Mümkün xalis satış dəyəri

posted in: Uncategorized | 0
birbank biznes

Ehtiyatların ilkin dəyəri bu ehtiyatlar korlandıqda, tam və ya qismən köhnəldikdə və ya onların satış dəyəri azaldıqda, əvəzləşdirilməyə bilər. Ehtiyatların tamamlanması üzrə ehtimal edilən məsrəflər və ya satışın həyata keçirilməsi üzrə ehtimal edilən məsrəflər artdıqda, onların ilkin dəyəri həmçinin əvəzləşdirilməyə bilər. Ehtiyatların dəyərinin öz ilkin dəyərindən mümkün xalis satış dəyərinədək silinməsi təcrübəsi aktivlərin satışından və ya istifadəsindən əldə edilməsi gözlənilən məbləğdən artıq dəyərlə qiymətləndirilməməsi fikrini əks etdirir.


Adətən, ehtiyatlar mümkün xalis satış dəyərinədək maddəbəmaddə silinir. Buna baxmayaraq, bəzi hallarda bir-biri ilə bağlı və ya oxşar olan obyektləri birləşdirmək məqsədə uyğun sayılır. Belə vəziyyət eyni çeşidli və təyinatlı, bir coğrafi ərazidə istehsal edilmiş və satılan, eyni cür istifadə edilən və təcrübədə eyni çeşidli mallardan ayrı qiymətləndirilməsi mümkün olmayan ehtiyatların maddələri ilə baş verə bilər. Ehtiyatların təsnifatina əsasən (məsələn, hazır məhsulun və ya konkret sahəyə və ya coğrafi seqmentə aid bütün malların) silinməsi məqsədə müvafiq hesab edilmir. Xidmət göstərən müəssisələr məsrəflərini fərqli satış qiymətləri təyin ediləcək konkret xidmətlərə görə ayırırlar. Beləliklə, hər bir belə xidmət növü ayrı maddə kimi nəzərə alınır.


Mümkün xalis satış dəyərinin qiymətləndirilməsi üçün qiymətləndirilmənin aparıldığı tarixdə satılması ehtimal edilən ehtiyatların dəyərinə dair mövcud olan dəlillərdən daha etibarlısına istinad edilir. Bu hesablamalar hesabat dövrünün bitməsindən sonra baş verən hadisələrlə birbaşa bağlı olan, bu hadisələrin hesabat dövrünün sonunda mövcud olan şərtləri təsdiq edən dərəcədə, qiymətin və ya ilkin dəyərin dəyişməsini nəzərə alır.


Xalis satış dəyərinin hesablanması zamanı həmçinin mövcud ehtiyatların təyinatı nəzərə alınır. Məsələn, təsbit edilmiş qiymətlərlə malların satışı və ya xidmətlərin göstərilməsi üzrə müqavilələrin şərtlərinin yerinə yetirilməsi üçün nəzərdə tutulmuş ehtiyatların bu və ya başqa miqdarının mümkün xalis satış dəyəri bu müqavilələrdə göstərilmiş qiymətə əsaslanır. Belə müqavilələr üzrə satışın həcmi mövcud ehtiyatların həcmindən az olduqda, ehtiyatların qalan hissəsinin mümkün xalis satış dəyəri satış qiymətlərinin ümumi səviyyəsinə əsaslanır. Ehtiyatların mövcud qalığından artıq həcmdə malların təsbit edilmiş qiymətlə satılması üzrə müqavilələrin və ya malların təsbit edilmiş qiymətlə alınması üzrə müqavilələrin mövcudluğuna əsasən, qiymətləndirilmiş və ya şərti öhdəliklər yarana bilər. Belə qiymətləndirilmiş və ya şərti öhdəliklər “Qiymətləndirilmiş öhdəliklər, şərti öhdəliklər və şərti aktivlər” adlı 37 №-li MUBS-a uyğun olaraq nəzərə alınırlar.


Ehtiyatların istehsalı üçün nəzərdə tutulmuş xammal və digər materiallar, onların təşkil edəcəyi hazır məhsulun ilkin dəyərinə, və ya ondan artıq qiymətə satılması ehtimal edildikdə, ilkin dəyərindən aşağı olan heç bir dəyərə qədər silinmir. Lakin, xammalın qiymətinin azalması hazır məhsulun ilkin dəyərinin mümkün xalis satış dəyərindən artıq olduğunu göstərdiyi halda, xammal mümkün xalis satış dəyərinədək silinir. Belə hallarda, xammal və materialların əvəz edilməsi üzrə məsrəflər onların mümkün xalis satış dəyərinin mövcud ölçülərindən ən doğrusu hesab edilə bilər.


Hər növbəti hesabat dövründə mümkün xalis satış dəyərinin yenidən qiymətləndirilməsi aparılmalıdır. Əvvəlki dövrlərdə ehtiyatların ilkin dəyərindən aşağı olan hər hansı dəyərə qədər silinməsi hallarını yaratmış səbəblər artıq mövcud olmadıqda və ya iqtisadi vəziyyətin dəyişməsi səbəbindən mümkün xalis satış dəyərinin artmasına dair açıq-aydın dəlil mövcud olduqda, silinmiş məbləğ ehtiyatların yeni balans dəyərini ilkin dəyərdən və yenidən qiymətləndirilmiş mümkün xalis satış dəyərindən daha az olan dəyərə uyğunlaşdırılmaqla qaytarılır. Bu hal, məsələn satış qiymətinin azalması nəticəsində mümkün xalis satış dəyəri ilə ehtiyatlar maddəsində uçota alınmış ehtiyatların növbəti hesabat dövründə hələ də satılmaması və onun satış qiymətinin artması səbəbindən baş verir.

Print Friendly, PDF & Email