Mühasibat uçotunun təşəkkülü və inkişafı (5-ci hissə)

birbank biznes

Məqalənin 4-cü hissəsində orta əsrlərdə mühasibat uçotunun inkişafından bəhs etmişdik. Bu yazımızda aşağıdakı nüanslara toxunacağıq.

XIII əsrdə Qərbi Avropda kassa əməliyyatları uçotunun xüsusi bir sistemi mövcud idi. Burada ilk növbədə kuri (Müqəddəs taxt-tac və Vatikanın baş administrasiya orqanı) və rahiblər ordenlərinin  təcrübəsini qeyd etmək lazımdır. Onların kassa kitabları sübut edir ki, kitabın birinci hissəsində gəlirlər, ikinci hissəsində isə xərclər göstərilib. Kitablar, pul uçotunun harmonik bir sistemi haqqında fikir yaradırdı.

Hər bir mədaxil qeydi bu məlumatlardan ibarət idi: tarix, məbləğin hərflə yazılışı (səhifənin sağ kənarından isə məbləğin rəqəmlə yazılışı), pulun kimdən daxil olması və ödənişin əsasları. Əgər xarici valyutada da gəlirlər daxil olurdusa, onlar da təsbit edilir və bu valyutanın papa pullarına nisbəti göstərilirdi.  Valyutanın papa pullarına nisbəti sözlə və rəqəmlə yazılırdı. Hər bir ödəniş qeydində aşağıdakı məlumatlar yer alırdı: tarix, sərəncam sənədinə istinad, pul alıcısının kimliyi, məbləğ (daxilolma əməliyyatlarındakı qaydada ), xərclərin məqsədi və ödəniş metodu. Kassa kitabının hər səhifəsinin yuxarısında il qeyd olunurdu. Kitablarda düzəlişlər aşağıdakı qaydada edilirdi. Əgər məsələ məbləğə aid idisə, fərqi ya gəlirlər, ya da xərclər kimi qeyd edirdilər. Yanlış qeydin üstündən xətt çəkilir, yuxarısından isə düzgün mətn yazılırdı. Gəlirlər və xərclər kitabları iki nüsxədə aparılırdı: biri kassirdə, digəri isə mühasibdə qalırdı. Kassa kitablarınının aparılması həvalə edilən şəxslər, buna görə and içirdilər.

Qərbi Avropada, xüsusilə də İngiltərədə XIX əsrin sonlarına kimi birkalar geniş yayılmışdı. Birka taxta lövhəcikdən hazırlanırdı və üzərində müvafiq ödənişi bildirən müəyyən ölçüdə kəsik açılırdı. Onların hazırlanma prosesi aşağıdakı kimi nəticələnirdi: 1000 funt üçün kəsik əlin içi qalınlığında, 100 funt üçün – böyük barmağın eni, 20 funt – balaca barmaq enində, 1 funt üçün – arpa ölçüsündə açılırdı. Birkaların ümumi uzunluğu 12 sm-dən 20 sm-ə qədər olurdu. Mal satılanda lövhəcik uzununa iki yerə bölünürdü, bir hissəsi alıcıda (gəlir orderi), ikinci isə ödəyicidə (qəbz) qalırdı. Bu yolla “xətti qeyd” aparılırdı. Bu üsuldan dəyərlərin təsərrüfatdaxili (maliyyə məsuliyyətli şəxslər arasında) hərəkəti zamanı və qeydiyyatın əks olunması prosesində də geniş istifadə olunurdu.

Birkalardan azad dövriyyədə həm veksel və həm də çeklər kimi, eləcə də borcların qapadılması zamanı pul əvəzinə ödəniş vasitəsi kimi də istifadə olunurdu. Hər hansı bir malı kreditə verən satıcı iki birka üzərində kəsik açırdı və onun birini alıcıya verir, digərini isə özündə saxlayırdı. Borcun qaytarılması zamanı həmin lövhəciklər üzərində “bir-birinə qarşı gələn qeyd-kəsiklər” açılırdı. I Henrixin hakimiyyət illərində (1100-1135) İngiltərədə xəzinə tərəfindən də birkalar buraxılırdı. Onlar parlamentin arxivində yığılıb qalmışdı, yalnız 1834-cü ildə onların yandırılmasına qərar verildi.

Yeni İspaniyada kassa əməliyyatı uçotunun üsulları digər ölkələrdəkindən fərqlənirdi. Pullar üç müxtəlif qıfıl vurulmuş sandıqda saxlanılırdı. Qıfılların açarları kassir, mühasib və vasitəçidə (sandığın açılmasından öncə açarın təqdim olunduğu şəxs) saxlanılırdı. Kassa yalnız bu üç şəxsin iştirakı ilə açılırdı. Orada tarixlər göstərilməklə səhifələri cildlənmiş, qaytanlanmış, kassa kitabı qorunub saxlanılırdı. Kitabın hər vərəqində möhür və imza qoyulurdu. Kitabın birinci hissəsində mədaxil qeydləri, ikincidə isə xərc əməliyyatları yazılırdı. Kitabın surəti mühasibatlıqda aparılırdı və altı aydan bir hər iki kitab yoxlanılırdı.

Mühasibatlığın müasir mənada başlanğıcı iki hesablı mühasibatlığın təşəkkülündən hesablanır. Höte yazırdı ki, iki hesablı qeydlər özlüyündə “insan ağlının ən görkəmli icadlarından biridir”. İki hesablı sistemdə qeydlərə həsr olunmuş ilk əsər və Benedetto Kotrulyi tərəfindən 1458-ci ildə əllə yazılmış və yalnız 1573-cü ildə çap edilmiş “Ticarət və müasir tacirlər barədə” kitab hesab olunur.   İlk çap nəşri isə Leonardo da Vinçinin dostu, fransiskan rahibi, riyaziyyatçı Luki Paçolinin yazdığı “Arifmetik və həndəsi cəm, nisbətlər və münasibətlər elmi haqqında” 1494-cü ildə Venetsiyada çapdan çıxmış kitabı oldu.  Bu kitabın 11-ci traktatı “Hesablar və qeydlər haqda” adlanırdı, orada Luka Paçoli iki hesablı qeydləri nəzəri cəhətdən əsaslandırmış və buna qədər uçotla bağlı mövcud olanları ümumiləşdirmişdi.

Məqalənin növbəti hissəsində Luka Paçolinin fəaliyyətindən bəhs edəcəyik.

Məqalənin 4-cü hissəsini bu linkə daxil olaraq oxuya bilərsiniz.

Ən son mühasibat xəbərlərini qaçırmaq istəmirsinizsə, bu linkə daxil olaraq XƏBƏRLƏRƏ ABUNƏ OLUN.

Print Friendly, PDF & Email