Sahibkarların mühasib seçərkən etdiyi səhvlər

posted in: Xəbər | 0

Mühasib müəssisənin fəaliyyətində iştirakı olan mühüm şəxslərdən hesab olunur. Maliyyə axını ilə nəticələnə bilən bütün əməliyyatların uçotunu aparan şəxs olduğunu görə, biznesin özü, müəssisənin əməkdaşlıq etdiyi şirkətlər, istehsal prosesində baş verənlər, müəssisənin dövlət qurumları ilə olan münasibətləri və s. bir çox məsələlərdən agah olur. Belə bir önəmli şəxsin vəzifəyə təyin edilməsi proseduru da müəssisə üçün vacib bir hadisə olmalıdır. Ələlxüsus da, söhbət baş mühasib vəzifəsindən gedirsə.

Vergi üzrə mütəxəssis İlqar Əsədov bildirib ki, sahibkarlar səhhət və istirahət mövzularında, eləcə də, ona gəlir gətirən biznesinə mühasib təyinatı mövzusunda simic davranmamalıdırlar. Beləki, sahibkarın bu gün qənaət edərək, ucuz qiymətə tapdığı və mühasibatlığına təyin etdiyi şəxs sabah onun biznesini alt-üst edə bilər və ya onu iri maliyyə, vergi yükünün altına sala bilər. Ona görə də mühasib təyin edilərkən, daha peşəkar olan şəxslərdən təyin edilməli və ya bu cür xidmət qanunun da icazə verdiyi formada kənardan peşəkar komanda tərəfindən alınmalıdır.

Sahibkarlar mühasib təyin edərkən adətən aşağıdakı səhvləri edirlər:

• Vakant mühasibin nəzəri və təcrübi biliklərini hərtərəfli yoxlamırlar.

• Məhz həmin konkret müəssisə üçün bilik və təcrübəyə sahib əməkdaş əvəzinə vergi hesabatını göndərə bilən istənilən şəxsi həmin vəzifəyə təyin edirlər və ya ehtiyac olmayan bir sıra tələblər (dil bililikləri və s.) edirlər.

• Mühasibi vəzifəyə təyin etdikdən sonra audit xidməti almırlar. Halbuki müəssisələrdə vaxtaşırı audit keçirilməsi həm mühasib, həm sahibkar üçün faydalıdır. Təklif edərdim ki, belə hallarda mühasib özü sahibkardan audit keçirilməsini və onu yoxlamasını tələb etsin.

• Mühasibin təkmilləşdirilməsi üçün onu kurslara, təlimlərə, seminarlara göndərmirlər. (bu əmək müqaviləsi üzrə işəgötürən öhdəliyi olmasa da)

Mühasib nə qədər də bilikli və təcrübəli olur olsun, qanunvericilikdə baş verən dəyişiklikləri izləmək və çalışdığı müəssisədəki əməliyyatların tənzimlənməsini mövcud qanunvericiliyə uyğunlaşdırmaq zərurəti həmişə gündəmdə qalacaqdır.

• Mühasibi həddən artıq iş yükü ilə yükləyirlər. Bunun nəticəsində mühasib bir neçə həftə, bir neçə ay əvvəl etdiyi əməliyyatları geri qayıdıb təkrar yoxlamağa vaxt tapmır. Həddən ziyadə iş yükü, ona oxumağa, araşdırmağa vaxt qoymur və müəssisəyə verə biləcəyi tövhələrini qarşısına alır.

• Mühasibə az maaş verməklə onun gözünü başqa müəssisələrə salmaq. Əməkhaqqısından narazı olan mühasib ya daim vakansiyaları izləyəcək və tezliklə sizi tərk edəcək, ya da kənardan görəcəyi bir neçə əlavə mühasib iş götürəcək ki, nəticədə bu onun əsas iş yerindəki əmək fəaliyyətinə öz təsirini göstərmiş olacaq. Tez-tez mühasib dəyişməyi isə heç bir sahibkar sevmir.

Müəssisənin mühasibinin uyğun şəxs olmaması dövlətlə münasibətlərdə də parlaq formada gözə çarpacaqdır. Mühasibatlığın qeyri-peşəkar birinə həvalə edilməsi Dövlət Vergi Xidmətinin də iş yükünün artmasına, minlərlə vergi ödəyiciləri arasında əlavə yazışmalara, görüşlərin keçirilməsinə, digər inzibatçılıq və vergi nəzarəti tədbirlərinin keçirilməsinə səbəb olur.

Mənbə: vergiler.az


Bax: Məzuniyyətdən geri çağırılma zamanı əməkhaqqının hesablanması ilə bağlı nələrə diqqət yetirilməlidir?


Print Friendly, PDF & Email

Leave a Reply

Your email address will not be published. Required fields are marked *