Xidməti müqavilə üzrə gəlirlərdən ödəmə mənbəyində vergi tutulması
Xidməti müqavilə mülki-hüquqi müqavilədir, onun predmeti yerinə yetiriləcək işin yaxud xidmətin nəticəsidir. Bu zaman işçiyə staj hesablanmır və əmək kitabçası açılmır.
Xidməti müqavilə əsasında fiziki şəxsə ödənilən məbləğlər onun gəliri sayılır. Hansı halda bu gəlirlərdən ödəmə mənbəyində vergi tutulur?
Hüquqi şəxslər, habelə fərdi sahibkarlar tərəfindən vergi ödəyicisi kimi qeydiyyata düşməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə ödədiyi məbləğlərdən ödəmə mənbəyində vergi tutur. Bu zaman iş və xidmətlərə görə bağlanan mülki-hüquqi müqavilə (xidməti müqavilə) Mülki Məcəllənin tələblərini uyğun olmalıdır. Bu zaman tətbiq olunan dərəcələr Vergi Məcəlləsinin 101.1-ci maddəsi ilə tənzimlənir (VM, maddə 101.1-3).
2023-cü ildə qüvvədə olan Məcəllədə qeyd edilən maddəyə görə vergi dərəcəsinin tətbiqi iki pilləlidir. Belə ki, xidməti müqavilə əsasında ödənilən:
- 2500 manata qədər olan məbləğdən 14% faiz;
- 2500 manatdan çox olan məbləğdən 350 manatın (2500*14%) üzərinə 2500 manatdan artıq olan məbləğin 25%-i gəlməklə ödəmə mənbəyində vergi tutulur.
Hesablamalar zamanı VM-in 102.1.6-cı maddəsi üzrə nəzərdə tutulmuş güzəşt (2023-ci il üzrə 200 manat) nəzərə alınmır.
VÖENİ-i olan fiziki şəxslə Mülki Məcəlləyə uyğun xidməti müqavilə (mülki-hüquqi müqavilə) bağlanarkən, bu müqavilə üzrə onun aldığı məbləğlər ödəmə mənbəyində vergiyə cəlb olunmur.
Xidməti müqavilə üzrə hesablanması ödənişlər üzrə “Ödəmə mənbəyində tutulan vergi bəyannaməsi” hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq bəyan edilir və həmin müddətədək büdcəyə köçürülür.
Muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulması
AR VM-in 101.1-1 maddəsi “muzdlu iş” anlayışını aşağıdakı kimi təyin edir:
Muzdlu iş – əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə «əməkhaqqı» adlandırılır.
Muzdlu işlə əlaqədar alınan əməkhaqqı, hər hansı ödəmə yaxud fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlir fiziki şəxsi üçün muzdlu işlə əlaqədar gəlir hesab olunur.
İş yerində işəgötürən tərəfində fiziki şəxsin muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulur. Əmək müqaviləsi ilə çalışan fiziki şəxslərin gəlir vergisi dərəcəsi Məcəllənin 101.1 maddəsi ilə müəyyən edilir və xidməti müqavilə üzrə gəlirlərdən ödəmə mənbəyində vergi tutularkən tətbiq olunan dərəcələrlə eynidir.
|
Vergi tutulan aylıq gəlirin məbləği |
Verginin məbləği |
|
2500 manatadək |
14 faiz |
|
2500 manatdan çox olduqda |
350 manat + 2500 manatdan çox olan məbləğin 25 faizi |
Muzdlu işlə əlaqədar gəlirlərdən ödəmə mənbəyində vergi tutulması zamanı nəzərə almaq lazımdır ki, bəzi kateqoriya işçilərə güzəştli dərəcələr tətbiq olunur. Belə işçilərə aşağıdakılar aiddir:
- neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslər (VM, maddə 101.1-1);
- texnologiyalar parkının rezidenti kimi texnologiyalar parkından kənar fəaliyyət göstərən müəyyən kateqoriya işçilər (VM 101.7).
Həmçinin, hesablamalar zamanı, VM-in 102.1.6-cı maddəsi üzrə nəzərdə tutulmuş güzəşt də (2023-ci il üzrə 200 manat) tətbiq edilir. Muzdlu işlə əlaqədar ödəmə mənbəyində vergi tutulması zamanı Məcəllədə nəzərdə tutulmuş digər azadolmalar və güzəştlər də nəzərə alınmalıdır.
Muzdla işləyən fiziki şəxs olaraq əgər siz iki və daha artıq yerdə işləyirsinizsə, gəlirdən ödəmə mənbəyində vergi tutulması hər işə görə ayrı-ayrılıqda aparılaraq dövlət büdcəsinə ödəniləcək.
