“Mühasibat uçotu haqqında” Qanuna dəyişiklik edildi

posted in: Xəbər | 0
birbank biznes

“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1059-VIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 18 yanvar tarixli 8 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 1, maddə 69 (Cild I) ilə təsdiq edilmiş “Nəzarət markalarının və beynəlxalq standart eyniləşdirmə nömrələrinin verilməsindən əldə olunan vəsaitdən istifadə edilməsi və həmin vəsaitdən istifadə haqqında hesabatın dərc olunması Qaydası”nın 5-ci hissəsində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

2.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 17 yanvar tarixli 15 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 1, maddə 72 (Cild I); Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2024-cü il 13 mart tarixli 150 nömrəli Qərarı) ilə təsdiq edilmiş “Hüquqi nəticə yaradan hərəkətləri dövlətin adından həyata keçirən, Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxsin (statusu Azərbaycan Respublikasının qanunu ilə müəyyən edilən, habelə dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki publik hüquqi şəxslər istisna olmaqla) işlər görülməsindən və xidmət göstərilməsindən əldə etdiyi vəsaitin (o cümlədən tutulan xidmət haqlarının) həmin publik hüquqi şəxsin sərəncamında qalan hissəsindən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

3.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 12 (V kitab), maddə 1598 (Cild I) ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”nın 2.4-cü bəndində “Qanununun 8.1-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

4.  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 13 oktyabr tarixli 309 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 10, maddə 1178 (Cild I); 2024, № 2, maddə 235) ilə təsdiq edilmiş “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və madditexniki bazasının yaxşılaşdırılması məqsədilə həmin Agentliyin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 6.1-ci bəndində “Qanununun 12-1-ci maddəsinə uyğun olaraq” sözləri “Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada” sözləri ilə əvəz edilsin.

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 13 may 2024-cü il

Mənbə: nk.gov.az

İpoteka ilə alınan daşınmaz əmlaka görə ƏDV-nin geri qaytarılması

Print Friendly, PDF & Email