ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən yeni (istifadə olunmamış) mobil cihazların (yararlılıq vəziyyətindən asılı olmayaraq) marka və modelinə uyğun müəyyən edilən, onun beynəlxalq elektron informasiya sistemində nəzərdə tutulan dəyəri.

1.4. Bu aktda istifadə olunan digər anlayışlar “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş mənaları ifadə edir.

2. Dövlət rüsumunun məbləği

2.1. Foto, videoçəkiliş və internetə çıxış funksiyaları olmayan mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.2. Bu aktın 2.1-ci bəndi mobil cihazın bazar qiyməti 100 ABŞ dollarından çox olmadıqda tətbiq olunur. Bazar qiyməti 100 ABŞ dollarından çox olan bu aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu bu aktın 2.4.2 – 2.4.6-cı yarımbəndlərində nəzərdə tutulmuş qaydada müəyyən edilir.

2.3. Qeydiyyat üçün müraciət olunan tarixə bu aktın 1.2-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəsmi internet saytında marka və modeli, habelə bazar qiyməti yerləşdirilməyən mobil cihazların qeydiyyata alınmasına görə 20 manat dövlət rüsumu ödənilir.

2.4. Bu normativ hüquqi aktın 2.1-ci bəndində qeyd olunan mobil cihazlar istisna olmaqla, digər mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu aşağıdakı məbləğlərin manat ekvivalentində müəyyən edilir:

2.4.1. bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manat;

2.4.2. bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat;

2.4.3. bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına qədər olduqda –60 manat;

2.4.4. bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda –70 manat;

2.4.5. bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat;

2.4.6. bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda – 150 manat.

Qeyd. Bu normativ hüquqi aktda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasnamə”nin 2.6-1-ci bəndinə uyğun edilə bilər.

Mənbə: cabmin.gov.az


Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.
Mühasibat, Audit və Kadr Xidmətləri üçün linkə daxil olun.
Print Friendly, PDF & Email